Ermənistan Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? – AÇIQLAMA

Ermənistan Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? – AÇIQLAMA

“Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli məsələdir. Çünki Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın quru sərhədi yoxdur və Zəngəzur dəhlizinin açılması Azərbaycanın Naxçıvanla əlaqələrinə müsbət təsir edəcək, həm də Qərblə Şərq arasında əlaqələrin qurulmasında mühüm rol oynayacaq”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Samir Əsədli deyib.

Ekspert bildirib ki, Zəngəzur dəhlizi Avropadan Çinə doğru böyük bir ticarət yolunun fəaliyyətə başlaması deməkdir və bu cəhətdən ölkələrin iqtisadi yüksəlişinə müsbət təsir edəcək: “Burada gömrük rüsumları, böyük bir bazar, iqtisadi və siyasi əlaqələr var. Zəngəzur bütün zamanlarda Azərbaycan torpağı olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hökumətinin qərarı ilə Zəngəzur ərazisi indiki Ermənistana verilib. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqələri itib”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Amma Ermənistandan 1988-ci ildə qovulmuş, deportasiya olunmuş azərbaycanlıların geri qayıtması məsələsi gündəmdədir: “Ermənilər kütləvi surətdə Qarabağ ərazisindən çıxıb getdilər və bir sıra beynəlxalq təşkilatlar onların geri dönməsi ilə bağlı fikirlər səsləndirirlər. Lakin beynəlxalq təşkilatlar onu da nəzərə almalıdırlar ki, 1988-ci ildə azərbaycanlılar indiki Ermənistan ərazisindən deportasiya olunublar. Həmin tarixdə Göyçə mahalından, Zəngəzurdan, İrəvandan böyük köç başlayıb”.

Samir Əsədli: Zəngəzur dəhlizi Avropadan Çinə doğru böyük bir ticarət yolunun fəaliyyətə başlaması deməkdir

Ekspert vurğulayıb ki, ermənilər Qarabağa dəhlizi istəyəndə Azərbaycan haqlı formada Naxçıvana dəhlizi istəmişdi: “Bütün hallarda Azərbaycan Naxçıvanla əlaqə qurmaqda, dəhlizin açılmasında maraqlıdır. Hansı şərtlər daha uyğun olacaqsa, İran bu məsələdə maraq göstərəcəksə, səmimi olacaqsa, dəhliz açılacaq. Yaxud indiki Ermənistan ərazisindən keçməklə fəaliyyətə başlayacaq. Dəhliz təkcə Azərbaycana yox, Ermənistanın özünə də iqtisadi cəhətdən müsbət təsir göstərəcək. Ermənistan iqtisadiyyatı çöküb. Ancaq blokada şəraitində yaşamağa öyrənmiş ermənilər dəhlizin açılmasında maraqlı görünmürlər. Növbəti dəfə silahlı münaqişənin tərəfdarı olmadığımıza görə, dəhlizin alternativ formada İran üzərindən keçməsini istəyirik”.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, İrandan keçməklə Naxçıvana yeni kommunikasiya bağlantılarının inşasına başlanılıb. Onun sözlərinə görə, Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir: “Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq”.

Aydın Baxış

Share: