Ermənistan üzərindən Cənubi Qafqazda yeni Ukrayna ssenarisi istəmirik

Ermənistan üzərindən Cənubi Qafqazda yeni Ukrayna ssenarisi istəmirik

Ermənistan üzərindən Cənubi Qafqazda yeni Ukrayna ssenarisi istəmirik

Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistanın müştərək görüşündə NATO Baş katibi də iştirak edəcək. Bu görüşün keçirilməsi sırf Ermənistana dəstək verilməsi və bu ölkədə revanşizmin baş qaldırmasına xidmət edir.

Bunu -ya açıqlamasında Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev bildirib.

Tural Gəncəliyev qeyd edib ki, hazırda Qərb Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq üçün Ermənistan üzərindən yeni bir plan formalaşdırır: “Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini bərpa edib və beləliklə, Qərbin Qarabağ üzərindən çirkin, məkrli oyunlarının qarşısı alınıb. Qarabağla bağlı rıçaqları itirən Qərb artıq Ermənistandan istifadə edərək yeni avantüraya can atır. ABŞ dövlət katibi, Aİ-nin yüksək rəsmisi və NATO Baş katibinin birgə masasında Ermənistan Baş naziri əyləşəcək ki, bu da bir növ Ermənistana guya bərabərhüquqlu tərəfdaş kimi yanaşılmasını və ona dəstək verilməsini göstərir. Ancaq bu, tamamilə aldadıcı görünüşdür. Çünki Ermənistan hazırda Cənubi Qafqazda halqanın ən zəif bəndi kimi çıxış edir. Ermənistan heç bir vəchlə Cənubi Qafqazda söz sahibi deyil ki, Ermənistana belə yüksək “diqqət” göstərilsin. Bu “diqqət”in arxasında Qərbin məkrli planları durur. Konkret olaraq bu görüş kontekstində Ermənistana təhlükəsizlik qarantiyası verilməsi, hətta bir növ bu görüşün hərbi pakt kimi formalaşdırılması təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə, region ölkələrinə və Ermənistanın ənənəvi tarixi müttəfiqləri olan Rusiya və İrana qarşı da qəbuledilməz haldır”.

Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri deyib ki, yeni bir hərbi alyans yaradılmağa çalışıldığının şahidi oluruq: “Qərb dairələri uzun illər -30 il ərzində Cənubi Qafqazda destruktiv fəaliyyətlərini həyata keçirirdilər, Qarabağdan istifadə edib istədiyi kimi qanunsuz fəaliyyətlərini davam etdirirdilər. Artıq bu prosesin qarşısı alınıb və Cənubi Qafqazda ayırıcı xətlərin çəkilməsi bir daha bu görüşün keçirilməsi ilə öz təsdiqini tapmış olur. Çünki Ermənistan da bu avantüraya, təhlükəli oyuna getməklə özündən çox uzaqda olan Qərbin bu yalançı vədlərinə, güzəştlərinə aldanır. Ancaq biz bundan əvvəl Qərb dairələri – ABŞ, Aİ tərəfindən çox ölkələrə təhlükəsizlik qarantiyası verildiyinin şahidi olmuşuq. Lakin bu, sonda həmin təhlükəsizlik qarantiyası verilmiş ölkələrin tamamilə məğlub, rəzil duruma düşməsi ilə nəticələnib. Məsələn, Aİ-də hazırda guya aparıcı rol oynamaq istəyən bir oyunçu kimi Fransa vaxtilə Yaxın Şərq ölkələrinə, Afrikanın yarısından çoxuna təhlükəsizlik qarantiyası vermişdi. Amma sonda nə oldu?! Fransa özü təhlükəsizlik qarantiyası verdiyi ölkələri dağıtdı, pis duruma saldı və axırda öz qoşunlarını götürüb aradan çıxdı. Ona görə də biz bu gün Ermənistan üzərindən Cənubi Qafqazda yeni bir Ukrayna ssenarisi istəmirik. Ancaq təəssüf ki, Ermənistan bu tələyə düşərək, Qərbin əlində bir manipulyasiya aləti olmağa razılığını bildirir. Bu avantüraya məqsədyönlü şəkildə, bilərəkdən gedir”.

Tural Gəncəliyev nəzərə çatdırıb ki, bütün bunların nəticəsində de-fakto müstəqil olmayan Ermənistan de-yure də müstəqilliyini itirə bilər: “Çünki Ermənistanın bu addımı təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, İrana, Rusiyaya, ümumiyyətlə regionda güclər balansını pozmağa yönəlmiş destruktiv fəaliyyətdir. Cənubi Qafqaza xaricdən aqressiv müdaxilə qəbuledilməzdir. Bir məqamı da xatırlatmaq istəyirəm. XX əsrin əvvəlində “Böyük Ermənistan”la bağlı Vudro Vilson planı vardı. I Dünya Müharibəsindən sonra ABŞ “Vudro Vilson planı” üzərindən Türkiyəni parçalamaq və Türkiyə ərazisindən Ermənistana müvafiq ərazilərin bağışlanması kimi destruktiv, absurd bir plan irəli sürmüşdü. Ancaq məlum olduğu kimi sonradan Türkiyə I Dünya Müharibəsində məğlub duruma düşməsinə baxmayaraq, öz xalqının, liderinin sayəsində ABŞ-ın, Qərbin bu planlarını pozdu və “Böyük Ermənistan” ideyasını da tarixin zibilliyinə göndərmiş oldu. Ermənistan ona görə yeni “Vudro Vilson planı”nın, yeni Qərb planının obyektinə, oyunçusuna çevrilməkdən üz döndərməlidir. Əks halda bu, onun özü üçün təhlükəli məqamlarla nəticələnə bilər”.

Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edilməsindən sonra Qərb dairələri – Aİ, xüsusilə Fransa ölkəmizə, ölkəmizin rəhbərliyinə qarşı təzyiq göstərmək üçün çox canfəşanlıq edirdi: “Ancaq onlar unudurdular ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan regionda, hətta qlobal səviyyədə öz sözü və çəkisi olam güclü bir ölkədir və onun güclü lideri var. Aİ-də, Qərb ölkələrində güclü lider amilinin olmadığı da unudulmamalıdır. Ona görə də cılız, hesablanmamış, uzaqgörən olmayan qərarlar qəbul edirdilər. Öz aləmlərində Azərbaycana təzyiq planlarını işə salmaq istəyirdilər, ancaq Azərbaycan bütün bu planları alt-üst etdi, məkrli siyasətin qarşısını aldı. İndi isə yeni – sonuncu cəhd kimi 5 aprel görüşünü planlaşdırılır. Qərb dairələri unutmamalıdır ki, Cənubi Qafqazda Azərbaycanın, Azərbaycan liderinin sözü olmadan heç bir addım atıla bilməz. Bu addımın atılması üçün yalnız Azərbaycan liderindən icazə alınmalıdır. Qərb dairələri hələ də regionu, Azərbaycanı, onun rəhbərliyini və gücünü tam anlaya bilməyiblər. Bu da onların səhvlərindən biridir.

Share: