Estoniyada Rusiya vətəndaşlığını qəbul edən şəxslər ölkədən çıxarıla bilər

Rusiya vətəndaşlığını qəbul edən Estoniya sakinləri ölkədən çıxarıla bilər.

“Postimees”ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas ölkə parlamentarisinin məktubuna cavabında bildirib.

Baş nazir xanım Kallas təsdiqləyib ki, hökumət Rusiya vətəndaşlığını qəbul etmək istəyən Estoniyanın daimi sakinlərinin deportasiyası variantlarını nəzərdən keçirir.

“Rusiya Federasiyası hərbi manevrlər zamanı (“Zapad” təlimlərini nəzərdə tutulur – red.) Baltikyanı dövlətlərə hücumları məşq edib, davamlı olaraq rəsmi kanallar vasitəsilə Qərb dövlətləri haqqında düşmənçilik və yalan xəbərlər yayır və Aİ-yə qeyri-qanuni miqrasiyanın təşkili praktikasını bərpa edib.

Bundan əlavə, Estoniyada yaşayan bir şəxs Rusiya Federasiyasının vətəndaşlığını almağa qərar verdikdə, Rusiyanın Ukrayna dövlətinə və xalqına hücum etdiyi bir vaxtda, lazım gələrsə, ümumi səfərbərliyin bir hissəsi olmağa hazırdır”, – deyə Kallas bildirib və bunu artıq təhlükəsizlik təhdidi adlandırıb.

Qeyd edək ki, Estoniyada daimi sakinlər yerli seçkilərdə səs verə bilərlər.

Məsələ əsasən vətəndaşlığı olmayan şəxslərə, həmçinin qeyri-müəyyən vətəndaşlığı olan şəxslərə – boz pasport sahiblərinə aiddir.

Bunlar nə Estoniya, nə Rusiya, nə də başqa heç bir yerin vətəndaşlığına malik olan, lakin Estoniyada daimi yaşayış yeri olan böyük əksəriyyəti etnik ruslar və ya rusdilli insanlardır.
Estoniyada təxminən 80 min nəfərə səyahət sənədi kimi boz pasport verilib.

Share: