FƏDAKAR QADIN
Bəşəriyyət öz varlığına görə biz qadınlara borcludur! Çöhrəsinə təbəssüm bəxş edəndə iç dünyasının bütün gözəllikləri üzündə ehtiva olunur. Tanrı da cənnəti ayaqlarımızın altına xalı kimi sərmişdi. Qadın sevgidir… qadın anadır… qadın gözəllikdir…qadın zəriflikdir. Gözəl qadını olan evin divarları da gülür, sanki. Eyni zamanda zərif cinsin nümayəndəsi olsaq belə…Qadın güclüdür… Növbəti qəhrəmanımız fədakar qadın Bahar xanım Abbasovadır. Həyat heç də bu xanımın üzünə gülməyib. Özü gülərüz olsa belə… Daş- kəsəkli, çınqıllı yollar ayağını, ürəyini qanatsa da kədər muncuq-muncuq yoluna səpələnsə də buna rəğmən, bu xanım həmişə gülməyi bacarıb.
Bir neçə il bundan əvvəl tədbirlərin birində, kitabxanamıza soyuq, qarlı bir qış günündə təşrif buyurmuşdu. Gəlişi ilə qış günlərimizə bahar ovqatı gətirdi. Zəncirvari dostlarımızın bir halqası da artdı.
Adətən, bütün qadınlar işlərinin asan həll olunmasını istəyir. Amma, bu xanım çətinliyi çiyinlərində daşımaq ona xüsusi zövq verir.
Gözünün ağı-qarası Gültəkin adlı gözəl-göyçək bir qızı var. Allah bəxtini də gözəl etsin.
Gümüş adlı autizim sindromlu, fiziki məhdudiyyətli xəstə bir uşağı öhdəsinə götürmüşdü. Tanıdığım bu müddət ərzində öz doğma qızından ayırdığını görmədim. Onun nazı ilə oynayar, hər hərəkətini müsbət qarşılayar.(mənfi olsa belə)
Yarım əsrlik bir ömür yolunu keçmişdir. Yaşadığı bu müddət ərzində qəm də yeyib, sevinc də dadıb. Hal-hazırda qiraətlə məşğul olur. Məlahətli səsinin ahəngində, yazılan şeirlərə ikinci nəfəs verir. Bəzən dediyi seirlərdə sevinc daşlara çırpılır, ah-nalə çəkir, fəryad edir. Kədər qəh-qəhəsi ilə qəlbinə hakim kəsilir, ona əzab verir. Nəticədə sağlamlığına ciddi təsir edir. Sevgili çağları illərin o tayında ilişdi qaldı…
Gözlərinin dərinliyində bir kədər, bir nisgil yuva qurub. Bir gözü gülsə də o biri gözü ağlayıb, həmişə. Autizim xəstəsi olan qızı Gümüşün xəfif təbəssümündə dünya onu üçün gümüşü rəngə boyanır. Rəngbərəng əlvan çaları, əyri-üyrü, nahamvar ömür yolu kimidir…Bu yolların enişi var… yoxuşu var… hamarı var… daş-kəsəyi var.
50 –illik yubiley ərəfəsindədir. Bundan sonra çiyinlərində bir əlli illik həyat yükü-ömür yükünün arzusundayam.
Səmayə Güləli qızı sairə-publisist