Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə aparılıb. Silahlı Qüvvələrimiz üçün ən müasir silahlar alınıb və alınır.
Bunu APA-ya açıqlamasında prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu ilə bağlı fikirlərinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan aprel döyüşlərində müasir silahların bir qismindən istifadə edilib və bu silahların tətbiqi qarşı tərəfdə böyük təşvişə səbəb olub: “Silahlı Qüvvələrimiz üçün alınan müasir silahlardan keçirilən hərbi təlimlərdə istifadə edilir və bununla bağlı videomateriallar təqdim olunur. Naxçıvanda keçirilən paradda da bu silahların bir qismi nümayiş etdirilib. Bu, düşməni müəyyən qorxu içərisində saxlayır. Ermənistan cəmiyyəti anlayır ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğalçılardan təmizlənməsi barədə əmr verəcəyi halda, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək”.
Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrin qüdrətinin ölkənin iqtisadi potensialı, inkişafı, kadr təminatı və vətənpərvərlik ruhu ilə bağlı olduğunu qeyd edib: “Bu gün Azərbycan Silahlı Qüvvələri böyük və peşəkar kadr potensialına malikdir. Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası bu kadr potensialını formalaşdırır. Hərbi məktəblərdə müasir tədris proqramlarından istifadə edilir. Azərbaycan Silahlı Qüvvələri böyük – 25 min şəxsi heyət və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirir. Bu, işğalçı dövləti qorxuya salır və beynəlxalq təşkilatlara müraciət etməyə vadar edir”.
Hərbçilərimizin NATO-nün sülhyaratma əməliyyatlarında, müxtəlif ölkələrdə keçirilən təlimlərdə, yarışlarda iştirakından söz açan hərbi ekspert bir məqama diqqət çəkir:
“NATO rəhbərliyi demək olar ki, hər il sülhməramlı missiyadakı Azərbaycan hərbçilərinin sayının artırılmasını xahiş edir. Bu da sülhməramlı missiyadakı hərbçilərimizin yüksək peşəkarlıqla xidmət etməsinin nəticəsidir. Digər tərəfdən, yüksək döyüş qabiliyyətinə malik vətənpərvər ordumuzun formalaşmasında xalq amilini qeyd etmək lazımdır. Elə bir ailə yoxdur ki, Qarabağın azad edilməsinin əsas məqsəd olduğunu söyləməsin. Bu mühitdə vətənpərvər ruhda böyüyən gənclərimiz orduda hərbi xidmətə başlayan zaman deyirlər ki, arzuları Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək və Qarabağı azad etməkdir. Gənclərimizin vətənpərvərlik ruhunun artırılması Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzindədir”.
Ş. Ramaldanov son statistik məlumatlara əsasən Azərbaycan ordusunun dünyada 134 ölkə arasında 53-cü yerdə olduğunu diqqətə çatdırıb: “Bu qiymətləndirmə 50 amilə görə aparılır. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə pilə-pillə irəliləməkdədir. Bütün bunlar ilk növbədə Ali Baş Komandanın orduya diqqət və qayğısının nəticəsidir. Müqayisə üçün deyim ki, Ermənistan ordusu hazırda bu statistik göstəricilərə əsasən 83-cü yerdədir”.
Hərbi ekspert müdafiə naziri başda olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinin mütəmadi hərbi hissələrdə olduğunu, vəziyyəti yerində öyrəndiyini və lazımi tədbirlər gördüyünü xatırladıb: “Silahlı Qüvvələrimiz üçün yeni şəhərciklər salınır, əsgərlərə yüksək şərait yaradılıb. Silahlı Qüvvələrdə “Açıq qapı” günləri keçirilir, valideynlər övladlarının necə şəraitdə xidmət etdiklərini görürlər. Valideynlər bunu yüksək qiymətləndirir, belə şəraitin heç evdə olmadığını bildirirlər. Eyni zamanda, Azərbaycan prezidenti, Ali Baş Komandan hərbçilərin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, hər il hərbçilərin maaşları artırılır, onlara evlər verilir. Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdırlar. Bu gün Silahlı Qüvvələrimiz xalqımızın, dövlətimizin qürur mənbəyidir. Ali Baş Komandan çıxışlarında bəyan edib ki, Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, torpaqlarımıza azad etməyə qadirdir. Əgər torpaqlarımız sülh, danışıqlar yolu ilə azad edilməsə, inşallah, zaman gələcək, Silahlı Qüvvələrimiz öz sözünü deyəcək, işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı azad edəcək. Bu məsələdə üçüncü dövlətlərin marağı hiss olunur. Azərbaycan dövlətinin də üçüncü dövlətlərlə bağlı riskləri minimuma endirib, zamanı çatanda torpaqlarımızı azad etməkdir. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı azad edəcəyik ”.
Müstəqil.Az