Müstəqil.Az Rusiyada yaşayıb-yaradan tanınmış yazar-tərcüməçi Araz Gündüzün “Eynşteynlə Rabindranat Taqorun söhbətləri” tərcüməsini təqdim edir:
Bu söhbətlər Eynşteynin Berlin ətrafındakı bağ evində baş tutmuşdur.
Birinci söhbət. 14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı və kənarda olan tanrının varlığına inanırsınızmı?
Taqor: Dünyadan kənarda olan tanrı yoxdur. İnsanın mahiyyəti tükənməz, ölümsüz olduğu üçün, o, Dünyanı dərk etməyi bacarır. İnsan kimliyinin dərk edə bilməyəcəyi heç nə ola bilməz. Bu isə elə, Dünyanın bütün gercəklərinin də, özündə insanilik daşıması deməkdir. Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm. Materiya, elektronlarla protonlardan qurulmuşdur, onların arasında isə başqa bir şey yoxdur, ancaq biz materiyanın törəmələrini – biri-biriylə bağlanan ayrı-ayrı elektronlarla protonların toplusu kimi yox, bütöv gerçəklik olaraq görməkdəyik. Bunun kimi, insanlıq dediyimiz gerçəklik də, ayrı-ayrı fərdlərdən yaranır, ancaq bu fərdlər arasında olan insanlıq bağları insan toplumunu, bütöv görünən, həyati bir orqanizm biçiminə salır. Dünyayla insanlığın bağlılığı da, elə onların öz aralarında bu cür birləşməsindən yaranan bütövlükdür. Bu – insandan ayrılmaz olan Dünyadır. Dediyim bu ideyanı mən incəsənətdə, ədəbiyyatda, dini inanclarda izləyib, araşdırmışam.
Eynşteyn: Dünyanı dərk etməkdə, biri-birindən fərqlənən iki yanaşma vardır:
1.Dünyanın varlığı büsbütün insan şüurundan asılıdır.
2.Dünya insan şüurundan asılı olmayan bir gerçəklikdir.
Taqor: Yaşadığımız Dünya, Ölümsüz İnsanla sürəkli bir harmoniyada olduğundan, biz bu Dünyanın gerçəklərini qavraya, gözəlliklərini duya bilirik.
Eynşteyn: Bu dedikləriniz, Dünyaya insan olaraq yanaşmaqdan doğan yozumdur.
Taqor: Başqa bir yozum ola da bilməz. Bu dünya, insanın dünyasıdır. Dünyaya elmi baxış – hansısa bir alimin baxışıdır. Dünya bizdən ayrılıqda var ola bilməz. Dünya bizdən asılıdır, onun gerçəkliyi bizim şüurumuzdan asılıdır. Həqiqətin, gözəlliyin bəlli ülgülərinin, standartlarının olması, bu dünyanı mötəbərləşdirir, bu standartları isə Ölümsüz İnsan yaratmışdır, onun qavradıqları, duyduqları isə, getdikcə, bizim qavramımıza, duyumumuza çevrilir.
Eynşteyn: Sizin dediyiniz bu Ölümsüz İnsanı, insanın mahiyyəti də adlandırmaq olar.
Taqor: Elədir, bu, insanın ölümsüz, tükənməz olan mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklərlə qavraya bilərik. Bununla da, bizim adlaya bilmədiyimiz çevrələrdən kənara çıxmağı bacaran Üstün İnsanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı şəxslərin qavramlarında qapanıb qalmır, Dünyanın ayrı-ayrı fərdlərdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir. Din isə, ayrı-ayrı fərdlərdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan ehtiyaclarımızla bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir.
Eynşteyn: Onda belə çıxır ki, həqiqət də, gözəllik də, insandan asılı olan gerçəklərdir.
Taqor: Elədir.
Eynşteyn: Birdən insanlar yoxa çıxarsa, onda Belvederli Apollon1 öz gözəlliyini itirərdimi?
Taqor: İtirərdi!
Eynşteyn: Mən gözəlliyin bu sayaq yozulması ilə barışıram, ancaq həqiqəti belə yozmağı yanlış sayıram.
Taqor: Nə üçün? Həqiqəti insandan başqa da, qavrayan varmı?
Eynşteyn: Demək istədiklərimi doğrultmağa söz tapa bilməsəm də, ancaq mənim inandığım din elə budur.
Taqor: Gözəllik – bitkin bir uyumluğun – harmoniyanın ideala yaxınlaşmasından doğur, bu özünün örnəyini Universal İnsanda göstərməkdədir; həqiqət isə bu Universal İnsanın şüurunun qavradıqlarıdır. Biz, ayrılıqda götürülmüş fərdlər olaraq, kiçikli-böyüklü yanlışlıqlar edərək, sınaqlardan keçərək, şüurumuzu aydınladaraq, bu həqiqəti qavramağa yaxınlaşırıq, yoxsa, biz həqiqəti başqa necə qavraya bilərik?
Eynşteyn: Mən elmin doğru saydıqlarının, doğrudan da elə insandan asılı olmayan həqiqətlər, gerçəkliklər olduğuna sizi inandırmaq üçün söz tapa bilməsəm də, ancaq özüm buna ürəkdən inanmaqdayam. Götürün elə Həndəsədəki Pifaqor Teoremini, bu, insandan asılı olmayan bir gerçəkliyin, gözəyarı da olsa, doğruluğunu göstərmirmi? Elə isə, insandan asılı olmayan reallıqlar varsa da, onda bu reallıqlara uyğun olan həqiqətlər də olmalıdır, bunlardan birinin danılması, elə o birinin də danılması deməkdir.
Taqor: Universal İnsanın qavradığı həqiqətlər, insani olan həqiqətlər olmalıdır, yoxsa bizim, yəni ayrı-ayrı fərdlərin qavradıqlarını da, həqiqət saya bilmərik, onlara ən azından, elmi həqiqətlər deyə bilmərik, ancaq elə insanın düşünmək bacarığı yaradan orqanlarından doğulan bu məntiqi düşüncələrin yardımı ilə qavradığımız elmi həqiqətlər də, bizi addım-addım həqiqətə doğru aparır. Hind fəlsəfəsinə görə, Brahma adlanan absolyut-mütləq bir gerçəklik vardır, onu yalnız istəməklə qavramaq olmaz, həmçinin, onu sözlə anlatmaq mümkün deyildir. Onu qavramaq istəyən kimsə, büsbütün sonsuzluğa dalmağı, qovuşmağı bacarmalıdır. Bu isə, sözsüz, elmi həqiqət sayıla bilməz. Bizim bayaqdan söz açdığımız gerçəkliklər isə, bəlli görünüşü olan gerçəklərdir, yəni onlar insan şüuruna gerçəklik kimi görünürlər, ona görə də, bunlar ancaq insani gerçəklərdir. Onu biz, Mayya2 da, illüziya da adlandıra bilərik.
Eynşteyn: Sizin, ola bilsin, hind fəlsəfəsindən doğan yozumunuza görə, bu illüziya dediyiniz şey, yalnız ayrı-ayrı fərdlərin deyil, bütün insanlığın qapıldığı bir illüziyadır.
Taqor: Elmdə biz bəlli bir qaydaya uyaraq, şüurumuzun dar çevrəsindən qurtuluruq, ona görə də, Universal İnsanın anladığı gerçəkləri qavraya bilirik.
Eynşteyn: Bu gerçəklik bizim şüurumuzdan asılıdırmı? Başlıca problem də, elə budur.
Taqor: Bizim həqiqət adlandırdığımız şey, – gerçəkliyə subyektiv yanaşma ilə obyektiv yanaşmanın ağlabatan harmoniyasından yaranır, elə Universal İnsan da, gerçəkliyə bu cür yanaşır.
Eynşteyn: Ona qalsa, biz gündəlik həyatımızda belə, işlətdiyimiz predmetlərin varlığının insandan asılı olmadığını sanırıq. Biz bunu, duyğu orqanlarımız arasında anlaşılmazlıq yaranmasın deyə edirik. Örnək üçün, bu gördüyünüz stol, evdə heç kim olmayanda belə, öz yerində dayanıb-duracaq, yox olmayacaqdır.
Taqor: Elədir, dediyiniz durumda stol hansısa bir şəxs üçün görünməz olacaqdır, ancaq o universal şüurdan gizli qala bilməyəcəkdir. Mənim stol kimi qavradığım şeyi, mənim kimi şüur yiyəsi olan bütün çəxslər də belə qavrayacaqlar.
Eynşteyn: Gerçəkliklərin varlığının insandan asılı olmadığını sözlə anlatmaq, doğrultmaq olmur, ancaq, deyərdim ki, yer üzündə yaşamış ilkin insanlardan tutmuş bugünəcən, bütün insanların hamısı buna inanmaqdadır. Biz gerçəkliyi qavraya bilməyi, ancaq Universal İnsanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq. Yəni, bizim varlığımızdan, sınaqlarımızdan, şüurumuzdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik.
Taqor: Elmin anlatdığına görə, stolun bərk bir predmet olması yalnız bir görünüşdür, elə bunun kimi də, insanın şüuru olmasaydı, onda onun stol kimi anladığı predmet də olmayacaqdı. Bununla yanaşı, stolun elementar fiziki varlığının, – elektrik yüklü, ara vermədən fırlanan, kiçik zərrəciklərdən qurulduğu da, artıq bəllidir, ancaq bunu bilməyimiz də, elə insanın şüurlu olmasınna görədir. Gerçəkliyi qavramanın gedişində, Universal İnsanın şüuru ilə, ayrı-ayrı şəxslərin şüuru arasında arası kəsilməz bir çəkişmə gedir. Elmdə, fəlsəfədə, etikada, sürəkli bir qavrama prosesi getməkdədir. Məncə, insandan asılı olmayan hansısa absolyut-mütləq gerçəklik olsaydı belə, o bizm üçün büsbütün gərəksiz olardı. Biz düşüncəmizi gücə salıb, elə bir şüuri vəziyyət qondara bilərik ki, o, baş verən hadisələrin ardıcıllığını yalnız zamana görə dəyərləndirsin, onların baş verdiyi məkanı gözardı etsin, onda Dünyada baş verən hadisələrin ardıcıllığı da, yalnız zamandan asılı olar, haradasa not yazılarının ardıcıllığına görə çalınan musiqiyə bənzəyərdi. Belə bir şüur üçün, gerçəkliyi qavramaq, musiqi gerçəkliyini qavramaq kimi baş verəcəkdir, burada artıq Pifaqor Teoreminin azacıq da olsa mənası qalmayacaqdır. Tutalım, kağız adlanan gerçəklik var, o özü-özlüyündə ədəbiyyat adlanan gerçəklikdən çox-çox uzaqdır. Kağız yeyən Göstəbəyin qavramında ədəbiyyat adında bir predmet yerli-dibli yoxdur, ancaq insanın şüurunda ədəbiyyat adlı gerçəklik var, özü də o, kağız adlanan gerçəklikdən qat-qat dəyərlidir. Ona görə də, insan şüurundan, duyğularından asılı olmayan hansısa bir gerçəklik olsa belə, biz özümüzün insani şüurumuzla yaşadıqca, o bizim üçün büsbütün gərəksiz, dəyərsiz olaraq qalacaqdır.
Eynşteyn: Onda belə çıxır, mən dinə sizdən çox inanmaqdayam.
Taqor: Mənim dinim – Ölümsüz İnsanı, Universal İnsan ruhunu, öz varlığımda axtarıb tapmaq, onu qavramaqdır. Mən bütün bu dediklərimi geniş şəkildə, “İnsanın dini” adlı mühazirələrimdə göstərmişəm.
1Belvederli Apollon deyiləndə, qədim yunanların Günəş, işıq tanrısı saydıqları Apollonun Vatikanın Belveder bağçasında qorunan qədim mərmər heykəli nəzərdə tutulur.
2Mayya – induizmlə buddizmdə bir termin olaraq işlənməkdədir, bu inanclara görə, insanın öz idrakı ilə öyrənib bildikləri, gerçəkliyin ötəri-keçici görüntüləridir və onlar buna mayya deyirlər.
Rus dilindən tərcümə etdi: Araz GÜNDÜZ
(ardı var)