Əsirlikdən şəhadətə… – Atlas Rzayi yazır

Əsirlikdən şəhadətə… – Atlas Rzayi yazır

Ana yurdumuz Azərbaycanın bütövlüyü uğrunda zaman-zaman canını fəda edən igid oğul və qızlarımız olub. Tarixin qanlı və şanlı səhifələrinə adlarını yazdırmaq hər kəsə nəsib olmur. Bu şəhadət şərbətini içənlərdən biri də Bayramov Müqabil Ağəmməd oğludur. O, 1972-ci ildə Qəbələnin Tikanlı kəndində anadan olmuş, uşaqlığı orada keçmişdir. 1979-cu ildə birinci sinfə getmişdir. Hələ beş yaşı olarkən dama idman yarışı üzrə birinci yeri tutmuşdur. Uşaqlıqdan iddialı olmağı, cəsurluğu, mərdliyi və zarafatcıllığı ilə sevilmiş, həm də yaşıdları arasında seçilmişdir. Orta məktəbdə oxuduğu illərdə, hələ müharibə ocağının qızışmadığı bir vaxtda evdə tez-tez deyərmiş ki, müharibə olsaydı, mən də gedib döyüşərdim. Döyüş filmləri onun həyatının əsas mənası idi. Özünə taxtadan avtomat düzəldib onlarla oynayarmış.
Müqabil ziyalı ailəsində dünyaya göz açmışdı. Evin sonbeşik övladı idi. Özündən böyük bacıları ali təhsilli müəllimə idilər. O, məktəbdə oxuduğu illərdə müxtəlif olimpiada və idman yarışlarına qatılır, birinci yeri tuturmuş. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilməyən Müqabil sürücülük məktəbini oxumaq üçün Şəkiyə yollanır. Və geriyə qayıtdıqdan sonra onu həqiqi hərbi xidmətə çağırırlar.
1992-ci il aprel ayında böyük sevinc hissi ilə xidmətə yola düşür. Artıq bu vaxt müharibə başlamışdı. O, cəsur əsgər kimi döyüşlərdə iştirak edir. Döyüşlərdə şəhid olan igidlərin cənazəsini müxtəlif rayonlarda yaşayan ailələrinə təhvil verirmiş. Ailəsi narahat olmasın deyə bunları gizlədirmiş. Şəkinin bir neçə kəndinə və digər rayonlara getdiyini deyirmiş. Qəbələyə şəhid gətirərkən ailəsini də yad edir ki, ondan nigaran qalmasınlar.
Böyük bacısı Sərmayə xanım qardaşı haqqında xatirəsini bizimlə bölüşərkən o acı günləri təkrar yaşadı. 1993-cü ilin dekabr ayının 3-də Müqabil icazə alaraq iki günlük rayona gəlir. Toya hazırlaşıb gedən bacısı ilə salamlaşıb onun çamadanına baxır. Oradan işlənməmiş bir ətri açıb vurmaq istəyir. Bacısı isə buna narazı olur. Müqabil gülə-gülə ətri yerinə qoyur. Bacısı onunla sağollaşır və toya gedir. Qayıdanda isə Müqabilin artıq getdiyini öyrənir. Bu bacının qardaşı ilə son görüşü olur. Müqabil bir neçə dəfə rayona gəlsə də tələsik gedir deyə bacısı ilə görüşə bilmir. 1993-cü il 23 dekabrda ata və anasının görüşünə gəlir və nənəsinin qəbrini ziyarət edir. Bu doğma ailəsi ilə sonuncu görüşü olur…
Şəhidlik tanrının verdiyi ən gözəl hədiyyədir. Bu hədiyyənin qoxusunu hiss edirmiş sanki. Yanvar ayında Bakıdakı əmisi evinə gedərək paltarlarını onlara verir ki, sağ qayıtmasam, bunları evimizə verərsiniz. 1994-cü il yanvarın 11-dən sonra Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdən sonra Müqabildən bir də səs-soraq gəlmir. Bütün ailə, qohumlar onu nə qədər axtarsa da, bir nəticə əldə edilmir. Erməni terrorçularına əsir düşdüyü güman edilən Müqabilə illər sonra şəhidlik statusu verilir.
Müqabil üzərində öz adı və soyadı yazılmış patron və kiçik qutuda bit saxlayırdı ki, şəhid olsa, kimliyini bilsinlər. O, subay idi. Və barmağında olan müəmmalı üzüyün kimə aid olduğunu heç kimə deməmişdi. Onun üzərini sarıyırdı ki, ermənilər birdən onun qızıl üzük olduğunu düşünüb barmağını kəsərlər.
Anası və atası oğlunun yoxluğunu qəbul etməyərək onu ömürlərinin sonuna kimi həsrətlə gözləyiblər. Özündən böyük bacısı Sərməyə xanım qardaşına vermədiyi ətri illərlə saxlayıb ki, qardaşım nə zaman gəlsə, onun və kənd camaatının üzərinə vuracağam.

Atlaz Rzayi

Share: