Ermənistanın növbəti hoqqası – Xankəndinin qazını kim kəsib?

Ermənistanın növbəti hoqqası – Xankəndinin qazını kim kəsib?

“Ermənistan Azərbaycan barədə dezinformasiya yaymaqda davam edir. Həmin yalan informasiyalardan biri də guya son vaxtlar Azərbaycanın Xankəndinə gələn qaz xəttində qazı kəsməsi ilə bağlıdır. Bu məlumatın heç bir əsası yoxdur. Əslində isə həmin əməlləri ermənilərin özləri törədirlər”.

Musavat.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ermənilər Xankəndinə gələn qazı kəsməklə Azərbaycanın orada yaşayan əhalini hədəfə aldığı və sıxışdırdığı görüntüsünü yaratmağa çalışırlar:

“Bu məsələnin Azərbaycana heç bir aiddiyəti yoxdur və Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bəzi beynəlxalq təşkilatlar və dairələr isə ermənilərin bu dezinformasiyası əsasında hay-küy yaratmağa cəhd edirlər. Bununla da ölkəmizə təzyiq göstərmək istəyirlər. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də sülhün tərəfdarıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad edib. Hətta qalib tərəf kimi məğlub Ermənistana dəfələrlə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin İrəvanda hakimiyyətdə olanlar hər dəfə uydurma bəhanələrlə bundan yayınmağa çalışırlar”.

Deputat ermənilərin dezinformasiyasından istifadə edərək Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatlara və dairələrə müraciət edib:

“Onlar unutmasınlar ki, işğal dövründə ermənilər Azərbaycana qarşı ekoloji terror həyata keçiriblər, bizim meşələrimizi qırıblar, çaylarımızı çırkləndiriblər. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. Hətta 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdi. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Nədənsə həmin o beynəlxalq təşkilatlar bunları görmürdü və ya görmək istəmirdi. Buradan belə bir sual ortaya çıxır: niyə beynəlxalq təşkilatlar ermənilərin bu vandallıqlarına göz yumurdu? İndi isə ermənilərin dezinformasiyasına qoşulub, hələ ölkəmizin əleyhinə də bəyanat verməyə cəhd göstərirlər. Onlar bilsinlər və unutmasınlar ki, Azərbaycan heç bir vaxt mülki əhalini hədəfə almayıb. Bunu 44 günlük Vətən müharibəsi zamanında və ondan əvvəlki dövrlərdə də dəfələrlə dünyaya göstərmişik. Azərbaycan həmişə dünyanın harasında olmasından asılı olmayaraq ehtiyacı olan insanlara əlindən gələn hər bir köməkliyi edib. Biz COVID-19 pandemiyası dövründə və müharibələrin getdiyi yerlərə humanitar yardımlar göstərilməsi ilə bunun bir daha şahidi olduq”.

Musavat.com

Share: