İlk dəfədir ki, erməni təxribatına qarşı soydaşlarımız ən qısa müddətdə 25 ölkədə 56 aksiya keçirə və bu hərbi cinayəti dünyaya mütəşəkkil qaydada çatdıra bildilər.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov azərbaycanlıların erməni təcavüzünə qarşı dünyanın müxtəlif yerlərində keçirdikləri aksiya və xaricdəki ermənilərin aksiya iştirakçılarına qarşı vandal hücumu ilə bağlı danışarkən deyib.
M.Həsənov bildirib ki, əslində baş verənlər bütün dünyada ermənilərin iç üzünü açan fakta çevrilməkdədir:
“Tovuzda baş verən erməni təxribatına qarşı soydaşlarımızın xaricdə keçirdiyi aksiyaya ermənilərin vandal hücumu nəticəsində 40 soydaşımız xəsarət alıb və yaralanıb. Bu, bütün dünyaya ermənilərin necə aqressiv, qanunları tanımayan, azərbaycanlıları hər yerdə qətlə yetirməyə çalışan ünsürlər olduğunu bir daha göstərdi. Həm də təsdiqləndi ki, bu, dünyanın müxtəlif ölkələrdə dəhşətli teraktlar həyata keçirən həmən erməni xislətidir. Yəqin dünya ASALA-nın teraktlarını unutmayıb. 22 ölkədə 230-dan çox terakt həyata keçirən bu terror təşkilatı ermənilərin adı ilə bağlıdır. Ermənilərin necə aqressor, bəşəri dəyərlərə yad olduğu bir daha üzə çıxdı”.
M.Həsənov bildirib ki, ermənilərin bu qədər aqressivləşməsinə səbəbləri var:
“Əvvəla, artıq bizə bəllidir ki, Tovuz təxribatını həyata keçirmək üçün ermənilər aylarla hazırlıq görmüşdülər. Onların həm hərbi-siyasi rəhbərliyi, həm də diaspor təşkilatları 12 iyul təxribatının icrasına hazırlaşmışdılar. Təxribat baş verən anda Azərbaycan Ordusunun qətiyyəti və qəhrəmanlığı ilə ermənilərin planı darmadağın edildi, Ordumuz yüksəkliklərdə bərkidi və ermənilərin təmas xəttinin dərinliklərində yerləşən mövqelərinə ağır zərbələr endirildi. düşmən ağır canlı və texnika itkisi verərək, atəşkəs üçün yalvarmağa başladı.
Hərbi sahədə Ordumuzun əldə etdiyi uğur siyasi istiqamətdə də davam etdirildi. Prezident İlham Əliyevin olduqca çoxşaxəli uğurlu xarici siyasətinin nəticəsində Azərbaycanı Tovuz hadisələrinə görə dünyanın onlarla ölkəsi, bütün beynəlxalq qurumlar açıq mətnlə müdafiə etdilər və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bildirdilər. Əvəzində isə erməniləri hətta hərbi müttəfiqləri olan KTMT belə müdafiə etmədi, Rusiya bir dəfə də olsun, açıq mətnlə İrəvanı dəstəkləmədi.
Nəhayət, üçüncü cəbhədə – diaspor və dəstək aksiyalarında ermənilər güman edirdilər ki, uzun müddət hazırlaşdıqlarından, daha çox ölkədə təbliğat apara biləcəklər və öz yalanlarını yaya biləcəklər. Əvəzində isə qısa müddətdə təşkilatlanan Azərbaycan diasporları yaşadıqları ölkələrdə kütləvi aksiyalarla erməniləri qabaqladılar və erməni yalanlarının ayaq açmasına imkan vermədilər. Başqa sözlə desək, bu istiqamətdəki savaşda da ermənilər heç bir uğur əldə edə bilmədilər, baxmayaraq ki, qeyd etdiyim kimi, buna aylarla hazırlaşmışdılar.
Cəbhədə məğlub olan, dünya ölkələrindən bircə dəstək də görməyən ermənilərin xaricdəki aksiyalarda da uğur qazana bilməmələri onları aqressivləşdirdi. Bəlkə də yaxın tariximizdə ilk dəfədir ki, Azərbaycan diaspor təşkilatları ermənilərdən daha mütəşəkkil və çoxşaxəli fəaliyyət göstərdi. Ermənilər bunu gözləmirdi və buna görə də dərhal terrora əl atdılar, soydaşlarımıza hücum etdilər və vəhşiliklər törətdilər”.
M.Həsənov qeyd edib ki, indi artıq hüquqi müstəvidə savaş başlayıb:
“O aksiyalarda aqressiya göstərən, hücum edən və soydaşlarımızı yaralayanlara qarşı artıq hüquqi müstəvidə fəaliyyət başlayıb, ermənilərdən həbs edilənlər də var. Hesab edirəm ki, bu prosesi də xarici ölkədəki səfirliklərimiz və diaspor nümayəndələrimiz müvəffəqiyyətlə başa vuracaq və ermənilər haqlı cəzalarını almaqla yanaşı, onların əsl sifətlərini bir daha ifşa edə biləcəyik”.
Müstəqil.Az