“Ermənistana bir ovuc ərazi qalacaq” – Larisa Alaverdyan

“Ermənistana bir ovuc ərazi qalacaq” – Larisa Alaverdyan

Zəngəzurdan görüntü (Gorus)

Keçmiş Ombudsman Larisa Alaverdyan hesab edir ki, Azərbaycanın Ermənistan ərazilərini nəzarətə götürmək iddialarını açıq səsləndirməsi təhlükəli vəziyyətdən xəbər verir.

Müstəqil. Az Bizimyol.info-ya istinad edərək xəbər verir ki, bu barədə Alaverdyan Ermənistan mediasına açıqlama verib. Onun fikrincə, Ermənistan siyasi rəhbərliyinin Azərbaycandan gələn açıqlamalara qarşı susqun qalması hansısa razılaşmalardan xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana ünvanladığı təhdidlər və ərazi iddiaları bir xəttin tərkib hissələridir. Bakı Ankaranın açıq dəstəyi ilə düşünülmüş və məqsədyönlü şəkildə Ermənistan dövlətini zəiflətmək siyasətini davam etdirir.

Bundan əvvəl Azərbaycan lideri yenə də Ermənistanın bəzi bölgələrini özlərinin tarixi əraziləri adlandırıb və o ərazilərə qayıdacaqlarını dilə gətirib. İlham Əliyev “üçtərəfli bəyanatda bütün qaçqınların öz doğma yurdlarına qayıtması nəzərdə tutulur. Zəngəzur, Göyçə və İrəvan bizim doğma torpaqlarımızdır. Əlbəttə o torpaqlara geri dönəcəyik”,- deyə bildirib. Azərbaycan 1919-cu ildə Parisdə təqdim etdiyi xəritəni bərpa etmək istəyir”,- deyə sabiq ombusman həyəcanını dilə gətirib.

Alaverdyan deyib ki, bu xəritəyə əsasən Ermənistana ovuc içi boyda ərazi qalır: “O xəritəyə əsasən Azərbaycan əraziləri Batumidən Bakıya qədər uzanır, Ermənistana isə Göyçə və İrəvan ətrafında kiçik bir ərazi qalır. Üstəlik, Azərbaycan bu istəyini reallaşdırmaq üçün fəal şəkildə diplomatik cəbhədə tərəfdaş və dostlar axtarır. Bakı potensial müttəfiqləri ilə sıx işləyir”.

Alaverdyanın iddiasına görə, sərhəddə baş verən atışmalar Azərbaycan tərəfindən həyata keçirilir və gələcək hücum üçün “müqəddimə” rolunu oynayır. Onun sözlərinə görə, bu yolla Azərbaycan Ermənistan cəmiyyətini qorxudaraq dövlətin mövqeyini zəiflədir: “Azərbaycan və Türkiyənin planları o qədər açıq və şəffafdır ki, bəzən onları şərh etmək belə yersiz görünür”.

Sabiq ombudsman Ermənistan hakimiyyət orqanlarının lazımi reaksiya verməməsindən, dövlət suverenliyini qorumaq üçün tutarlı bir strategiyanın olmamasından şikayətlənib.

“İndi Ermənistan cəmiyyətində bizim beynəlxalq tərəfdaşlarımızı Əliyevin təhdidlərini qiymətləndirmək istəmədiklərinə görə qınamaq adətdir. Əslində beynəlxalq ictimaiyyət ilk növbədə rəsmi İrəvandan reaksiya gözləyir”,- deyə Alaverdyan bildirib.

Onun fikrincə, Azərbaycan ordusu 2 aydır Ermənistan ərazisindədir və Ermənistan rəhbərliyi heç bir şəkildə cavab verə bilmir: “Ermənistan rəhbərliyinin passivliyi müxtəlif səbəblərlə bağlı ola bilər. Azərbaycanla pərdəarxası razılaşmalar, geosiyasi mərkəzlərin “çirkli” oyunları, Rusiyanı zəiflətmək üçün Ermənistanı sövdələşməyə çəkmək cəhdləri…”

Onu sözlərinə görə, Ermənistanın susması beynəlxalq ictimaiyyət tərəfindən Əliyevin təhdidlərinin xüsusi bir təhlükə yaratmadığına işarə kimi qəbul edilə bilər. Amma Alaverdyan hesab edir ki, Azərbaycan həqiqətən də 1919-cu ilə xəritəsini bərpa etmək istiqamətində ciddi şəkildə planlar qurur.

Müstəqil.Az

Share: