Ermənistanla nə etməli?
Vurnuxmada olan – özünə yeni ağa axtaran məğlub Ermənistan Avropa missiyasının gəlişindən sonra özünə nəinki çəki-düzən verir, tam tərsinə daha da azğınlaşmaq, ciddi təxribatlara əl atmaq yolu tutub. Növbəti təxribat üçün seçdikləri günə baxın: Azərbaycanın milli bayramı Novruz günü! Öncəki illərdə, əsasən işğal illərində də məhz bizimçün özəl, əlamətdar günlərdə bizə baş ağrısı olmağa çalışan Ermənistanın, dünya erməniliyinin və onların havadarlarının iç üzü, üzsüzlüyü bizimçün bilinməyən bir olay deyil. Ermənilərin xislətini bəlkə ermənilərin özündən də ötə bilirik. Tanrı günaha yazmasın, az qala hamımız ermənişünas olmuşuq. Bizim onların adının yanıbaşında etibarsızlığın, yalanın, riyanın bir sözlə, bütün bəd əməllərin dayandığına əminliyimiz özümüzdən deyil, ermənilərin aramsız yaramazlıqlarından qaynaqlanır.
Yaxşı, enində-sonunda müharibə oldu – olacaqlar oldu və hamı gördü ki, Azərbaycan dövləti, xalqı işğalla qətiyyən barışmadı və bu barışmazlığını tarixi Zəfərlə süslədi. Bəs Ermənistan, dünya erməniliyi və havadarları nə ilə barışmır, nəyə razı olmur? – Belə çıxır ki, “Azərbaycan illa torpaqlarını Ermənistana verməlidir”, “Azərbaycan 44 günlük müharibənin nəticəsində yaranmış reallıqlardan geri durmalıdır”. – Bax, belə sərsəm fikirlərdə şiniyib durublar. “İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”. – Bu prinsipial mövqeni Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Talış kəndinə ilk qayıdış günü Novruz bayramı ilə bağlı xalqa müraciət edərkən bildirdi.
Ermənistan sanki AB missiyasından güc alaraq, özünü növbəti təxribatlara hazır sayır və belə təxribatlar üçün ən uyğun vaxtı seçdiyini düşünür. Bu isə düşüncə yox, düşüncəsizlikdir. Zəngilanda öz qanunauyğun xidmətini yerinə yetirən Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən yeni erməni təxribatı normal ağlın məhsulu deyil. Lakin bu cümlə onu ifadə etmir ki, guya bu, hansısa erməni hərbçisinin özfəaliyyətdir yaxud Ermənistan hakimiyyətindəki hansısa güc mərkəzinin başıpozuqluğu, qaydatanımazlıdığır. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin dəyişən adlara baxmayraq, dəyişməz xüsusiyyətidir. – Atəşkəs anlaşması əldə olunardı – imzaların mürəkkəbi qurumamış atəşkəsi pozardılar; sülh danışıqlarında müəyyən irəliləyiş yaranardı – Ermənistan rəhbərinin qarnı ağrıyardı, yenə hansısa bir çərçivə sənədi, anlaşma sənədi üfüqdə görünərdi – bu dəfə, bir dəstə əlisilahlı girərdi Ermənistan parlamentinə qan tökərdi və s. Biz Ermənistanımı, ermənilərimi tanımırıq? Adlar, partiyalar, vəzifələr dəyişər, erməni yaramazlığı prinsipial olaraq dəyişməz… Əslində, dəyişiklik elə dərindən olmalıdır ki, ortada Ermənistan dövləti deyə bir şey qalmasın. – Bu, artıq zamanın tələbi, ədalətin çağırışıdır. Doğrudan doğruya zaman o zamandır ki, dünya erməniliyi konkret qərara gəlsin. – O qərarın çərçivəsini Azərbaycan Prezidenti onlarçün cızıb. İlham Əliyev 2020-ci ilin 20 noyabrında Ağdamın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyirdi: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Prezident xalqa müraciətində ermənilərin bəlalarının kökünü-löməcini açıq göstərdi: “Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları”. Bax, belə bir gerçəklik fonunda ermənilər dövlət qurma, dövlət idarəetmə sənətinə yiyələnə bilmədiklərini idrak etməli, belə bir potensiala malik olmadıqlarını anlamalıdır. Xalqların da insanlar kimi bacara bildikləri, bacara bilmədikləri işlər var. Yaxın tarix sübut etdi ki, bu tayfa-mayfa birləşməsi dövlət kimi formalaşma keyfiyyəti, səciyyəsi daşımır. Tarix yanlışlığı düzəltməlidir. Qərbi Azərbaycan torpaqları dünyada ən çox dövlət qurmuş, ən böyük imperiyalar qurmuş həqiqi sakinlərin ədalətinə möhtacdır – bizim ixtiyarımıza keçməlidir.
Bəli, AB missiyası gəldikdən sonra artıq neçənci dəfədir ki, Ermənistan öz gələnəkçi davranışlarını təkrarlayır. Guya Ermənistan hərbi-siysi rəhbərliyi bilmirmi ki, bu təxribatlarla hər hansı hrbi üstünlüyə nail ola bilməzlər? Bal kimi bilirlər. Bilə-bilə təxribat törədirlər. Törədirlər ki, bəlkə Azərbaycan hərbçilərini sərt cavab tədbirləri görməyə sövq edə və AB missiyasının qeyd dəftərinə hansısa “olumlu” qeydlər düşə. Əslində, bu “pespektiv”in cavabı da Prezidentin Talışdakı çıxışındaydı: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var”.
Beləliklə, Novruz bayramı günündəki insidentə görə Ermənistanın yanısıra AB missiyası, birbaşa AB də sorumluluq daşıyır. Ermənistanın AB çətiri altında gizlənərək yeni təxribatlara rəvac verəcəyini Azərbaycan öncələrdən açıqlamışdı.
Azərbaycan xalqının özünün bəşəri səciyyəli milli bayramını yaşadığı bir gündə təxribat törədilməsi Ermənistan rəhbərliyinin Qafqaz xarakterindən, bəşəri normalardan, qonşuluq dəyərlərindən çox uzaq olduğunu nümayiş etdirir. Zatən bizim Ermənistan adlı qonşumuz olmayıb – bizim torpağımızın bir bölümünü ayırıb, Ermənistan elan ediblər. – Bunun özü əsassızdır, qanunsuzdur və düzəldilmələyə möhtacdır. Hər işin öz uhulət-suhuləti vardır…DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI