Rusiya mətbuatı dünyaya həqiqətə uyğun olmayan və istər Rusiyada, istərsə də dünyada çaşqınlıq yaradan, qərəzli məlumatların dərcini davam edir.
Növbəti “fake news” isə “Komsomolskaya Pravda” nəşrində dərc edilib. Belə ki, məqalədə qeyd edilib ki, guya Azərbaycan Ordusu humanitar atəşkəs rejimini pozaraq Xankəndinə raket zərbələri endirib və nəticədə şəhərdə xeyli dağıntılar yaranıb.
Lakin nəşrin istifadə etdiyi foto və videolar işğalçı Ermənistan silahlı birləşmələrinin oktyabrın 11-i gecə saatlarında Gəncə şəhərinə atılan raket zərbələrindən sonra yaranan dəhşətli görüntüləri əks etdirir.
Məqalədə istifadə edilən digər fotoların “Reuters” informasiya agentliyindən əldə edildiyi qeyd olunub. Lakin həmin fotoları yayımlayan “Komsomolskaya Pravda” fotoşəkillərdə də günahı Azərbaycanda görür. Açıqlamalarda qeyd edilir ki, həmin fotoşəkillər Xankəndinə atılan raket zərbələrindən sonra yaranmış dağıntılar zamanı çəkilib və xüsusən iddia edilib ki, fotolar Xankəndində çəkilib. Dağıntılar altında isə onlarla erməni qalıb.
Ancaq görünən odur ki, nəşr bir məqama diqqət yetirməyib. Çünki fotolarda Azərbaycan FHN-nin xilasediciləri diqqət çəkir. Onların geyimlərindəki üçrəngli Azərbaycan bayrağı isə yəqin ki, nəşrin multimedia redaktorlarının diqqətindən yayınıb.
Dünya ictimaiyyəti Rusiyanın ermənipərəst media qurumlarının xislətini çoxdan bilir. Bəzi televiziya kanallarının, internet xəbər saytlarının və qəzetlərin rəhbər şəxsləri məhz ermənilər olduğu sirr deyil. Belə olan halda, heç şübhəsiz onlardan obyektiv jurnalistika, qərəzsiz xəbərçilik gözləmək də doğru olmaz.
Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “Russia Today” informasiya agentliyi, eyni zamanda bir sıra media qurumlarının rəhbər postlarında məhz ermənilər və ya rus və digər müxtəlif ölkələrin soyadlarına bürünmüş erməni əsilli şəxslər dayanır.
Belə olduqda, Ermənistan diqtəsi ilə fəaliyyət göstərən Rusiya mediası təbii olaraq həm erməni millətini, həm də Rusiya xalqını yalan və heç bir həqiqi əsasları olmayan, saxta və dezinformasiya xarakterli xəbərlərlə aldatmağa davam edir və edəcək. Bu da öz növbəsində dünya ictimaiyyətinə yalan məlumat çatdırmaqla yanaşı, beynəlxalq jurnalistika prinsiplərinə ziddiyyət təşkil edir.(Qafqazinfo)