“Son nəfəsində burnunu suya deyil,
qayalara sürtərək
ölən balıqlara
Yavaş- yavaş vida edirdim”
Könül Nuriyeva
Böyük şəhərlərdən dar kənd yoluna,
Sağımdan soluma,
Yağışa, doluya
Gülümsəyə- gülümsəyə,
Ağlaya- ağlaya ,
Ömür düzmuşəm göyqurşağı rəngində;
İçi bulud,
İçi darısqal, dağınıq,
İçi qaranlıq..
Səndə günah yox, dostum,
Sən görəndə rəngliydim,
Mən hissə- hissə qaralanda,
Sən rənglərimi sayırdın onda…
Göydəki aydan dənizə düşmüş aya,
Cənubun günəşindən şimala ,
Son nəfəsində burnunu suya deyil,
qayalara sürtərək
ölən balıqlara
Yavaş- yavaş edirdim vida..
Mən heç özüm bilmirəm, dostum,
Sən hardan biləsən axı?!
Bəlkə, dünyanın bu başında doğulmuşam,
O biri tərəfindədi başdaşım..
Bəlkə mən dünyaya gələndə,
Anam əsəbiymiş,
Lənət oxuyurmuş qağayılara –
Öz dilində deyərək ” sirdaşım”..
Sən də elə hey düşünürsən,
Yoruluram vallah,
Mənim də ömrüm qısa,
Əlvida deməliyəm mənə tərs- tərs baxan,
İllərdi şad xəbərlə bizi aldadan qarğalara..
İkimiz də bilirik dost dostluqdan əvvəl ölür,
Kirəmid evdən əvvəl,
Arzu ürəkdən sonra,
Ən axırda, ən sonda ölür.
Adam var doğulan gündən,
Adam var, öləndə ölür.
Ağacdan danışıram, bəyənmirsən,
Nə deyirəm ki, mən yazıq?!
Gəl , çiçək olaq,
Ya da su olaq çiçəklərə..
Sən ağacların hündürlüyü ol,
Mən rəsmini çəkim ucalığın,
Sən ilk açan çiçəklə, son çiçəyin
Arasındakı zaman ol.
Elə et ki, fəlsəfə çaşbaş qalsın,
Özünü itirsin, mədəsi bulansın,
Başı ağrısın..
Sənin davranışından…
Çiçək olmaq əzabmış, deyirsən,
Ağaclardan uzaq qaçırsan,
Su olmaq çətin gəlir, sənə.
Daha nə deyim, özün bilərsən.
Uzaqlaş!
Ən uzağa, okeanın o tayına,
Ən uzaq qalaktikaya get, cəhənnəmə ki..
Bir də adını unutma ” zəhləmgetmiş!”
Bircə ovuclarını açma!
Orda göyqurşağı gizlətmişəm,
Mən olmayanda rəngləyərsən..
Ya da onu yelləncək bilib,
Uçarsan uşaqlığına..
Bəlkə səni görə bilməsəm,
Var incə bir vəsiyyətim,
Orda uşaqlığımı taparsan,
Ona deyərsən ki, gəlirəm, gözləsin..
Bunlar bir yana, xəyaldı da ,
Qururam uşaqyana.
Sənsə susmağı öyrən ,
Danışanda sus,
Gözləyəndə sus,
Lap elə yuxunun ən qorxulu yerində,
Mən sənə ən son baxanda sus..
Qum dənəsindən inciyəndə səhra,
Təngnəfəs olur, dilxor olur,
Milyonlarla qum dənəsinin acığını
Məndən çıxır , səndən çıxır,
İlğımdan, günəşdən çıxır..
Hardansa bir yarpaq tapıb,
Ümidini ona bağlayıb,
Onu geyindirib, bəzəyib
Saplağına eşqanəmələr oxuyur,
Səhra dilində..
Alınmayacaq, qadam, edə bilməzsən,
Səndən filosof çıxmaz,
Düşüncələrini qəfəsə sal,
Qıfılla!.
Ya da bir göyərçinin ayağına bağla, uzağa tulla!
Fəlsəfəni də yaradıblar səndən əvvəl,
Tez- tələsik olub,
Saçlarını əyri kəsiblər,
Alnı açıq qalıb, pis görünür.
Daim tərif ediblər deyə,
Yaman öyrəşib
Tərifsiz çılpaq görünür..
Sənin işin mən idim, mənsə gedirəm
Göyqurşağı qalır, səhra da
Qarğalar, qağayılar..
Dənizə vəfasız balıqlar,
Bir də sənə təkrar- təkrar dönən uşaqlığım.
İncimə..
Mənim demək istədiklərimi,
O söyləyəcək ala- yarımçıq