Rusiya və Ermənistan arasında münasibətlər son 102 ildə heç vaxt olmadığı qədər gərginləşib. Tərəflər üzdə “dostluq və müttəfiqlik” görüntüsünü saxlamağa çalışsalar da, ayrı-ayrı siyasilərin və diplomatların arasında gedən ibarəli söz atışması, bir-birini sancmaları artıq açıq şəkil alıb.
Üstəlik, hər iki ölkənin mediasında qarşılıqlı ittihamların, umu-küsülərin yer alması pərdəarxası gərginliyin üzə çıxmasını, pərdənin bəri tərəfinə keçməsini göstərir.
Rusiyanın Ermənistandan narazı qalmasının başlıca səbəbi baş nazir Nikol Paşinyanın açıq Qərbpərəst siyasət yeritməsi, Rusiyanı ikinci plana qoymasıdır.
Ermənistanın Rusiyadan narazılığı isə əsasən 2020-ci ilin sentyabrından başlayan və cəmi 44 gün çəkən müharibədə Moskvanın İrəvana yetərli kömək etməməsi, başqa sözlə, rus əsgərlərinn erməni döyüşçülərin əvəzindən gəlib Qarabağda vuruşmamasına görədir.
Məhz o vaxtdan bəri Ermənistanda anti-Rusiya ovqatı yüksələn xətt üzrə güclənməyə başlayıb. Ermənilər gözləyirmişlər ki, Rusiya onların əbədi qoruqçusudur və onlar rus himayəsini “cibdə” sayaraq özlərinə başqa “dost”, “arxa-dayaq” axtara bilərlər.
Rusiya isə belə şeyləri bağışlamır. Bu dövlət heç öz slavyan qardaşı Ukraynaya Qərblə yaxınlaşmağı bağışlamadı, bir neçə il öncə isə hansısa təqsirinə görə Belarus prezidenti Aleksandr Lukaşenkonu az qala qazpulu borcu üstündə tutub zirzəmiyə salacaqdılar.
Kreml rəsmi İrəvana qarşı iradlarını gizlətmir, açıq şəkildə bildirir ki, bu ay Ermənistanda keçiriləcək ABŞ-Ermənistan təlimləri ilə bağlı xəbəri pis qarşılayıb. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bu narahatlığını dilə gətirib. Onun sözü isə prezident Putinin sözüdür. Çünki Peskovun Putinin “danışan dili” olması dünyada heç kəsə sirr deyil.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin ölkədə keçirilməsi məqsədəuyğun deyil, çünki guya bu, Türkiyə və Azərbaycanın mənfi reaksiyasına səbəb ola bilər.
Əslində başqa vaxt belə təlimlərdən Azərbaycanı təhid etmək üçün istifadə edən, faktı can-başla tirajlayan İrəvanın bu mövqeyinin bəhanə və riyakarlıq olması Kremldə hamıya bəllidir. Məhz ona görə Peskov ABŞ və Ermənistan arasında keçiriləcək təlimlərlə bağlı xəbərləri şərh edərkən belə deyib: “Xüsusilə indiki vəziyyətdə belə xəbərlər narahatlıq doğurur. Biz bu xəbəri dərindən təhlil edəcəyik”.
Ermənistanın Müdafiə Nazirliyi dünən “Tərəfdaş qartal-2023” təlimlərinin Ermənistan ərazisində keçiriləcəyini, təlimlərdə amerikalı və erməni hərbçilərin birgə iştirak edəcəyini, məşqlərin sentyabrın 11-dən 20-dək “Zar” təlim mərkəzində baş tutacağını bildirib.
Bu təlimlər guya sülhməramlı olacaq və “münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi” səciyyəsi daşıyacaq. Ancaq “erməni qartalı”nın daimi tərəfdaşı olan “ikibaşlı rus qartalı” bu dəfə qıraqda qaldığı üçün ikinci başını da Ermənistana tərəf döndərib, acıqlı-acıqlı baxır.
Rusiya mediası yazır ki, prinsipcə, ABŞ və Ermənistanın (eləcə də ABŞ və Azərbaycanın) təlimlər keçirməsi faktı o qədər də qeyri-adi deyil. NATO ölkələri uzun müddətdir ki, Qafqaz dövlətləri ilə əməkdaşlıq edirlər. Rusiyada çıxan “Nezavisimaya qazeta” bu barədə yazır: “Bu günlərdə Almaniyanın Hohenfels şəhərində çoxmillətli “Birləşmiş qılınc – 2023” təlimləri keçirilir. Onların çərçivəsində Ermənistanın hərbi həkimləri ABŞ ordusunun tibbi xidməti ilə birlikdə yaralıların təxliyəsi və müalicəsi bacarıqlarını məşq edirlər. “Birləşmiş qılınc -2023 təlimi avqustun 28-də başlayıb və sentyabrın 23-də başa çatacaq. Təlimdə 17 dövlətin hərbçiləri iştirak edir. Lakin “Tərəfdaş qartal – 2023” təlimlərinin özəlliyi ondan ibarətdir ki, onlar Ermənistanda keçiriləcək”.
O biri illərdə KTMT-nin təlimlərinə həvəslə ev sahibliyi edən Ermənistan bu təşkilatı Azərbaycanla müharibəyə cəlb edə bilmədiyi üçün neçə vaxtdır onunla umu-küsü, intriqa içindədir. Ona görə də hələ yanvar ayında baş nazir Paşinyan KTMT təlimlərinin bu il ölkədə keçirilməyəcəyini demişdi və yuxarıda deyildiyi kimi, imtinasını Türkiyə və Azərbaycan tandemi tərəfindən yanlış şərh oluna biləcəyi ilə izah etmişdi. O, belə bir cümlə işlətmişdi: “Biz bu təlimi yersiz hesab etdik, çünki onlar Türkiyə-Azərbaycan tandemi üçün təhlükə yaradacaq. Gələcəklər, təlimlər keçirəcəklər, sonra biz bu təhlükə ilə baş-başa qalacağıq”.
Belədirsə, bəs Ermənistan hərbçiləri Rusiya, Belarus, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi, sentyabrın 1-dən 6-dək keçirilən “Döyüş qardaşlığı” təlimlərində nədən iştirak etmədi?
Deməli, rəsmi İrəvan KTMT-ni boykot, Moskvanı şantaj edir.
Ötən gün Paşinyanın İtaliyanın “Repubblica” nəşrinə müsahibəsində Rusiyanın Cənubi Qafqazı tərk etməyə hazırlaşdığını bildirməsi də Kremldə şantaj kimi qəbul olunub. Ancaq Kreml başbilənləri Ermənistanın Rusiyadan qopmadan ABŞ-la yaxınlaşmasını, onların ikisini də öz əlində saxlayaraq, öz mənafeyi üçün istifadə etməsini mənfi planda qarşılayırlar.
ABŞ isə həqiqətən də son vaxtlar Cənubi Qafqaz istiqamətində nəzərəçarpacaq dərəcədə fəallaşıb. Vaşinqton Laçın dəhlizi ilə Ermənistandan Dağlıq Qarabağa maneəsiz hərəkətin tərəfdarıdır. Dövlət Departamentinin sözçüsü Vedant Patel avqustun 15-də keçirdiyi brifinqdə deyib: “Biz Azərbaycan hakimiyyətini kommersiya, humanitar və şəxsi avtomobillərin bu dəhlizdə sərbəst hərəkətini bərpa etməyə çağırırıq”.
Buna baxmayaraq, nə Ağ Ev, nə də Ermənistan hökuməti ölkənin Avro-Atlantik məkana inteqrasiyasının indi və ya uzunmüddətli perspektivdə zəruriliyindən danışmır. İrəvanda Rusiyanın (MDB, Aİİ) iştirakı ilə dövlətlərarası layihələrdən çıxmaq da müzakirə olunmur. Əksinə, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. Sadəcə, ermənilər ABŞ-la Rusiya arasında manevr edərək, hər iki dövlətin mövqeyini əvvəlcədən ehtiyatla öyrənmək, yoxlamaq istəyir, öz aləmində incə-incə kəşfiyyat aparır.
Buna da siyasi terminologiyada zondaj deyirlər.
Araz Altaylı