Kulis.az Malik Atilayın “Yuxu” hekayəsini təqdim edir.
— Hər səhər olduğu kimi dəlixananın qabağından keçib işə gedirdim. Hər səhər də o qız üzünü barmaqlıqlara dirəyib məni gözləyirdi. Bir az ordan-burdan danışırdıq, siqaret verirdim ona. Tez-tez onun üçün haçan elçi göndərəcəyimi soruşurdu. Daha sonra anasının gəldiyini deyib pəncərədən uzaqlaşırdı. Qəribə idi e… — sözünü bitirdi, dostlarının üzündəki bezginlikdən başa düşdü ki, illərdir eşitdikləri bu qəribə sevgi əhvalatı onlarda təəccüb doğurmur, əksinə, hər yeyib-içməkdə “Allah yaxşıların canını sağ eləsin” çeynə-tüpür olmuş tostu kimi köhnəlmiş sevgi əhvalatından hər kəs bezib. Siqaretini yandırıb susdu, sonra yenidən sözə başlamaq istəsə belə hardan, necə başlayacağını bilmədiyi üçün gözlərini yumub, başını arxaya söykədi:
— Sizə də heç nə danışmaq olmur e, — incik uşaq sadəlövhlüyü ilə dostlarının diqqətini təzədən maraqsız hekayəsinə çəkməyə çalışdı.
Başını arxaya söykəyib zümzümə etməyə başladı:
“Azad bir quşdum,
Yuvamdan uçdum…”
Gözlərini açmadan bəlkə, yüz dəfə danışdığı hekayəsini yüz birinci dəfə danışmağa başladı.
— Elə gözəl qız idi ki… Qara-qara saçları, qonur gözləri, üzündə uşaqlıq şıltaqlığı, səsində qorxu… Bir ildən bir az çox olardı yəqin, hər gün məni görüb elçilərimi haçan göndərəcəyimi soruşurdu. Allah günah yazmasın, hər dəfə “sabah” deyirdim, hər sabah yolumu gözləyirdi. Soruşurdu ki, noldu bəs sabah demişdin? Deyirdim ki, haçan demişəm sənə gələcəyik? Uşaqca bir məsumluqla cavab verirdi ki, sabah. Deyirdim, görürsən, sabah demişəm, sabah olmayıb axı… Sabahlar heç vaxt olmurdu… — eyni sözü bir neçə dəfə dedikdən sonra hiss elədi ki, dostları qollarını girib aparırlar onu yatağına uzandırmağa. Gözlərini açanda heç kim qalmamışdı yanında, başını yastığın altına salıb yuxuya getdi.
Səhər işə getmək üçün çıxmışdı evdən. Hər gün o qızı gördüyü pəncərənin qabağında ayaq saxlayıb siqaret yandırdı, sınmış pəncərə şüşəsinin önündə hələ də nəyisə qoruyurmuş kimi duran barmaqlıqlara baxdı. Ağlı kəsəndən bəri həmişə barmaqlıqlar içində qəribə qorxu və kədər yaradırdı, sanki haçansa o barmaqlıqlar arxasından baxmışdı dünyaya, ordan əlini uzadıb azad-azad doğan günəşə, əsən küləyə, yağan yağışa toxunmaq istəmişdi. Barmaqlıqların ardından qorxuducu bir gülüşlə “elçilərini haçan göndərirsən?” – sözlərini eşidib, qorxudan bir neçə saniyə yerində donub qaldı, sonra ayaqlarını güclə yerdən qoparıb pəncərəyə bir az da yaxınlaşdı. İçəridə heç kim yox idi. Tez köhnə dəlixananın qapısına tərəf qaçdı, içəri keçib bir-bir otaqları axtarmağa başladı. Hər addımında öz ayaq səsindən başqa bir ayaq səsi də gəlirdi. Qorxa-qorxa gah dala, gah qabağa baxa-baxa səsin gəldiyi yeri axtarırdı. O qızın otağına çatmışdı, amma içindəki bir şey ona icazə vermirdi qapıdan keçməyə. Səsə çox yaxınlaşmışdı, bir neçə addımlığında gəlirdi artıq… Anidən qapıdan həmin qızın üzü göründü, amma o gözəllik getmiş yerinə üz-gözü döyülməkdən şişmiş, göyərmiş qorxulu bir varlıq gəlmişdi. Üzündəki qorxuducu təbəssümlə əllərini ona sarı açıb “elçilərini haçan göndərirsən” – soruşdu, yerində donub qalmışdı, nə edəcəyini bilmirdi. Qız anidən onun üstünə atılıb: “anam məni başqasına verəcək elçilərini göndər” – deyə qışqırdı.
Qışqıraraq yuxudan oyandı, tez sağa-sola baxdı, tibb bacıları və bir neçə dəlixana işçisi otağa girib onun əllərini bağladılar, sakitləşdirici iynə vurub yuxuya getməsini gözlədilər. Yaşlı tibb bacısı yeni işə başlamış həmkarına baxıb başını buladı:
— 20 ildi hər gün bu saatda qışqıraraq yuxudan oyanır… Ona görə həmişə bu saatlar üçün həkim tapşırır ki, sakitləşdirici iynəni hazır saxlayaq.
Səhər açılmışdı artıq, uşaqlar dəstə-dəstə məktəbə , işçilər işə gedirdilər. İynənin təsirindən çıxan xəstə pəncərənin qarşısında durub gəlib keçən hamıya eyni sözləri deyirdi: “məni sevirsən ?” ,”elçi göndərəcəksən mənimçün?”. Kimsə dediyi sözləri ciddiyə alıb cavab versə, bir az danışırdı, sonra “anam gəldi” – deyib, pəncərədən çəkilirdi. Ordan keçən hamı onun bu xasiyyətini bilirdi. Bəziləri onunla zarafatlaşmaq üçün dayanıb söhbət edirdi, bəziləri sadəcə təəssüflə başını bulayıb yoluna davam edirdi. Yoldan keçən uşaqlardan biri pəncərəyə baxıb onu çağırdı:
— Elçilərimi göndərim sənin üçün?
Tökülüb bir ovuc qalmış saçlarına nazlana-nazlana sığal çəkərək, — Haçan göndərəcəksən? — dedi
— Sən istə, günü sabah göndərim.
— Yox sabahlar olmur, — deyib başını barmaqlıqlara çırpmağa başladı. Bayaqdan gülüşən uşaqlar qorxularından qaçıb getmişdilər, o isə başından qan axa-axa eyni sözləri deyirdi: “sabahlar olmur”.
Gözlərini açanda başında şiddətli ağrılar var idi, əlləri yatağa qandallanmışdı. Bir neçə saat o vəziyyətdə qalandan sonra həkim içəri girib yanındakı stulda əyləşdi:
— Nəyə əsəbləşdin elə? Bu gündən sənin pəncərənə taxta vurduracam, belə olmaz axı…
Həkim otaqdan çıxandan sonra yatağından qalxa bilməsə də, var gücüylə qışqırmağa başladı: “məni sevirsən?” , “elçilərini göndərəcəksən mənimçün?” “anam gəlir mən getdim”… Sonra qışqıra-qışqıra yuxuya getdi. Gördüklərinin təsirindən çıxa bilməyən gənc tibb bacısı əllərini başının arasında sıxıb “mən hara gəlmişəm?” – deyə-deyə mızıldanırdı. 20 ilini bu dəlixanaya verən “medsestra” Bəsti otağa girib gənc həmkarının yanında oturdu. Ona ürək-dirək vermək üçün min dərədən su gətirsə də, bir neçə saat əvvəl başı bir neçə yerdən partlamış və o vəziyyətdə qışqıra-qışqıra dəhlizdə qaçan dəlinin qorxusu canından çıxmırdı ki, çıxmırdı.
Bir xeyli səssizlikdən sonra gənc tibb bacısı gözlərini qan ləkələri olan döşəmədən ayırmadan soruşdu:
— Adı nədi onun ?
Bəsti sanki bu sualı gözləyirmiş kimi tez sözə başladı:
— Adı Ramizdi. 20 ildi burdadı. Axır 2-3 ay idi ki, düzəlmişdi e, yenə tutub “pristupları” . Fağır adamdı, yanına gəlib gedəni yoxdu, bizim həkim olmasa, çoxdan ölmüşdü. Həkim öz cibindən müalicə edir onu. Paltarından tutmuş siqaretinə qədər alıb gətirir.
— Bəs “elçilərini haçan göndərirsən” nə deməkdi ? Elə bilir ki, qadındı?
— Bilmirəm , vallah — Bəsti çiyinlərini çəkdi — elə olar da yəqin ki…
Son hadisənin üstündən bir neçə həftə keçmişdi, səhərə yaxın yuxudan qorxaraq oyanmaqdan başqa Ramiz heç nə eləmirdi. Həkimin ona ürəyi ağrımış, pəncərəyə vurdurduğu taxtaları sökdürmüşdü. Hər səhər pəncərənin qarşısında oturan Ramiz heç kimlə danışmır, onunla zarafatlaşmaq üçün atılan atmacalara cavab vermirdi. Yavaş-yavaş yaxşılaşdığını görən həkim artıq ona otaqdan çıxmağa icazə verirdi. Ramiz hər axşam səssizcə otaqdan çıxıb dəhlizdə gəzir, nəsə zümzümə edirdi özü üçün. Bir gecə salamsız-kəlamsız gənc tibb bacısının yanında oturub sözə başladı:
— Mən əslində, onu sevirdim — yarıyuxulu vəziyyətdə oturan qadın qorxudan dik atılıb Ramizdən bir az uzaqlaşdı, o, buna əhəmiyyət verməyərək sözünə davam elədi, — qəribə qız idi , qara-qara saçları, qonur gözləri, üzündə uşaqlıq şıltaqlığı, səsində qorxu… Bir məhlədə böyümüşdük, hələ bura düşmədən tanıyırdım onu — ciblərini yoxladı, əzilmiş bir siqaret çıxarıb damağına qoydu — onda heç nə indiki kimi deyildi, indi cavanlar sevir, bir yolunu tapıb birləşirlər… Bizim vaxtımızda alınmırdı, bəlkə də, mən qorxurdum deyə alınmırdı — gözlərindən yaş süzüldü, susdu bir az, yenidən danışmağa başlayanda səsi dəyişmişdi, — iki dəfə elçi göndərdim , alınmadı, anası razı olmadı. Sonra müharibə başladı, məni cəbhəyə apardılar, onu ər evinə… 90-ların uğursuz sevgilərindən biri idi də bizimki. Mən müharibədən qayıdanda artıq Aynuru dəlixanaya salmışdılar. Məhəllədə söz-söhbət gəzirdi ki, əri hər gün döyürmüş onu, bir gün Aynur bezib, gecə yatdığı yerdə öldürüb ərini. Sonra üst-başı qan içində məhəllədə ora-bura qaçan yerdə görüblər. Sonrası da məlumdu da, bura gətirib , bağlayıblar. — köks ötürüb sözünə davam elədi — döyüşdən təzə gəlmişdim burda aşağıda, bazarda işləyirdim. Burdan keçəndə bir gün pəncərədən bayıra baxdığını gördüm , məni görüb gülümsədi… Elə bil, heç nə olmamışdı nə mən getmişdim, nə də o kimisə öldürmüşdü. Üzümə baxıb, uşaq utancaqlığı ilə: “elçilərini haçan göndərəcəksən” – dedi, bir az susandan sonra “sabah göndərəcəm” – dedim. “Vay, anam gəldi” – deyib qaçdı içəri. Belə-belə hər gün o barmaqlıqların arxasında, mən çöldə, – qəribə sevgi əhvalatını yaşamağa başladıq. Tez-tez onun üçün kitab, şokolad gətirirdim, siqaret verirdim… Bir gün yenə səhər işə getmək üçün evdən çıxmışdım, pəncərənin qarşısından keçəndə Aynuru görmədiyim üçün nigaran qalıb səslədim onu. Yorğun bir şəkildə pəncərədən boylandığını gördüm, necə olduğunu soruşdum, könülsüz cavab vermdi. Qəribə idi, heç cür mövzunu elçiliyə gətirmirdi. Dedim, bu dəfə mən soruşum onun suallarını: “məni sevirsən?” – dedim, “sevirəm” – dedi. “Elçilərimi haçan göndərim?” – soruşdum. Qışqırmağa başladı: “yox göndərmə, anam məni başqasına verib, göndərmə, göndərmə, sən sabah göndərəcəyini demişdin, göndərmədin məni başqasına verdilər” – deyə qışqıraraq qaçdı — bayaqdan sakitcə ağlayan adam indi hönkürtü ilə ağlayırdı, — sonra öldü, bir xəbər gəldi ki, Aynur ölüb…
Gənc tibb bacısı qorxudan yerində donub qalmışdı, nə otaqdan çıxa, nə də kimisə köməyə çağıra bilirdi. Ramiz isə ağlayır, var gücüylə qışqıraraq gah öz səsiylə, gah daha incə bir səslə danışırdı :
— Elçilərini haçan göndərirsən?
— Sabah.
— Yox göndərmə anam məni başqasına verib. Bax anam gəlir…
Ramiz qışqıra-qışqıra otaqdan qaçmışdı, qorxudan rəngi-ruhu ağaran qadın masadan tuta-tuta bir təhər özünü divana atıb keçirdiyi şokdan bir nöqtəyə zillənmiş və eyni sözləri təkrarlayırdı: “Anam məni başqasına verib”. Bəstinin qışqırığı ilə şokdan ayılan gənc qadın səsə sarı qaçdı, Ramizin otağının qarşısında yığışan tibb bacıları və başqa işçilər şok içində otağa baxırdılar, otağın ortasında Ramizin cansız bədəni…