“EYBƏCƏR BAXIŞIMIZLA GÖZƏLİ ÇİRKİN ETMƏYƏK…” – Vaqif Osmanovun “Xanım Taksi” ilə bağlı fikirləri…

EYBƏCƏR BAXIŞIMIZLA GÖZƏLİ ÇİRKİN ETMƏYƏK…

Bütün dərdlərin məlhəminin gülümsəmək olduğunu çoxdan bilən Azər Qismət hamının “paytaxt” salatına lazım olacaq inqridientlərin siyahısını tutmaqla məşğul olduğu ilin son günlərində bizi sözün işığına səsləyib gözəl “XANIM TAKSİ” ilə tanış etdi. Hamımızın ürəyindən oldubu görüş. Kitabı 16-cı səhifəyə qədər oxuyub Azər müəllimə bayram təbriki əvəzi nəsə yazmaq eşqinə düşdüm. Bu “eşq”im ala-çiy olsa da bəzək-düzəksizdir, təbiidir. Səmimi olub olmadığını siz deyin…

Azər müəllimin çoxumuzun fikirləşdiyi kimi dodaqqaçırmalı novellasında elə nüanslarla qarşılaşdım ki, nəinki dodağım qaçdı,dodaqlarımı bir-birinə bərk-bərk sıxıb düşündüm:

“Malını, (yəni almalarını – V.O.) heç kimə qıymayan, kəsiri olan” (yəni övladı olmayan) kəslər – “mehrini ağaclara, mətbəx əşyalarına, ayaqyolu inventarlarına salan” insanlar (kişi və yaxud qadın, nə fərqi?) “gecələr çömçəni qucaqlayıb yatarmış, yaxud pişiyinə laylay çalarmış”. Kiçik novellada müəllifin yaratdığı insan xarakterləri dramatik düşünməyə məcbur edir. Belə insan xarakterlərinə Mopassanın, Merimenin əsərlərində rast gəlmişəm…

Ovqatında, taleyində oxşarlıq olanların dərdləşməsinin “şirinliyinə” şahidliyi az etməmişik. Ona görə də “gözləri çəp, yekəburun süpürgəçi qıza ” “Sən gözəlsən, sən çiçəksən!” demək “Gicbəsər ər”in ironiyası – “məzələnməsi” yox, böyüklüyüdür. Axı “sınmış adamdan cəmiyyətə xeyir gəlməz. Onun ürəyinə istilik gətirsək, özünün kimlərəsə lazım olduğunu duyar”. Bax, budur Azər Qismətin bir novellasının məna tutumu, mərhəmət yükü, fəlsəfəsi. Azər müəllim “qəlblərin rəsmini çəkən” rəssammış, həm də…

“Uduzan adamı kim sevməz ki? Qalibi və ya son ana qədər mübarizə aparanı kimsə xoşlamaz, ona nifrət edərlər. Çünki qalib – insanda ümid öldürür, paxıllıq, kin yaşadır”. Azər müəllim milli ruhumuzdan irəli gələn əndrəbadi, bir az yumşaq desək müti cəhəti qabardıb önə çəkir və bunu bilə-bilə qəsdən edir. “Gicbəsər ər”in müdrikliyinə görə, uduzanlar zərərsizdir, belələrini sındırmağa təşəbbüs göstərmirlər”. Ona görə də “gicbəsər ər ona arxadan təpik vuranı bağışlayır ki, qoy o da öyünsün ki, mən də kişiyəm, arvadını döyən əsəbi qonşusunun başına çələng qoyur ki, yumşalsın, nərddə uduzur ki, rəqibinin ikinci nəfəsi açılsın, yüksələn qan təzyiqi normaya düşsün. Bunları çoxumuz mütilik, zəiflik, mübarizədən yayınmaq, cəsarətsizlik kimi anlayırıq. Bəlkə bunun adını xeyirxahlıq qoyaq?!.

“Gicbəsər ər” yeni “tibbi xidmət” növü təklif edir: “söyüş terapiyası”. Onun qənaətinə görə “boşalan ürəklər təhlükəli olmur”. Maraqlıdır…

Azər müəllimin təxəyyül süzgəci, cümlələrdəki sətiraltı mənalar, deyim tərzi onun söz dəyasında mahir üzgüçü olmasından xəbər verir: “Ay işığında sifəti çobanyastığı açdı”, “Qarşına öküz çıxsa, indiki qalibiyyət şarını bircə buynuzla deşib havanı çıxaracaq”, “Arvadının gülüşü ağzının hüdudları ilə kifayətlənmədi”,”Kafedəki gənclər də buxar maşını kimi tüstülənir” və s.

Bu novellada cəmiyyətin dərdləri Mirzə Ələkbər Sabir sayağı dilə gətirilir. Zəngin informasiya daşıyan cümlələr, satirik ruhla qələmə alındığından ürəyə təsir qüvvəsi ağırdır: “atmosfer qatının deşiklərindən gələn xəstəliklər, immunitet üçün bədənin kimyəviləşməsi, nüvə müharibəsinə hazırlıq üçün orqanizmi kimyəvi qidalara uyğunlaşdırmaq, özümüz özümüzü çirkləndirək ki, orqanizmimiz bu sürprizdən çaşıb qalmasın”. İroniya ilə gerçəkliyin birliyindən yaranan belə fikirləri anlamaq, nəticə çıxarmaq hər beynin işi olmasa da həyəcan siqnalı oyanmağa kömək edər. Yazıçının məqsədi budur!..

Bunun nəyi novella oldu ki? Əziz oxucularım, virtual gözlərinizə baxan kimi oradan bu sual tullanıb qarşımı kəsdi. “Gicbəsər ər”i anlasanız, sona kimi oxusanız, müəllifsiz də, mənsiz də sualınıza cavab tapacaqsınız…

Eybəcər baxışımızla gözəli çirkin etməyək!

Hələ Azər müəllimin pişiyə mərhəmətindən yazmadım. Görəcəksiniz ki,onun ürəyi bu dünyaya sığmır. Bənzətməm Nəsimi ilinin sonunda yerinə düşdümü görəsən? Onu bilirəm ki, bu il Nəsimi ruhunu mən də narahat etdim. Bir çoxlarından fərqli olaraq cəmi bircə dəfə…

VAQİF OSMANOV. 31.12.2019.

Share: