Fəzail Ağamalı Ramiz Mehdiyevin tamahın miqyasından danışdı

”Bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib…”
Maksim Musayevi çox yaxşı tanıyıram. O, kifayət qədər ciddi, obyektiv, sözün düzünü deyən bir insandır. Uzun illər boyu-həm sovet dönəmində, həm də sonrakı illərdə Azərbaycan dövlətinin ayrı-ayrı qollarında rəhbər vəzifələrdə çalışıb, millət vəkili olub və onun söyləmiş olduğu fikirlərin hər biri özündə həqiqəti ifadə edir. Dedikləri, şübhəsiz ki, doğrudur.
Müstəqil.Az bildirir ki, bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı sabiq deputat Maksim Musayevin mətbuata son açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev haqqında fikirlərinə, onun Xızıda uşaq baxçasını mənimsəməsinə münasibətini bildirərkən deyib.
“İndi siz təsəvvür edin ki, tamahın miqyası nə qədər genişdir. Dörd hektar bir sahədə böyük bir villa…Özü də özü tikməyib, onu heç şübhəsiz ki, icra başçısının yığmış olduğu rüşvətin və dövlətdən oğurladığı pulların hesabına tikdirdib, ancaq görünür, həmin villanın dörd hektarlıq sahəsi də buna kifayət etməyib. Gör nə qədər mənəvi cəhətdən aşağı olasan ki, uşaqların təhsil, tərbiyə aldığı bir müqəddəs yeri, mən belə deyərdim ki, ocağı öz ailə üzvlərinin birinə təqdim edəsən, onun mülkiyyətinə çevirəsən…Ona görə də mənə elə gəlir ki, Respublika Prokurorluğu bununla bağlı ciddi araşdırma aparmalıdır” – deyən millət vəkilinin sözlərinə görə, bu, birmənalıdır.
F. Ağamalı qeyd edib ki, bu qanunsuz əməli edənlər, bu cinayətə yol verənlər məsuliyyətə cəlb olunmalı və həmin uşaq bağçası da Mehdiyevin ailəsindən, qızından alınmalı və yenidən uşaqların ixtiyarına təqdim olunmalıdır.
“Bax bu olardı ədalətli bir yanaşma. Bax gör hələ bir fakt elə bu formada üzə çıxdı. Hər kəsə bəllidir ki, Ramiz Mehdiyevin təkcə Abşeronda min hektarlarla torpaq sahəsi var. Hətta bu yaxınlarda, adını çəkmək istəmirəm, hörmətli bir insanla söhbət edəndə belə bir fikir söylədi ki, Xaçmazda olan qanuni torpaqlarını Mehdiyevin kürəkəni, Xaçmazın keçmiş deputatı zorla onun əlindən alıb, özününküləşdirib, özəlləşdirib… Həmçinin, bu adamın Bankı var…Zülfüqarov qardaşları deyirdilər,  ölkədə armatur istehsalı ilə məşğul olurdular, onların başına nə oyunlar gətirildi.
Onların hamısı müflisləşdirildi, həbsxanaya qədər onlar salındı, haqlarında ədalətsiz qərarlar qəbul edildi… Nə üçün? Çünki onlar alın tərləri ilə, əziyyətlə qazandıqları o sahəni kiməsə vermək istəmirdilər… İndi həmin müəssisə başqa müəssisələrlə birləşdirilib, Azərbaycanda artıq armatur və digər bu tip avadanlıqlar istehsal edən böyük bir zavoda cevrilib. Onlarla, yüzlərlə belə müəssisələr var ki, çox sahələrdə o monopoliya, imreriya yaratmışdı. İndi bilmirəm bu monopoliya, imperiya qalıb-qalmayıb, amma təsəvvür edin, bu adam həm də uşaq bağçasına göz tikibsə, baxın, görün ki, hansı mənəviyyatın daşıyıcısıdır…Mən heç nə demirəm, siz özünüz qiymət verin”-deyə, o, sözlərinə əlavə edib.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Müstəqil.Az
Share: