Esmira Günəş Şəkidə şəhid ailəlləri ilə görüşdü, şəhidlər haqqında yazdığı kitablarına təqdimat keçirdi
“Unutmadıq şəhidim” və “Zirvəyə ucalanlar” kitablarının müəllifi şairə Esmira Günəş iyunun 24-ü Xəzər rayon MKS-in nümayəndəsi Nilufər Abdulova ilə birlikdə Şəkiyə yola düşərək, şəhid ailələrini ziyarət ediblər.
İlk üz tutduqları ailə Şəkinin Çeşməli kəndinin qəhrəman oğlu Baş Çavuş Sakit İsmayılovun ata ocağı olub. Qonaqları şəhidimizin nur üzlü atası İsmayıl İsmayılov və gözəl qəlbli anası Günel İsmayılov qarşılayaraq, evlərində qonaq edib. Onlar birlikdə şəhidimizin öz evində ailəsini və övladlarını da ziyarət ediblər. Günel xanımın aktiv fəaliyyəti nəticəsində şairənin kəndə gəlişindən xəbər tutan Şəki MKS-in rəhbərliyi həm şəhid ailələri ilə görüş, həm də kitablara təqdimat keçirilməsini təklif edib. 25 iyunda Şəki şəhər MKS-də şəhid ailələri ilə görüş təşkil olunub. Tədbirin aparıcısı Esmira Günəş ilk öncə qonaqları salamladıqdan sonra “Zirvəyə ucalanlar” kitabından şəhidlərimizə həsr etdiyi “Zirvəyə ucalanlar” şeirini səsləndirib və bir dəqiqəlik sükutla şəhidlərimiz yad olunub. Daha sonra kitabxananın direktoru Seyid Vahabova təşəkkürünü bildirərək, kitablar haqqında məlumat verib və çıxış üçün ilk sözü Seyid müəllimə verib. Kitabda yer alan Şəki şəhər şəhidlərinə həsr etdiyi şeirlərindən səsləndirərək, sıra ilə qonaqlara da çıxış üçün söz verilib. Tədbirdə Həmkarlar İttifaqının sədri Rəhman müəllim, şəhid Sakit İsmayılovun anası Günel İsmayılova və atası İsmayıl İsmayılov, şəhid Elnur İsmayılovun atası Arif İsmayılov, şəhid İbrahim Məmmədovun yoldaşı Aynur Məmmədova, şəhid Kazım Məmmədsalahovun yoldaşı və qızı, eləcə də digər qonaqlar iştirak edirdilər. Tədbirdə şəhidimizin qızı balaca Aylinin şeiri hər kəsi qürurlandırdı. Esmira Günəşin oğlu balaca Elgün Abbaszadə də şeiri ilə hər kəsin diqqətini cəlb etdiyi tədbirin sonunda kitabxanaya imzalı kitablarını təqdim edən şairə şəhid ailələrinin evlərini bir-bir ziyarət edərək, şəhidlərimizin guşələri ilə də tanış olub. Hər şəhid ailəsinin kitabını şəxsən evlərində imzalayıb, təqdim etdikdən sonra şəhid ailələri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Müstəqil.Az