Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.

Bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.

23:18

Sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa əməliyyat olunacaq.

Bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata alındı”, – deyə deputatın qohumu bildirib.

Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir məlumatlarının olmadığını da deyib.

23:10

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

“Media nümayəndələrindən Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur”, – məlumatda qeyd edilib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidovun Oxu.Az-a verdiyi məlumata görə, Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb.

“Polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir”, – açıqlamada qeyd edilib.

23:05

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir: “Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”.

22:53

Evinin önündə sui-qəsd nəticəsində yaralanmış millət vəkili Fazil Mustafa xəstəxanaya aparılıb.

Oxu.Az xəbər verir ki, deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

22:46

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli olub.

Musavat.com-un məlumatına görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

22:37

Deputat Fazil Mustafaya sui-qəsd olunub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda yaşadığı evin qarşısında deputata atəş açılıb. Əraziyə istintaq qrupu göndərilib. Əlavə məlumat veriləcək.

Könül Cəfərli

22:28

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

Musavat.com xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb.

Qeyd edək ki, o, iki güllə yarası alıb.

Share: