73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli Masallı rayonunun Mədəniyyət evində seçicilərlə növbəti görüşünü keçirib.
Seçicilərin fəallığı ilə keçən görüşdə çıxış edən deputatlığa namizəd ötən dörd ildə ölkəmizin həyatında baş verən hadisələri , Zəfər savaşı ilə başlayan uğur dövrünü geniş şəkildə təhlil etmişdir. Qarşıdan gələn Milli Məclisə seçkilərin əhəmiyyətini xüsusilə qeyd edən F.İbrahimli Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin necə inkişaf etdirilməsi istiqamətləri, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan rolu, müasir siyasi-iqtisadi gedişat kontekstində dövlətimizin yürütdüyü dərin düşünülmüş siyasətin açdığı perspektivlərdən danışıb.
Deputatlığa namizəd Masallı rayonunun inkişafı ilə bağlı son illərdə görülmüş genişmiqyaslı işlərdən və həllini gözləyən problemlərdən söz açaraq, Milli Məclisin üzvü olaraq seçicilərinin səsinin lazımi ünvanlara çatmasında, qaldırılan məsələlərin həllində göstərdiyi səylərdən bəhs etmişdir.
Görüşdə iştirak edən seçicilərdən İldırım Allahyarov, Cavid Əsədov, Ədalət Həşimov, Əziz Hüseynov, Əlixan Feyzullayev, Səid Vəliyev, Kərimova Hümay çıxış edərək 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirib.
Daha sonra Fəzail İbrahimli görüşə toplaşanların çoxsaylı suallarını cavablandırmışdır. Görüş bitdikdən sonra da ayrı-ayrı şəhər sakinləri xahiş və istəkləri ilə deputatlığa namizədəmüraciət etmiş, bununla bağlı da geniş müzakirələr aparılmışdır.