Mehriban, gülərüz, istiqanlı adamdır. Yalqızlığı, tək qalmağı xoşlamır. Dostları ətrafına toplayıb, ünsiyyət qurmaqdan zövq alır. İncə yumor hissinə malikdir, həmsöhbətində şən ovqat yarada bilir. Yersiz danışmır, sözü zamanında, yerində söyləyir.
Heç vaxt heç nədən gileylənmir, şükr etməyi bacarır. Qeybətdən çox uzaqdır, yanında kimsə qeybət etsə, söhbətin səmitini dəyişir. Xeyir-şərdən qalmır, xeyriyyə işlərində öndə olmağı xoşlayır…
Belə bir məsəl var, yaşamaq yaxşıdır, yaxşı yaşamaq ondan da yaxşıdır.
Deyir ki,- “Allahdan çox razıyam. Həyatım rəvan keçib, rahat yaşamışam. Çətinliklər olub, amma sıxıntıya çevrilməyib…”
1951-ci ilin fevral ayında Lənkəranın Vilvan kəndində dünyaya gəlib. 1966-cı ildə orta məktəbi, 1967-ci ilə Respublika Ticarət-Kulinariya məktəbini bitirib. Sumqayıtda “Sintezkauçuk” zavodunun iaşə obyektində əmək fəaliyyətinə başlayıb. İstehsalatdan ayrılmadan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1978-ci ildən təqaüdə çıxanadək “Sintezkauçuk” zavodunun Fəhlə Təhcizatı idarəsinin müdiri vəzifəsində çalışıb…
Sumqayıt ölkəmizin ən böyük şəhərlərindən biridir. Burada respublikanın müxtəlif bölgələrindən gəlmiş insanlar məskunlaşıb. Və bu vəhdət, bu cəmiyyət çox ziyalılar yetişdirib. Onlardan biri də Fəxrəddin Ağakərim oğlu Rəhimovdur. Bu şəhərin ictimai-siyasi həyatında onun da dəsti-xətti var. 1990-cı ildə şəhər sovetinin deputatı olub, bir neçə dəfə şəhər bələdiyyəsinə üzv seçilib…
İnnovativ, müstəqil olmaqdan zövq alan, irəliyə doğru inamla addımlayan bir şəxsdir. Zəngin dünyagörüşü var. Onunla hər mövzuda söhbət etmək mümkündür. Geniş nəzəri məlumata malikdir. Etik normalara ciddi əməl edir, davranışında zadəgandır…
…Həyat yoldaşı evdar xanımdır. İki oğlu, bir qızı, dörd nəvəsi var…
Deyir ki,- “Doğru deyiblər, dövlətdə dəvə, övladda nəvə. Nəvələrimi çox sevirəm. Onlarla ünsiyyətdə olmaqdan ləzzət alıram. Özümü daha gümrah, daha xoşbəxt hiss edirəm…”
Yetmiş ildir yol gedir. Bu yetmiş ildə o qədər adama əl tutub, sevindirib ki, həmin insanların duaları ömrünə, həyatına sirayət edib. Sağlam vücudu, şux görkəmi, gülər üzü bundan irəli gəlir…
…Bir gün Tanrı həzrəti Musaya sual verir:
– Ya Musa, de görüm mənim üçün nə etmisən?
– İbadət etmişəm, İlahi.
– Onu özün üçün etmisən ki, cəhənnəm odundan uzaq olasan. De görüm, mənim üçün nə etmisən?
– Oruc tutmuşam, Qibleyi aləm!
– Onu da özün üçün etmisən ki, cənnətin qapıları üzünə açıq olsun.
– Bütün ömrüm boyu Səni zikr edib, dualar etmişəm, İlahi.
– Bunu da ona görə etmisən ki, yanımda şərafətli olasan. De görüm, mənim üçün nə etmisən?
Həzrəti Musa bir qədər susub, dillənir:
– Ya Rəbbim, başqa nə etməliydim, anlaya bilmədim.
– De görüm, bir yetimin başını sığallamısanmı, bir imkansıza əl tutmusanmı, bir kimsəsizin ehtiyacını ödəmisənmi? Bax, bütün bunlar mən üçün görülən işlərdir…
Bəli, Fəxrəddin Rəhimov bütün ömrü boyu Allah eşqinə çalışıb, Tanrının sevdiyi əməllərə sahib olub…
Fevralın 8-i Fəxrəddin müəllimin 70 yaşı tamam olur. Ona uzun ömür, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
70 yaşınız mübarək!
Hörmətlə, Elman Eldaroğlu