Bu gün sentyabrın 9-da Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-mayor Mixail Kosobokovla və Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarovla görüşüb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Karapetyan Kosobokovu Dağlıq Qarabağdakı sülhməramlı kontingentin komandanı təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazir habelə Ovçarovu da hərbi bazanın komandiri təyin edilməsi münasibətilə təbrik edib.
General Kosobokov bundan əvvəl Rusiyanın Cənub Hərbi Dairəsinin tərkibinə daxil olan 58-ci ordunun komandan müavini, habelə separatçı Abxaziya bölgəsindəki Rusiya hərbi bazasının komandiri (2015-2017-ci illər) olub.
Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun missiyasını başa vurduğu ötən həftə açıqlanıb. Üstəlik bu məlumatı Rusiya Müdafiə Nazirliyi deyil, Ermənistan Müdafiə Nazirliyi yayıb. Və Rüstəm Muradovun missiyasını başa vurması ilə əlaqədar müdafiə naziri Arşak Karapetyanla protokol görüşü haqda məlumat verilib. Daha sonra Rüstəm Muradov Ağdərədə saxlanılan azərbaycanlı əsgəri iki erməni hərbçisinə dəyişmək üçün Bakıya gəlib və geri qayıdıb. Amma onun Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi ilə vida görüşü barədə hər hansı məlumata rast gəlinməyib.
Bunun ardınca Ermənistan Müdafiə Nazirliyindəki mənbələr Rüstəm Muradovu Mixail Kosobokovun əvəzləyəcəyi haqda məlumatı sızdırıblar. Rusiya Müdafiə Nazirliyi yenə məlumatı şərh etməyib. İndi isə göründüyü kimi Kosobokov artıq Yerevandadır və Karapetyanla “tanışlıq görüşü” keçirir, amma onun təyinatı haqda Rusiya Müdafiə Nazirliyinin saytında hər hansı məlumat yer almır. Təəccüblüdür ki, Rusiya sülhməramlı kontingentinin yeni rəhbərinin təyin olunması və işə başlaması haqda xəbəri birinci Ermənistandan yayırlar.
Müstəqil.Az