Həyatda insan üçün xatirəyə çevrilmək nə qədər çətindirsə, xatirəyə çevrilmiş şəxs haqqında öz fikirlərinin ram eləyib yazıya gətirmək bir o qədər də istirablıdır, ağrılıdır. İllah da o şəxs yaradıcı, yaşadıcı, iç adamı ola…
Fərqanə Mehdiyeva…Mən bu adla 80-ci illərdə Salyanda fəaliyyət göstərən “Kürün töhfəsi” ədəbi birliyindən tanışam. Gənc şair Fərqanə Mehdinin (onu bəzən bu imza ilə də çap edirdilər, çağırırdılar) çıxışı məclisin ən “şirin” yeri idi. Bəlkə də hamı onun şeirdə necə qovrulmağını, ruhunu necə dilə gətirməyini, kövrəkliyini necə səsinə köçürməyini dəqiqələrlə gözləyirdi. Elə onun özü də…Sanki o yanacaqdı biz isinəcəkdik.
Beləcə, zaman ilğım kimi keçir…Heç Kür çayı da dayanmır…Biz də şeirin ömrünə yol gedirik…O yol bizi şeirin qapısından keçirdib illərin doğmasına, sirdaşına, könül dostuna çevirdi. Dəyirmanın çarxı Fərqanənin içini, səmimiyyətini, körpə saflığını üyüdə bilmədi. Necə ki deyirdi:
Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım.
Böyümədim uşaq qaldım
O ki var uduzdum, anam.
Amma o insanlığın gücü ilə zamanı dəyişə bildi. Elə məhz Fərqanənin dəyişməzliyi də bunda idi. Ürəklərin hər üzündə o bir kəpənək pıçıltısını belə yarıda kəsməzdi…Hələ o kəpənəyə qoşulub bir az da onun ağrısını yaşamağı demirəm…
O tək şeirə sevinən, kağıza tələsən adam deyildi. O doğma bildiyi insanın sevincinə, kədərinə yüyürərdi. Xeyir işlərimizə gələr, sanki gəlişi ilə el-obanın toplaşdığı həyət-bacaya özü ilə işıq sovqatı gətirərdi. Uşaq da, cavan da, qoca da özünü Fərqanədə tapmağı bacarardı.
Onun şeirləri təndirdi, daş yonandı, payızdı…Sən onun şeirlərində isinə də, ölə də, ayrıla da bilərsən..Ayrılıqdan söz düşmükən deyim ki, Fərqanə elə ən böyük ayrılıq idi. Biz indi xəbər tutduq…
Heç də darıxmasın Fərqanə. Hələ çaylar axır, hələ yağmayan yağışlar var, SALAMLAŞAĞIQ!!!
Eldar İsmayıloğlu
Şair