Bir qarabağlı hekayəsi: “Evim kül oldu, gözümü itirdim, amma həyata tutundum”
Səkinə Məmmədova Ağdamın Mahrızlı kəndindəki “Qarabağ” Qadın İnkişaf və Müəssisə qrupunun üzvüdür. Həyat hekayəsinə gəldikdə isə: “2019 mənim üçün fəlakətlər ili oldu. Əvvəl yaşadığım ev yanıb, kül oldu. Ailəmin 4 üzvü tüstüdən zəhərləndi. Bu azmış kimi, mallara qulluq edən zaman heyvanın buynuzundan gözümə ağır zərbə aldım. Dört dəfə əməliyyat olunmağıma rəğmən, gözümün birini həmişəlik itirdim. Son üç ildə nə qədər dava-dərman alsam da, depressiyadan çıxa bilmədim. Mən həyata tutunmaq üçün səbəb axtarırdım! Nə yaxşı ki, yolum Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə kəsişdi, kənddəki layihələrə qoşuldum. İnsanlarla ünsüyyətdə olmağa və sosiallaşmağa başladıqca, ruhlandım, özgüvənim özümə qayıtdı. Bu mənim ilk uğurum idi! Peşə bacarıqları təlimində isə bilmədiklərimi də öyrəndim. Artıq tikdiyimiz yataq dəstlərinin üzərinə tikmə tətbiq edəcəyəm və satışım daha çox olacaq. O gündən bu günə, bütün qadınlara səslənirəm: “Həyatda sağlıqdan başqa itirdiyiniz heç bir şey üçün təəssüflənməyin! Öyrənmək üçün heç bir bəhanəmiz olmasın!”
Sakinə Məmmədova kimi onlarla zəhmətkeş qadının qatıldığı “Kənd Qadınlarının Peşə Bacarıqlarının Artırılması və Bərdə şəhərində Peşə Festivalının keririlməsi” layihəsi çərçivəsində Ağdam, Bərdə, Beyləqanda fəaliyyət göstərən “QARABAĞ”, “FATİMƏ”, “AYSU”, “GÜNƏŞ”, “ELAT” və “GÜLŞƏN” Qadın İnkişaf və Müəssisə Qruplarında 27 fevralda başlayan təlimlər 18 martda başa çatıb. AKQA-nın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı layihədə məqsəd tikiş, çörək və şirniyyat bişirmə, bitkiçilik, tərəvəzçilik üzrə bilik və bacarıqların artırılması yolu ilə kənd qadınlarının cəmiyyətə inteqrasiyasını, ailələrinə iqtisadi dəstək vermələrini və bizneslərini genişləndirmələridir.
Müstəqil.az