Mövzu şokolad olan zaman bir çox insan əziyyətlə riayət etdiyi pəhriz rejimini pozur, bəziləri isə idman zallarında itirdiyi kaloriləri və saatlarını unudaraq özünü şokoladın sehrinə təslim edir.
Publika.az bütün bu əziyyətlərə qatlaşmamağın, saatlarla idman etdikdən sonra nəfsinizi saxlamadığınız üçün vicdan əzabı çəkməməyin asan və dadlı yolunu diqqətinizə çatdırır:
Şəkərsiz şokolad!
Bu növ şokolad artıq çəki verməməklə yanaşı, keyfiyyətli yağ və protein qəbul etməyinizi təmin edir.
Resepti
Fıstıq əzməsi
Kokos yağı
Keçibuynuzu unu
Xam kakao
Badam südü və ya üstünlük verdiyiniz hər hansı bir süd çeşidi
Maye steviya (dad vermək üçün)
Hazırlanma qaydası
3 yemək qaşığı şəkərsiz fıstıq əzməsini 1 yemək qaşığı kokos yağının üzərinə əlavə edirsiniz. Alınan qarşığı çox zəif odda qısa bir müddət əridirsiniz. Daha sonra 1 yemək qaşığı keçibuynuzu unu və xam kakaonu əlavə edib qarışdırırsınız. Sonda maye steviya ekstraktını zövqünüzə uyğun olduğu qədər əlavə edirsiniz. Ən sonda südü yavaş-yavaş qarışığa tökürsünüz. Şokolad pudinq formasına gələnə qədər qarışdırılmalıdır. Daha sonra üzərinə bir qədər qovrulmuş fındıq əlavə edə bilərsiniz. Şokoladı odun üzərindən götürüb vaxt itirmədən soyuducuya qoymaq lazımdır. Şokolad 1-2 saat qaldıqdan sonra tam özünü tutacaq.
Bu şokoladı olduqca qısa müddətdə ev şəraitində hazırlaya bilərsiniz. Beləliklə, bol qatqılı, sağlamlığa zərərli şokolad məhsullarından həm özünüzü, həm də uşaqlarınızı uzaq tuta bilərsiniz.