Müsahibimiz Azərbayacan Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirdir. Onunla yaradıcılığı haqda söhbət etdik. Buyurun, izləyin.
– Şeirlərinizin birində taledən gileylənirsiniz. Deyirsiniz ki, “tale dərdlərimi çəkməyəcək, o da atacaq məni”. Əliqələmli bir söz adamının taledən, qismətdən küskünlüyü nədəndir?
– Elə əliqələmli adam taledən küsür də. Dünən ingilis dilində olan müsahibəmdə də jurnalist mənə bu sualı vermişdi. Dedi ki, Rəsmiyyə xanım, kitablarınızın adlarını “Həbs olunmuş sükut”, “Zindan sevinci” qoymusunuz, bu nə ilə bağlıdır, Sizdə niyə bu qədər həyata küskünlük var? Məşhur deyim var: “Ağılını artıran dərdini artırır”. Hər hansı prosesə adi adamlar normal yanaşırlarsa, biz hansısa məsələyə ikiqat ürək qoyuruq. Suriyadan qaçıb dənizdən boğulan uşağa şeir yazan adamam. Türkiyədəki zəlzələdə hamımız təsirlənmişdik… Axı, şairlər ikiqat təsirlənirlər. O təsirlənməni poeziyaya, sözə keçirirlər. Biz o biri insanlar kimi yaşamırıq. Söhbət əsl şairlərdən gedir. Əsl söz adamı, əsl şair o ağrını ikiqat yaşayır. Bizim poeziyamız sevincdən kədərə köklənib. Həyatdan çox ümidə köklənmiş poeziyadır. Həyatın faniliyini çox başa düşürük. Adi insanlar da başa düşür. Amma bizim qədər yaşamırlar. Ona görə də şeirlərimin 80 faizi ölümdən, həyatdan, kədərdən ibarətdir.
– Belə misralarınız var:
Nə yaxşı ki, xəyalın var,
Həsrət hər gün məni yoxlar,
Hicranın atdığı oxlar
Ürəyimdən vurdu məni.
Bu şeiri oxuyanda insanda belə bir fikir formalaşır ki, sevgi məsələsində müəllifin bəxti gətirməyib…
– Əslində, o da hamının verdiyi sualdır. Mən “Əlvida, Cəmilə!” mahnısı da yazmışam. Mən bir qadınam. Cəmilə də bir qadındır. Bu bir oğlan tərəfindən Cəmiləyə etiraf olunan sevgidir. Bir hekayədir. Sifariş almışam və yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür eləmişəm. Ayrılığı necə ifadə etmək olarsa, o cür də ifadə etmişəm. “Yazılan şeirdə müəllifdən nəsə var, müəllifi xarakterizə edir, onun həyatını səciyyələndirir, onu əks etdirir”, – mən onunla razılaşmıram. Təbii ki, onu yaşamadan yaxşı şəkildə çatdıra bilməzsən. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var, musiqisini Nadir müəllim yazmışdı. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxumuşdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, Türkiyədə yaşadı. Sənətdən də uzaqlaşdı. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirmişdi. “Get, mənim ömrümdən, birdəfəlik get”, – bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi, ona mahnı yazdı. Rübabə Qarabağlı da ona klip çəkdirdi. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. O mənim taleyim deyildi.
Bayaq oxuduğunuz şeir də mənim tanınmamış şeirimdir. Mənim çox məşhur şeirlərim var: “Qələmin gözündən indi yaş gəlir”, “Bağışlama bizi Vətən”. “Sözümün üstündə durmuşam, Allah”. Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Bu şeiri “İnstagram”da bir səhifədə gördüm. Səhifənin kim tərəfindən idarə olunduğunu bilmirəm, yəni qadındırmı, kişidirmi, gəncdirmi, qocadırmı, bilmirəm. Həmin səhifədə Azərbaycanın tanınmış şairlərinin şeirlərindən verirlər, ya bir bənd, ya da bütöv olaraq. Əsasən də Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, belə deyək də dünyada olan və olmayan tanınmışların, korifeylərin şeirlərini verirlər. Yeganə gənclərdən bir özümü görürəm orda. Gənc də demək olmaz mənə, orta nəsil. Əvvəl bir şeirimi, sonra ikinci şeirimi, sonra da üçüncü şeirimi gördüm. Ən sonda bunu paylaşmışdılar. Fikirləşdim ki, bunu hardan tapıblar, mən bu şeirimi hardasa dərc etdirmişəm və ya etdirməmişəm? Yəqin ki, çap olunub ki, hardansa götürüblər. Demək ki, internetdə görüblər, ordan da bu şeirimi götürüblər. Mən bu şeirimi paylaşdım, gördüm ki, çox maraq çəkdi, nə qədər insan bəyəndi. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər.
– Son günlər AYB-də bir çox yazıçılara mənzillərin orderləri təqdim olundu. Yenə də evi olmayanlara ev verilmədi, bəzi şəxslərə isə ikinci, üçüncü dəfə mənzil verildiyi iddia olundu. Sizcə, haqq-ədalət nə vaxt öz yerini tapacaq?
– Çox çətin, çox kədərli sualdı(Gülür.) Ramiz Rövşənə bir sual verirlər ki, sizi sevməyənlər niyə sevmirlər?.. Mənim çox sevdiyim şairdi. Deyir ki, çox kədərli sualdır. Bizi sevməyənlər bizi tanımayanlardır. Bilirsiniz elə biz ömür boyu haqq-ədalət axtarışındayıq də. Ona görə də şeirlərimizdə bu qədər kədər, iztirab var. Bilirsiniz, mənə elə gəlir ki, bu, cəmiyyətin inkişafı ilə bağlı bir məsələdir. Mən də razıyam, evi olan şəxslərə sonradan ev verilməməlidir. Dövlət insana birbaşa ev vermir. Haqqı da olanlar sosial şəbəkədə birbaşa deyir ki, niyə şairlərə ev verilməlidir? Dövlət bazar iqtisadiyyatı sistemində xüsusi kateqoriyalar var. Dövlət onları evlə təmin etməlidir. Canını, sağlamlığını, ömrünü vətən yolunda qurban vermiş, fəda etmiş şəhidlərimiz, hərbçilərimiz, qazilərimiz, müharibə veteranlarımız – ən çox ev almağa onların haqqı çatır. Elə zənn edirəm ki, şairə, yazıçıya, jurnalistə evlər verilməməlidir. Sosial evlər olmalıdır.
Onu da deyim ki, bu haqda mən kitab yazan adamam. Sosial evlərlə bağlı mənim məqaləm dərc olub. Mən bunu layihə formasında işləmişəm. Təəssüflər olsun ki, o da var, müəyyən ədalət prinspi pozulur. Təbii ki, bunun bizim müsahibəmizə adiyyatı yoxdur. O haqda geniş danışmayacam. Düşünürəm ki, sağ olsunlar, verirlər. Təbii, nəzərə alırlar ki, aztəminatlı ailə kateqoriyasındandır. Şairlərin iş yeri yoxdur. Biz onlara ev verilməsini təqdir edirik. Baxmayaraq ki, dövlət bazar iqtisadiyyatı sistemində belə bir şey yoxdur, amma olursa, bu ədalətli formada olmalıdır. O insanlar ki var, villaları, bağ evləri, xaricidə evləri olduğu halda təzədən evə iddia edirlərsə, yalandan min obraza girirlərsə… Jurnalistlərdən kimsə yazmışdı ki, evləri öz adlarından çıxarıb, qohumlarının adlarına keçirdirlər. Sonra da gəlib deyirlər ki, mən şairəm, mənə də ev verin. Mən o insanların nəinki şair olmağına, insaniyyətinə şübhə edirəm. İnsan olan adam, övladıyla kirayədə yaşayan ərsiz qadın daha çox haqq edir onu. Şair, yazıçı, jurnalist niyə fərqləndirilməlidir? Hətta, bu sözlərimə görə, mənə hücuma da keçə bilərlər ki, Rəsmiyyə Sabir bizə belə deyir. Amma mən düşünürəm ki, nə olursa, haqq-ədalətli olsun. Təkrar-təkrar eyni adamlar alır evi, bunu bütün cəmiyyət bilir. Görürsünüz, siyahını heç kəs açıqlamaq istəmir. Əgər hər şey şəffavdırsa, niyə siyahı açıqlanmır? Siyahı açıqlansın, desinlər ki, flankəsin evi yoxdur. Onu deyə bilmirlərsə, demək ki, haqq-ədalət pozulub. Haqq-ədalət pozulursa, o evlər də verilməməlidir.
Əlbəttə, içində inciyənlər də olacaq. Mənim tanıdıqlarım var ki, heç onların evləri yoxdur. Onlara ev verilmədiyi üçün ona görə də ev alanlara xeyir-dua verənlərdənəm, nə də o ev alanların davalarına qatılmıram. Əgər doğrudan da evi ola-ola yenidən ev alırlarsa, mən onları təbrik etmirəm. Kimin evi yoxdursa, ev alırsa təbrik edirəm, xeyrini görsün. Təkrarən ev almağı isə çox ayıb hesab edirəm. Özünü şair, yazıçı adlandıran belə etməməlidir. Həmişə şairimiz, yazıçımız ölkəmizin öndə gedən ziyalısı olub. Cəmiyyət onlardan nümunə götürüb. Baxın, sosial şəbəkədə bir-birlərinə nələr deyirlər. Cəmiyyət bunlardan nə öyrənəcək. Bu insanlar hələ özləri özlərinə nəzarət etməyi bacarmırlar. Nəfslərinə belə, hakim ola bilmirlər. Nəfsinə hakim olmayan insanın bizim cəmiyyəti irəli götürəcəyi nə dərəcədə doğrudur?!
– Ümumiyyətlə, indiki dönəmdə Yazıçılar Birliyi deyilən qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bu mövzu da diskussiya pridmentinə çevirilib. Yəni bazar iqtisadiyyatı sistemində dünyanın hansı ölkəsində Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı dövlətin büdcəsindən maliyyələşir? Ayrıca penklublar var, özləri özlərini maliyələşdirir. Qrant maliyələşməsi əsasında maliyələşirlər. Açığı, mən özümü o proseslərdən uzaqda görürəm. Necə deyim, xırdalamaq istəmirəm. Qurultaydan sonra görün nələr yazıldı. Mən demirəm hamısı düz idi. Amma yazılanların bir qismi də düz idi. Müəyyən şeylər var ki, öndən gedən ziyalı, şair-yazıçı ideal olmalıdır. Əlbəttə ki, əsl şair, yazıçıdan söhbət gedir. İndi şair, yazıçı da olmaq asan olub. Yazıçılar Birliyinə üzv olmaq da çox rahatlaşıb. Mən düşünürəm ki, bu, belə olmamalıdır. Hər adam gedib kiməsə kitab buraxdırırsa, kimsə ona bir şeir düzəldibsə, AYB-inin üzvü olur. Bəlkə də üzv olmağı normaldır. Bilmirəm, nə bilim. Amma biz həmişə fərqli baxmışıq: Yazıçılar Birliyi, böyük bir qurum. Bəzən orda bəzi adamların üzvlüyünü görəndə deyirsən ki, mənim üzv olduğum qurum budurmu? Axı mənim istədiyim bu deyildi.
Bir nümunə deyim. Tələbə vaxtə Akademiyanın qarşısından keçəndə öz-özümə deyirdim ki, görəsən, nə vaxtsa mən burda işləyə bilərəm? Mənə o qədər əlçatmaz gəlirdi. Bir dəfə Xalq artisti Azərin xanımla görüşdük, mənə balvanka gətirmişdi, mahnı yazmalıydıq. İçəri girəndə dedi ki, Rəsmiyyə xanım, bura məbəddir. Bəzən ki, cılız insanları AYB-də üzv görürük, onlar bizim məbədimizi korlayırlar. Mən düşünürəm ki, bəzi insanlar oranı korlamalı deyillər. Ora bizim həmişə müqəddəs baxdığımız bir yer olmalıdır, müqəddəsliyi qoruyub saxlamalıdır, ya da ki, nə bilim, üç nöqtə…
– Son illər xüsusilə də gənclər arasında kitaba maraq yenidən bərpa olunub. Elə yazarlarımız var ki, kitabları böyük tirajlarla satılır. Bu, sizdə də yazıb-yaratmağa həvəs oyadır?
– Mən kimin kitabı satılıb, satılmamağından asılı olmayaraq şeirimi yazıram. Çünki bu yaxşı bir şeydir ki, müəllif öz kitabının qonorarı ilə dolansın. Bunu hamımız bilirik ki, Azərbaycanda elə bir müəllif yoxdur. Ən çox Çingiz Abdullayevi deyirlər ki, xaricdə kitabları satılır, yerdə qalanınə bilmirəm. Bəlkə var, siz deyərsiniz.
Bu yaxınlarda İstanbuldan, beynəlxalq şeir festivalından gəlmişəm. Burda özlərini çox böyük şair və yazıçı hesab edənləri tanımırlar, heç adlarını belə, eşitməyiblər. Utanıram onların adını deməyə. Vallah, orda onları tanımırdılar, amma gənc yazarlarımızın bəzilərini tanıyırdılar. Halbuki tanınmayanlar özlərini şair və yazıçı adlandıraraq imtiyazlara sahibdirlər. Onlara görə çox utandım. Azərbaycan ədəbiyyatı, şairlərimiz, yazıçılarımız, onların əsərləri haqqında danışmağa başladım, dedim ki, informasiyaları olsun. Kifayət qədər də böyük auditoriya idi. Bəlkə də sosial şəbəkədə görmüsünüz.
Mən kitablarıma heç bir vəsait xərcləməmişəm, ya mükafatlar çərçivəsində xaricdə çap olub, bir qəpik də ödəməmişəm… Nə yazıq ki, indi əksinədir. Çoxu özləri nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram. Cəmiyyətdə qonorar olmalıdır. Mən bu şeir festivalından qonorar da almışdım. Türkiyədəki o ənənə bütün dünyada olmalıdır. Kim kitablarını çox və ya az satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Dövlət bazar iqtisadiyyatı sistemində bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm.
– Sizcə, müasir ədəbiyyatımızın, poeziyamızın ana mövzusu nə olmalıdır?
– Bizim ən böyük əsərimiz Qarabağı qaytarmaqdır. Mənimlə razılaşa da, razılaşmaya da bilərlər. Mənim üçün bundan gözəl bir şey yoxdur. Qələbənin üstündən 3 il keçir. Hələ biz onun təəssüratından ayılmamışıq. Xüsusən də Xankəndinin azad olması, qələbəmizin tamamlanması – o hisslərin təəssüratı altındayıq. Ən gözəl əsərlər də bu mövzuda yaranmalıdır. İllərlə ermənilərin bizim torpaqlarda etdiklərini ssenari olaraq kağıza köçürmək lazımdır. Bunları bədiiləşdirmək, bədii filmlər, hətta lazım gələrsə seriallar çəkilməlidir. Serial cəmiyyətin daha böyük maraq dairəsindədir. Azərbaycan seriallarını demirəm, amma görürsünüz, türkiyə serialları ərəb ölkələrində, hətta Avropa ölkələrində nə qədər məşhurdur. İtaliyada belə, baş rola nə qədər böyük maraq var. Mən düşünürəm ki, məsələn, Türkiyə bu sahədə çox ciddi irəlləyişlər edib. Bunları dövlət maliyyələşdirib. Mən düşünürəm ki, Qarabağı yenidən qurub, cənnətə çevirəcəyik. Bir daha başımıza gələnləri tarixdə təkrarlanmaması üçün biz onları sənədləşdirməli, bədiiləşdirməliyik. Ədəbiyyat bununla məşğul olmalıdır. Keçmişimizi unudanda gələcəyimiz çox təhlükə altında olur. Yeni doğulan nəsilə yalnız biz onları – Qarabağ, Vətən mövzusunu əsərlərlə, filmlərlə anlada bilərik.
– Necə düşünürsünüz, bu gün hansı yazarlarımızın, şairlərimizin əsərləri dünya dillərinə tərcümə olunmağa layiqdir?
– Şair olaraq bir neçəsinin adını çəksəm, deyəcəklər ki, hə, Rəsmiyyə öz bəyəndiklərinin adını çəkir. Ədəbiyyat bir zövq məsələsidir. Sənətə sənət meyarından yanaşanlardanam. Nəsrlə işim olmasın, poeziyadan danışım. Vaqif Bayatılı Ödər. Dünyadan bizi təmsil edə biləcək yazardır. Çox mütəvazi həyat tərzi yaşayan, qalmaqallardan, davalardan uzaqda qalan, öz böyüklüyünü qoruyan və yaradıcılıqla məşğul olan yazarımızdandır. Mən düşünürəm ki, onun əsərləri, onun poeziyası dünyada bizi kifayət qədər təmsil edə bilər. Niyə Orxan Pamuku bütün dünya tanımalı, Vaqif Bayatılı Ödəri yox? Bəxtiyar Vahabzadənin poeziyası, Nüsrət Kəsəmənlinin poeziyası, Vaqif Səmədoğlu, Ramiz Rövşən… bunlar mənim ruhuma doğma, bəyəndiyim, sevdiyimdir. Rüstəm Behrudi də ola bilər. Ən azından türk dünyasında. Çünki Qazax Azərbaycan türkcəsində çox çətin başa düşür. Türkiyə türkcəsini bir az başa düşürlərsə Azərbaycan türkcəsi çətin olur. Daha çox rus dilində oxuyurlar.
Yeni nəsildən də istedadlı yazarlarımız var. Aygün Həsənoğlu var. Rəfiqəm olduğu üçün demirəm, Aygün həqiqətən də o münasibətə layiqdir. Amma təəssüflər olsun ki, dəyərini almayan, bu gün Azərbaycanda yaşamayan yazarımızdır. Bəzən elə əsərləri çap edirlər ki, dünya o əsərləri tanımasa yaxşı olardı. Bəzən elə yazarlarımız kölgədə qalır ki, demirəm o yazarlar tərcümə olmayıb, o yazarların mən bilirəm ki, bəzi əsərlərindən nümunə tərcümə olunub. Amma bunu kompleks şəkilində etmək lazımdır. Çox qəribə tendensiyanı da deyim. Mən özüm də tərcüməylə məşğul oluram. Məsələn, biz almanaxı çıxardanda Dünya Türk Yazarlar Birliyi olaraq şeirləri biz seçirdik, tərcümə edib, Azərbaycanı dünyaya çıxardırdıq. Azərbaycan poeziyasının tərcümə edənlərin əsas tərcüməçisi bir neçə dostumla mən olmuşam. Birinci və ikinci seriya ilə iki almanax buraxdırmışdıq. Ankarada çap olunub. Deməli, biz neylədik, Azərbaycanın ən yaxşı yazarlarını çıxardıb qoyduq ortaya. O zaman isə gənc yazarlar olaraq proyekt işlədik. Tam təmannasız, bir qəpik almadan. Elə şeylər var ki, sən dövlətin, Vətənin adına edirsənsə, ondan təmanna gözləməyə də ehtiyac yoxdur. Amma indi neynirlər, layihələr var, kimin çevrəsində, dostluğunda, qohum əqrəbasında kimdir, kim kimin ətrafında dolaşırsa onları tərcümə edir, çap edirlər. Oxunmayacaq, vallah, oxunmayacaq. Mənə nə qədər kitablar hədiyyə edirlər. Açıram, məni tutursa axıracan oxuyuram, tutmursa bir iki şeirdən sonra qoyuram kənara.
Bu yaxınlarda Bosniya və Hersoqovinadan olan türkoloq şair, alim Amina Siljak Jesenkoviçin şeirləri məni tutdu. Mən o xanımın şeirlərini öz dilimizə tərcümə etdim ki, görsünlər, belə bir şair var. Bilmirəm, bəlkə də tək-tək onu tanıyan var idi. Amma inanmıram ki, Azərbaycan oxucusu onu tanıya. Mən sosial hesabımda paylaşdım. İndi kim oxuyub, lap yaxşı, şəkli görüb informasiya verirlər ki, belə bir yazar var. Onların içində bəyəndiyim ingilis dilində olan əsərlərini yavaş-yavaş tərcümə edəcəm. Böyük əksəriyyət özünə yaxın olanları Azərbaycandan ingilis dilinə çevirir, ədəbiyyatın keyfiyyəti qalır o tərəfdə. Hərə özünü, ya da öz çevrəsini təqdim edir.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz.media