Esmira Çərkəzqızı- Azərbaycan Televiziyasının unudulmaz əməkdaşı…

Esmira Çərkəzqızı- Azərbaycan Televiziyasının unudulmaz əməkdaşı…

Mehriban, ünsiyyətcil xanımdır, yalqızlığı xoşlamır. Ətrafında kifayət qədər insan olanda, özünü xoşbəxt hiss edir. Sərbəstliyi sevir, həyatda çox müstəqildir. Necə deyərlər, azadlıq aşiqidir, ictimai rəyə elə də önəm vermir. Sonadək özü olmağa çalışır. Başqalarına oxşamağa can atmır, ona görə də çoxlarından fərqlənir. Bu heç də onun biganə və ürəksiz olduğunu göstərmir. Əslində o, çox xeyirxah və diqqətcildir. İstədiyi yerdə görünür, istəmədiyi yerdən isə imtina etməyi bacarır…

Deyir ki,- “Mən televiziyaya və jurnalistikaya “əlvida” deməmişəm, “hələlik” demişəm. Axı mənim ikinci ixtisasım da var – Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. İkinci ixtisasıma uyğun dövlət işində çalışmağa başladığım üçün AzTV-ni tərk etdim. Jurnalistika çox sevdiyim bir işdir və həmişə də ondan zövq almışam. Hər zaman efirə işimi, tamaşaçını sevərək çıxmışam, məşhurluğu, reytinqi yox. Bir az yorğunluq, özünəgəlmə dövrü var idi və efirdən uzaqlaşmalı oldum. Bu qərar ümumiyyətlə, həyat axarıma müsbət təsir göstərdi. Çünki AzTV-dəki iş rejimim çox çətin idi. Sabahın yox, axşamın yox, bütün günü orada olurdum. Özümü yalnız televiziyaya həsr etmişdim. Proqramımın biri səhər tezdən, digəri axşam idi. Ortada qalan zaman kəsimində isə ya çəkilişlər olurdu, ya layihələrimin ssenarisini yazırdım. Səhər 6-da evdən çıxırdım, axşam 12-də qayıdırdım. Nə özümə bir xanım kimi zaman ayıra bilirdim, nə də şəxsi həyatıma. Amma dövlət işində stabil iş saatım var idi. Səhər 9-dan axşam 6-ya kimi. Özümə də zaman ayırırdım, dincəlirdim. Bu addımım şəxsi həyatıma da düşərli oldu və ailə həyatı qurdum. Gözəl bir ailəm oldu, övladlarım dünyaya gəldi…”
Haqqında söhbət açdığım Esmira Çərkəzqızı 1971-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. 21 yaşından başlayaraq on beş il AzTV-də çalışıb. 2007-ci ildən dövlət qulluğuna keçib və ailə quranadək həmin sahədə işləyib. 2010-cu ildən Türkiyədə yaşayır, həyat yoldaşı Osmanlı türküdür, üçəm övladları var…
O, bütün iyerarxiya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanlar binədən bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Onun öz prinsipləri var. Onların uğrunda və ədalətsizliyə qarşı vuruşmağa hər zaman hazırdır. Niyyəti, amalı təmizdir, sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına şübhə etmir. Əlbəttə, bu o demək deyil ki, o, çox ciddi və tələbkardr. Heç kimi dəyişməyə cəhd etmir, hər kəsi olduğu kimi qəbul etməyi bacarır…
“AzTV-də 4 sədr dəyişmişəm. Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev və Arif Alışanov. Arif Alışanovla bir il işlədim. Belə bir fikrim var: mənə ehtiyac olmayan yerdə qalmaram. AzTV-də kifayət qədər maraqlı işim vardı. Bu sferada olan insan götür-qoy edir, düşünür. İşdən çıxan ərəfədə artıq özüm üçün perspektiv görə bilmədim. Həm də yorulmuşdum. Ağıllı başla düşünə bilmirdim. O demək deyil ki, Arif Alışanov mənə şərait yaratmadı. Xeyr, belə hal baş vermədi. AzTV-dən öz ərizəmlə ayrılanda “Səhər” proqramının baş redaktor müavini idim, işim də sevdiyim iş idi. Amma inanın səmimiyyətimə, çox yorulmuşdum, yeknəsək iş, qeyri-semimi atmosfer, hər şey mənə təsir edirdi. İndiki dildə desək, tükənmişlik sindromına tutulmuşdum.”- söyləyir…
Keçmişdən daha çox gələcək haqqında düşünür. Elə buna görə də onun mühitində olmaq xoş və maraqlıdır. Həyata müasir baxışı, hadisələrə nikbin yanaşması onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir…
Deyir ki,- “Televiziya mənim içimdədir, Teleməkana təkrar dönmək istərdim, amma çox istərdim ki, bu, TRT-də gerçəkləşsin. Yerində saymağı sevmirəm, öyrənmək ehtirası güçlüdür məndə. Türkiyədə türkcəmi təkmilləşdirmək üçün dil kurslarına getdim, bu sektoru diqqətlə izlədim, öyrənməyə çalışdım. Amma həyat bizə hansı sürprizləri vəd edir, deyə bilmərəm. İnşallah gözəl sürprizlərlə qarşılaşarıq…”
Xalqına, vətəninə çox bağlı xanımdır. On iki ildir ki, Türkiyədə yaşayır, amma Azərbaycana sevgisi tükənmir ki, tükənmir. Fürsət düşən kimi vətənə gəlir. Məhz bu sevginin qarşılığıdır ki, Esmira Çərkəzqızı imzası Azərbaycanda sevilib, sevilir və seviləcək də. Axı insanın imzası unudulandan sonra, özü də yaddaşlardan silinir…
Elman Eldaroğlu
Share: