Ermənistan pasportlarında göstərilir: “Dağlıq Qarabağ-bu Azərbaycandır”

Bir neçə gün əvvəl Ermənistan mediasında Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunda anadan olan Ermənistan vətəndaşının pasportunun fotosu yayılmışdı.

Müstəqil.Az bildirir ki, Ermənistanın pasport idarəsi qadının doğum yeri kimi Azərbaycanı göstərmişdi və bu, radikal erməni millətçilərinin etirazına səbəb olmuşdu.

Məsələ ondadır ki, qadının doğum yerinin Azərbaycan kimi göstərilməsi bir daha təsdiq edir ki, “Dağlıq Qarabağ Respublikası” müstəqil qurum deyil.

“Qarabağda anadan olan şəxslərin pasportlarında doğum yeri kimi Azərbaycanın göstərilməsi siyasi baxımdan məqsədəuyğun deyil”,– deyə “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Naira Zöhrabyan jurnalistlərə bildirib.

Həqiqətən də, erməni pasportlarında ərazi mənsubiyyətinin Azərbaycana aid olmasının göstərilməsi Ermənistanın işğalçı və təcavüzkar siyasətinin daha bir sübutudur.

Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi və hüquqi baxımdan DQMV-də doğulmuş Ermənistan vətəndaşlarının pasportlarında Azərbaycan göstərilməlidir. Son onilliklər ərzində ermənilərin işğalı qanuniləşdirmək üçün etdiyi bütün cəhdlər nəticəsiz qalıb.

Son illər ərzində ermənilər dəfələrlə “DQR”i beynəlxalq aləmə çıxarmaq cəhdləri ediblər, “DQR”lə Qərb ölkələrinin bələdiyyələri ilə, eləcə də tanınmamış bölgələr (Abxaziya, Cənubi Osetiya, Dnestryanı və s.) arasında qanunsuz müqavilələr bağlanıb. Ancaq bu günə qədər Ermənistanın özü belə bu separatçı qurumun müstəqilliyini tanımaqdan çəkinib.

Ermənistan davamlı olaraq Dağlıq Qarabağın heç vaxt Azərbaycanın yurisdiksiyasında olmadığını sübut etməyə çalışır, lakin hər dəfə də bu cəhdlərin qarşısı rəsmi Bakı tərəfindən alınır.

Məntiqi bir sual meydana çıxır: əgər vətəndaşlarının pasportlarında məhz Azərbaycan ərazisində anadan olduqlarını Ermənistan özü göstərirsə, o, Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığını necə sübut etməyə çalışır?

Bu gün Ermənistanın dövlət orqanları beynəlxalq hüquqa uyğun hərəkət etməyə və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi göstərməyə məcburdurlar. Bu, Ermənistanın Dağlıq Qarabağ ərazisinin rəsmi olaraq Azərbaycana məxsus olması ilə barışdığını göstərir. Eyni zamanda, bu, rəsmi Bakının “Dağlıq Qarabağ erməniləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar” tezisinin bir daha təsdiqidir.

Bundan əvvəl virtualaz.org ölkənin koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün əsas mərkəzi olan Yerevandakı “Nork” yoluxucu xəstəliklər xəstəxanası ətrafındakı qalmaqal barədə yazmışdı. Rusiyadan gələn Ermənistan vətəndaşını təcrid etmək üçün xəstəxana onu işğal olunmuş Qarabağa, yəni Şuşadakı xəstəxanaya göndərmək qərarına gəlmişdi. Vətəndaşa verilən sənəddə onun… Azərbaycana, Şuşa şəhərinə göndərildiyi göstərilir…

Müstəqil.Az

Share: