Ermənistan beş rayonu qaytarmağa hazırdır, amma qorxur

“Bu gün elə vəziyyət yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafında bir neçə rayonu Azərbaycana qaytarmağa hazırdır”.

Bu barədə “Moskva-Baku” portalının əməkdaşına Rusiyanın millətçi-vətənpərvər güclərinin liderlərindən biri, yazıçı Aleksandr Proxanov bildirib.

Onun sözlərindən belə çıxıb ki, bu məsələdə aprel döyüşlərinin böyük rolu olub: “2016-cı ildə baş vermiş aprel hadisələri zamanı Azərbaycan ərazilərin bir hissəsiningeri qaytarmağı bacardı və strateji yüksəklik Lələ-təpəni ələ keçirdi”.

Yəni rus yazarı vurğulayır ki, ermənilər Azərbaycan ordusunun gücləndiyini görüb müharibə variantından qaçmağa çalışır. Amma ordumuzun güclənməsi həm də erməniləri həmin rayonları qaytarmaqdan çəkindirir.

“Ermənistanda qorxurlar ki, bu rayonları qaytarandan sonra hərbi status-kvo pozulacaq və Azərbaycan geyi qaytarılmış ərazilərdə hərbi obyektlər yaradacaq”,- deyə Aleksandr Proxanov vurğulayıb.

Əslində, Aleksandr Proxanovun dedikləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı hazır olan variantın bir komponentidir və 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın mövqeyində müşahidə olunan kəskin yumşalmadan xəbər verir. Aprel döyüşlərindən əvvəl Ermənistan rəhbərləri, o cümlədən Serc Sarkisyan İrəvanda çıxış eldərkən Dağlıq Qarabağ məsələsini artıq həll etdiklərini deyirdi və indiki gənclərin Qərbi Ermənistan məsələsini, yəni Türkiyənin Qars, Ərdahan, Van, Ağrı və Muş vilayətlərin işğal etməli olduğunu söyləyirdi. Lakin o, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ ətrafında rayonları gec-tez qaytarmalı olduqlarını vurğulamağa başladı.

Sadəcə, Ermənistan bunu müharibəsiz və özü də Madrid prinsiplərinin Ermənistan üçün əlverişli olan variantının çərçivəsində gerçəkləşdirməyə çalışır. Madrid prinsiplərinə görə, əvvəl Dağlıq Qarabağ ətrafındakı 5 rayon Azərbaycanın nəzarətinə verilir. Sonra Ermənistan ordusu Kəlbəcəri və Laçın rayonunun əsas hissəsini tərk edir. Qaçqınlar geri qaytarılır. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilir. Ermənistan referendumun dərhl keçirilməsini, ATƏT-in Minsk qrupunun həmsədrləri qaçqınların geri qaytarılmasından 5 il sonra, Azərbaycan isə 20 sonra keçirilməsinin tərəfdarıdır.

Təbii ki, Ermənistanın təklifi keçərsə, regionda Azərbaycana nifrət ruhunda tərbiyə edilmiş erməni əhali Qarabağın Azərbaycandan ayrılmasına səs verəcək. Yox əgər Azərbaycanın təklifi keçərsə, bölgəyə qaytarılmış azərbaycanlılar, həmçinin Azərbaycanın həyata keçirəcəyi layihələrdə qatılaraq rifahı yaxşılaşmış ermənilərin də xeyli hissəsi Qarabağın Azərbaycan tərkibində yüksək status əldə etməsinə səs verə bilər. Müharibədəki talanlar sayəsində var-dövlət toplayaraq Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanını da məhz bu narahat edir.

Bəzi rus ekspertlərin Lavrov planı adlandırdıqları variant da Azərbaycanın istəyinə uyğun gəlir, çünki bu varinata görə, Qarabağın statusu barədə referendumun keçirilməsi qeyri-müəyyən tarixə qədər təxirə salınır. Sadəcə, Rusiya bu planın həyata keçirilməsi üçün Azərbaycanın qarşısına Avrasiya İttifaqına və KTMT-yə girmək, Rusiya ordusunu sülhməramlı adı ilə Qarabağ buraxmaq kimi şərtlər qoyur ki, bu, Azərbaycanın öz müstəqilliyini itirməsi deməkdir. Buna görə, Azərbaycan Ermənistanı daha da yumşaldacaq və Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanın şərtlərinə razı salacaq bir addım atmalıdır – uğur səviyyəsinə görə aprel döyüşlərini geridə qoyacaq bir addım atmalıdır və Qarabağda qat-qat çox strateci nöqtələri tutub, qat-qat artıq əraziləri işğaldan azad etməlidir. Bunun üçünsə, hərbi gücümüz ildən ilə sürətlə artmalıdır.

Share: