Fələstin və Türkiyə İsrailin Qüds işləri və irsi naziri Amihaya Eliyahunun Qəzza zolağına nüvə zərbəsi endirmək ehtimalı ilə bağlı sözlərindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossiyə müraciət edib.
xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Fələstinin Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi müşahidəçisi Salah Abdel Şafi deyib.
“İrs naziri Qəzzaya nüvə bombası atılmalı olduğunu deyəndə, bir növ İsrailin nüvə silahına malik olduğunu etiraf edib. İsrail bunu həmişə təkzib edib. Bu baxımdan təkcə Türkiyə deyil, hökumətimiz baş direktor Qrossiyə məktub göndərib”, – deyə diplomat TASS-a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, bu məsələ ilə bağlı məktubu Ərəb Dövlətləri Liqasının baş katibi də göndərib. O əlavə edib ki, tərəflər bir-birindən ayrı müraciətlər göndəriblər. Agentlik məktublara cavab verməyib.