Prezident tamamilə haqlıdır, biz imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Vazgen Manukyan, Robert Köçəryan, Serj Sarkisyan kimi müasir erməni faşizminin baniləri, “Miatsum” planının ideya müəllifləri artıq dərk etməlidirlər ki, indi 1988-ci il deyil.
Onlar dərk etməlidirlər ki, Prezident İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı çıxış edərkən səsləndirdiyi fikirlər həm onlara, həm də Ermənistanın bütün revanşist qüvvələrinə ünvanlanmış açıq xəbərdarlıqdır: “Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik”.
İndi Ermənistanda hər kəs dövlət başçımızın bu xəbərdarlıq ismarıcını ciddi şəkildə götür-qoy etməlidir. Vazgen Manukyan kimi qoca “qırğı”lar başa düşməlidirlər ki, xalqı meydanlara səsləmək, Azadlıq meydanında xalqla kütləvi görüşə cəhd göstərmək heç də ağıllı və rasional hərəkət deyil. Bu cür revanşist cəhdlər Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Onlar unutmamalıdırlar ki, biz bir dəfə Ermənistan ordusunu tamamilə darmadağın etmişiksə, bu dəfə “Dəmir yumruğ”umuzun zərbəsi nəticəsində artıq Ermənistan dövləti tamamilə məhv olacaq.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına son səfərindəki çıxışında 44 günlük müharibənin nəticələrini bir daha bütün ermənilərin diqqətinə çatdırdı: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın”.
Dövlət başçımızın bu fikirlərini heç bir erməni siyasətçisi inkar edə bilməz. Çünki İlham Əliyev real həqiqətləri açıqlayır. Bəzi faktları erməni liderləri özləri də etiraf etməli olurlar. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-da parlamentdə çıxışı zamanı 10 min fərarinin olduğunu həqiqətən də etiraf etmişdi. Ermənistan hökuməti Qarabağda verdiyi itkilərin rəsmi sayını açıqlamasa da, amma istər hərbi dairələr, istərsə də ölkə müxalifəti 44 günlük döyüşlər zamanı 6 min hərbçinin öldüyünü, 10 mindən çoxunun isə yaralandığını bildirir. Bütün bu real faktlar, həqiqətlər ortada ikən, Qarabağla bağlı üçtərəfli razılaşmaya görə Nikol Paşinyan hakimiyyətini kəskin tənqid edən və revanşist açıqlamalar verən Ermənistan müxalifətinin baş nazir postuna vahid namizəd Vazgen Manukyanın başçılığı altında fasiləsiz aksiyalar keçirməsi “absurd teatrı”ndan başqa bir şey deyil.
Əgər Ermənistan müxalifəti Azərbaycan Prezidentinin bu son ismarıcından da düzgün nəticə çıxarmasa, onların revanşizmi bütövlükdə erməni xalqı üçün tarixin sonunu gəətirəcək. Erməni siyasətçiləri unutmamalıdırlar ki, müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruğ”u bundan sonra “Damokl qılıncı” kimi daim Ermənistanın başı üzərində olacaq. Odur ki, Ermənistanın hakim və müxalifət dairələri həqiqətən də iddia etdikləri kimi vətənpərvərdirlərsə, o zaman 10 noyabr razılaşmasının bütün şərtlərinə qeydsiz-şərtsiz əməl etməyə çalışsınlar. Çünki bu Ermənistanın yeganə çıxış yoludur, xilas vasitəsidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri