6 mart 2021-ci il tarixində saat 13:00-da Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Esmira Günəşin “Unutmadıq Şəhidim” adlı kitabının təqdimatı online şəkildə Zoom proqramı üzərindən keçirildi.
Tədbiri Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova hər kəsi salamladıqdan sonra “Unutmadıq Şəhidim!” ll cild kitabındakı ön söz ilə açıq elan etdərək sözü layihə rahbəri Esmira Günəşə verir. Esmira Günəş kitabın ərsəyə gəlməsindən söz açaraq, lll cildlik kitabında xeyli şəhid ailələrini ziyarət etdiyindən, bir çox şəhidlərimizin tanınması üçün onlar haqqında yazılarının qəzet və saytlarda paylaşıldığını bildirdi. Şəhid ailələrinə təsəlli olub, şəhidlərimizin tanınmasında dəstək olan hər kəsə təşəkkürünü bildirdi. Kitabın lll cildinin artıq nəşrə hazırlandığını da qeyd etdikdən sonra sözü şəhid ailələrinə verdi. İlk olaraq çıxış edən şəhid Bilal Qənbərovun ailəsi qeyd etdi ki, Gürcüstanın Borçalı mahalında martın 7-si şəhidimizin adına çəkilən bulağın açılışı olacaq. Gürcüstandan tədbirə canlı qoşulan qohumları şəhidimizin Borçalı mahalının da fəxri olduğunu vurğulayaraq hər zaman şəhidlərimizi hörmətlə yad etdiklərini bildirdilər. Daha sonra tədbir Esmira Günəşin şəhidlərimizə həsr etdiyi şeirlərlə davam etdi. Tədbirin gedişatında Şəmkirin Seyidlər kəndindən şəhid Xanoğlan Xəlilovun anası Xəlilova Səmayə, Hacıqabuldan şəhid Nahid Soltanovun anası İradə Soltanova, Sumqayıtdan şəhid Rüfət Mustafayevin doğması Rübabə Abuşova, Beyləqandan şəhid Allahverdi İmanovun oğlu Aqil İmanov, Nizami rayonundan Şəhid Elvin Abasovun anası Bahar Abasova, Binəqədidən Şəhid Şəhriyar Qasımovun bacısı Zərifə Qasımova, Şəhid Çoban Nurmətovun qardaşı Təbrik Nurmətov, Bərdədən şəhid Elvin Abbasovun həyat yoldaşı Nərgiz Abbasova və bir çox şəhidlərimizin doğmaları çıxış edərək, həm şəhidlərimiz haqqında məlumat verdilər, həm də belə bir layihənin ərsəyə gəlməsində əziyyəti böyük olan Esmira xanıma təşəkkürlərini bildirdilər. Tədbirin bədii hissəsində Salyandan tədbirə canlı qoşulan balaca şair Emin Bayramlı, Qiraətçi Zəhra Nəcəflinin qızı Salahova Xanım ilqar qızı da şəhidlərə həsr olunmuş şeirlərdən səsləndirərək, hər kəsi duyğulandırdılar. Ucar Rayon 8 saylı Müsüllü qəsəbə kitabxanasının rəhbəri Əfsanə Həsənovanın çıxışı hər kəs tərəfindən diqqətlə dinlənildi. O, da öz növbəsində yaşadığı bölgənin şəhidləri haqqında məlumatları paylaşdıqdan sonra tədbir öz axarı ilə davam etdi. Müəllimə, yazar Şəlalə Ağayeva çıxışında bildirdi ki, “şəhidlərimizdən nə qədər yazsaq, nə qədər tanıtmağa çalışsaq da onların haqqını ödəyə bilmərik. Bütün nəsillər şəhidlərimizi tanımalı, xatirələrini əziz tutmalıdır.”
Təxminən iki saat çəkən tədbir o qədər maraqlı keçirdi ki, heç kəs ayrılmaq istəmirdi. Lakin hər başlanğıcın bir sonu olduğu kimi, tədbirin də yekunlaşmaq vaxtı çatmışdı. Sonda Emin Bayramlının şeirini dinlədikdən sonra çıxış edən layihənin təsisçisi Esmira xanım hər kəsə öz dərin minnətdarlığını bildirdi. Onu da qeyd edək ki, martın 12-si şəhid Rüfət Mustafayevin ad günü olduğundan, martın 13-ü onun xatirəsinə həsr olunmuş “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitabının Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə onlayn Zoom proqramı üzərindən təqdimatı keçiriləcək.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Esmira Günəş
“Unutmadıq şəhidim!” layihəsinin rəhbəri.
Müstəqil.Az