Ermənilər hədələdi: Noldu, Solovyov, sev də erməniləri…

Ermənilər hədələdi: Noldu, Solovyov, sev də erməniləri…

Şuşa yaxınlığındakı posta qumbara ataraq qaçan və qısa müddətdən sonra ələ keçirilərək, Xankəndidəki qondarma quruma heç bir hüquqi-siyasi-psixoloji əsası olmadan verilən Norayr Mirzoyan Ermənistanda sürətlə qəhrəmanlaşdırılır.

Onun qəhrəmanlaşdırılmasında media və siyasətçilər də aktiv iştirak edirlər.

Erməni siyasi şərhçi Qalust Qriqoryan yazır: “Allah eləməsin Rusiyada qərar qəbul edənlərdən kimsə Norayr Mirzoyanın Azərbaycana təhvil verilməsini tələb etmək fikrinə düşsün. Heç kim buna icazə verməyəcək, çünki qəhrəman qəhrəmanlıqla qorunmalıdır”.

Qriqoryan “qəhrəman” adlandırdığı Norayr Mirzoyana görə hələ ruslara hədə-qorxu da gəlir: “Ruslara xatırlatmalıyıq ki, onların hərbi bazası Gümrüdədir, səfiri və diplomatları isə ölümsüz deyil”.

Analoji hədə-qorxunu Sasna Çrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan da səsləndirmişdi. O demişdi ki, əgər N.Mirzoyan Azərbaycana təhvil verilsə, Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

V.Avagyan Teleqram kanalında açıq terror çağırışı etmişdi: “Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

“Norayr Mirzoyan əsl qəhrəmandır, əsl kişidir” – bu ifadələr isə “İA Realist” saytında tirajlanıb.

Ümumilikdə həm sosial şəbəkələrdə, həm də mediada ermənilərin Norayrı qəhrəmanlaşdırma cəhdləri təsadüf deyil. Terrorçu, qatil və faşistlərin bu ölkədə qəhrəmanlaşdırılması ənənəsi var. Qaregin Njdeyə abidə qoyan ermənilərdən və Ermənistan hakimiyyətindən başqa nə gözləmək olardı ki?

Dünyada ən təhlükəli terror təşkilatları yaradan və terrorizmin yayılmasında müstəsna rol oynayanların önündə gedib ermənilər. Hələ 1893-cü ildə ermənilər terrorizmi məqsəd seçmiş və bu istiqamətdə təşkilatlanmışdılar. Bu terror təşkilatına maliyyə dəstəyi verməyən ermənilərin özü belə terror qurbanına çevrilirdi.

Türk diplomatlarına, Azərbaycan Cümhiriyyət xadimlərinə qarşı terrorları yada salın! ASALA-nı xatırlayın, Livandakı erməni terror mərkəzlərini göz önünə gətirin!

Xəyanət, satqınlıq, terror, arxadan zərbə vurmaq bu xalqın canında-qanındadır və bu baxımdan N.Mirzoyana sabah heykəl də qoya bilərlər.

Məsələ bu terror çağırışlarına Ermənistan hüquq-mühafizə orqanlarının deyil, Rusiyanın və rus mediasının, siyasilərinin səssizliyidir. Ermənistanda hətta Qaregin Njdeyə heykəl qoyulanda da rus ziyalılarının böyük əksəriyyəti (insafən, cəsarətlə buna qarşı çıxan rus ziyalıları da var və bunu alqışlayırıq) susmağa üstünlük verdi və məhz ruslara, Rusiyaya xəyanət edən bu şəxsin heykəli az sonra Rusiyada da peyda oldu.

Rusiya hədələnir, rus diplomatlar hədəf göstərilir – birilərindən səs çıxmır. Biriləri kimdir? Məsələn, hər addımda bir bəhanə tapıb, azərbaycanlıları aşağılayan Solovyov! Az öncə Köçəryanın təşkil etdiyi mitinqdə Rusiyaya qarşı çıxış edən şəxsi tənqid edən və pafoslu çıxışına “mən erməniləri sevirəm” sözləri ilə başlayan rusiyalı məşhur aparıcı Dmitri Solovyov…

Solovyovun (olsun, Zatulinin, Jirinovskinin – mahiyyətcə, heç bir fərqləri yoxdur) bitməyən bir sevgi ilə bəslədikləri və bütün ayıblarında yanlarında olduqları ermənilər Rusiyanı, rus diplomatları, rus hərbçilərini hədələyir. Və bu hədələyənlər erməni siyasilərdir, jurnalistlərdir, sosial şəbəkə istifadəçiləridir və deməli, ermənilərin böyük əksəriyyətidir.

Mitinqdə Rusiyanın əleyhinə bir şəxsin danışığını minlərlə adam alqışlamışdı, ancaq Solovyov “mən başa düşürəm ki, onlar azlıqda olan bir qrupdur” sözləri ilə “bütün ermənilərin heç də bu cür düşünmədiyinə” işarə etmişdi. Ancaq indi terrorçuya görə Rusiya diplomatları, hərbçiləri terrorla hədələnir və onminlərlə erməni dəstəkləyirsə, onda Solovyov “əlbəttə ki, onlar azlıqdadır” ifadəsinə daha sığına bilməz ki!

Məşhur ifadəni adamın Solovyova ünvanlamağı gəlir: Nooldu, Solovyov, bəs, erməniləri sevirdin? Dillən, erməni hədələrini Köçəryanın mitinqində çıxış edən siyasətçi misalında olduğu kimi, ver efirə və ermənilərə sevgini göstər də… Niyə dillənmirsən? Qorxursan ki, ermənilər sənə də terror edərlər?..

Fatimə Zülfüqar

Share: