Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan və “tiryəkxana” təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Bundan başqa, yun-iyul aylarında həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb.
Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.