Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai televiziyaya verdiyi müsahibədə Türkiyə ilə münasibətlər barədə dedikləri səs-küyə səbəb olub.
Müstəqil.Az xəbər verir ki, aparıcı Qriqoryandan soruşub: “Türkiyə daha Ermənistana düşmən dövlət deyil?”
A.Qriqoryan bu suala birmənalı cavab verməyib, amma deyib ki, əgər söhbət regionda kommunikasiyaların açılmasından gedirsə Yerevanın yanaşmasında da “müəyyən korrektələr” edilməlidir. “Və biz bu istiqamətdə işləyirik”,-o əlavə edib.
Ermənistanın Qarabağ müharibəsindən əvvəl hazırlanan və təsdiqlənən milli təhlükəsizlik konsepsiyasına əsasən Türkiyə düşmən dövlətlər sırasında idi. A.Qriqoryana görə hazırda Türkiyədən heç bir təhdidin olmadığını demək düzgün olmazdı, amma regiondakı ümumi proseslər başqa imkanlar da açır.
“Biz hesab edirik ki, kommunikasiyaların açılması təkcə Azərbaycanla baş verməli deyil, daha geniş yanaşma lazımdır. Hesab edirik ki, bunun üçün imkanlar var”,-o o bildirib.
Armen Qriqoryanın bu açıqlamaları müxalifət çevrələrində və millətçi dairələrdə, o cümlədən daşnaklarda hiddətlə qarşılanıb. Qriqoryanı və onun təmsil olunduğu komandanı söyüş, nifrət atəşinə tutublar.
Amerikanşünas Suren Sərkisyan deyib ki, aprelin 24-nə bir ay qalmış Türkiyəyə tərəf bu reveranslardan təəcüblənir. “Ola bilsin hansısa Türkiyə-Ermənistan gizli prosesi var, aprelin 24-ü və prezident Baydenin soyqırımı tanıya biləcəyinə dair müsbət siqnallar göndərdiyi bir vaxtda. Bunu necə başa düşək?”,-ekspert bildirib.
“Daşnaksütun” partiyasının üzvü Geqam Manukyan isə deyib ki, Paşinyan və onun komandası “öz ailələrini türklərin yatağına çəkir”. “Onların ailələri cəhənnəmə! Lakin onlar bizimlə də eyni şeyi etmək istəyirlər. Ona görə də ölkəni “türk sapoqundan” azad etmək üçün hamı mitinqə çıxmalıdır. Kim gəlməsə türkü öz yataq otağının qapısı ağzında görəcək”,-o bildirib.
Respublika partiyasından keçmiş deputat Miqran Akopyan isə “türk Nikol və onun satqın komandasının” artıq Türkiyə və Azərbaycanla münasibətlərdə korrektələr etdiyini bildirib. “Kapitulyant əclaflar, bu sözləri “Yerablurda”, Qarabağda ölən minlərlə əsgərin məzarı qarşısında da deyə bilərsiz?”,-o yazıb.
Qeyd edək ki, Türkiyə Qarabağ müharibəsindən və 10 noyabr üçtərəfli razılaşmasından sonra Ermənistanla sərhədlərin açıla biləcəyinə dair müsbət siqnallar göndərib. Lakin Ankara aydın şəkildə bildirib ki, bunun üçün Yerevan öz siyasətini dəyişməli, sülhə yönəlmiş addımlar atmalı və təbii ki, Türkiyəyə qarşı saxta iddialarından əl çəkməlidir.
Müstəqil.Az