Ermənistan heyəti Qars bələdiyyəsində qəbul edildi, etirazlar başladı – VİDEO/FOTOLAR

Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilməsi azərbaycanlı diasporunun güclü etirazlarına səbəb olub.

Müstəqil.az Virtualaz.org-a istinadən xəbər verir ki, Qarsda təhsil alan azərbaycanlı tələbələr, Əsassız Erməni İddilarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) erməni heyətinin qəbul edilməsinə etiraz bildiriblər.

Türkiyə mənbələrinin xəbərinə görə heyətə Zakaryanla yanaşı YerevanDövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri daxil olub. İşxan Zakaryan Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri və hökumət yanında mədəniyyət, turizm və idman komitəsinin rəhbəri olub, “Çiçəklənən Ermənistan” partiyasının üzvüdür. Hərçənd türk mənbələri onu mədəniyyət, turizm və idman komitəsinin indiki rəhbəri kimi təqdim edir.

Erməni heyətinin səfərinə etiraz olaraq Qarsdakı Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər. Universitetin tələbəsi Nihal Məmmədov tələbələr adından danışaraq bildirib ki, erməni heyətinin iyunun 6-də Qars bələdiyyəsində qəbul edilməsindən məyus olublar. Çünki ermənilər Dağlıq Qarabağda soyqırım törədiblər, Azərbaycan ərazilərini işğal altında saxlayırlar.

“Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədiblər, hamilə qadınların qarınlarını yarıblar, işgəncə veriblər. Biz bunları unutmadıq, unutmayacağıq. Ermənilərin Qarabağda qətlə yetirdikləri dinc əhali arasında kürdlər də var. Biz bu səfəri qəbuledilməz sayırıq”-çıxışda deyilib.

TADEF başqanı Ercüment Daşdelen isə yaydığı yazılı bəyanatda bildirib ki, erməni heyətinin Qarsın yeni seçilmiş bələdiyyə başqanı tərəfindən qəbul edilməsi ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı etdiyi zülmlərin, qətliamların qurbanların xatirələrinə hörmətsizlikdir, cəmi 29.5 faiz səslə seçilmiş bələdiyyə başqanı tərəfindən qalan 70 faizin mənəvi duyğularına təcavüzdür.


TADEF başqanı Daşdelen

ASİMDER başqanı Göksül Gülbey də erməni heyətinin Qarsa səfərini kəskin pisləyib. Bu səfərin Fransadakı erməni diasporunun Türkiyənin İğdır, Qars, Van bölgələrini “Qərbi Ermənistan” elan edərək hətta saxta “dövlətin” pasportunu paylamağa başlamasındna cəmi bir neçə ay sonraya təsadüf etdiyini bildirib. Gülbey qeyd edib ki, Ermənistan heyəti ilə yanaşı bu ölkədən 8 avtobus erməni turist də Qarsa gətirilib, onlar sosial şəbəkələrdə fotolar paylaşaraq “Qərbi Ermənistana xoş gəldiniz” sözlərini yazıblar.

Xatırladaq ki, martın 31-də keçirilmiş yerli seçkilərdə kürdlərin partiyası HDP-nin namizədi Syhan Bilgen 29.5 faiz səslə Qarsın bələdiyyə başqanı seçilib. HDP PKK-nın siyasi uzantısı hesab olunur və Azərbaycan, İranla sərhəddə yerləşən Qarsda kürd namizədin qalib gəlməsi həm Bakıda, həm Ankarada narahatlıq doğuran hadisə sayılır. Çünki son vaxtlar PKK-nın İran qolu PJAK fəallaşıb və Qars, İğdır üzərindən Türkiyəyə sızır. Türkiyə mənbələrinin məlumatına görə Ermənistan xüsusi xidmət orqanları da İranın Türkiyə ilə sərhəd kürd kəndlərində fəallaşıblar və PJAK terrorçularına silah-sursat verirlər.

Share: