Soylu ATALI
Hakimiyyətdə olanlar öz yerlərinə göz dikənlərə, başqa sözlə hakimiyyətə gəlməyə real imkanları olanlara qarşı cəlladlıq edir, onları əzmək, sıradan çıxarmaq üçün bəhanələr düşünürlər. Yalandan da olsa, əsaslandırıla biləcək faktlar əldə etməyə çalışırlar.
XXX
Bunun üçün onlar hakimiyyətə gəlmək imkanları olmayanlar üzərində möhkəmlənirlər.
Nitşe belə bir gedişə əxlaqın gücünün çatmadığını elan edir, bunu alqışlayır. Nitşeyə görə əxlaq yalançı təsəlli kimi Nihilizmin qaynağıdır. Yəni əxlaq – zəiflərin üz tutduğu xülyəvi bir yoxluqdur. Əqli, iradi güc yeganə qurtuluş kimi sunulur topluma. Əslində zorluluq, güclülük meyar kimi qəbul olunur. Ona görə də terrorçuluq siyasi həyatın hərəkətverici qüvvəsinə çevrilir. Hətta əqli gücə qarşı fiziki gücün tətbiq olunması normal qarşılanır. (Söz yox, əqli güc hələ mənəvi güc demək deyil). Çünki zorçuluq ölçü kimi oturuşduğundan hər kəs ona artıq təbii baxır. Zorçuluq anarxiyasını dövlət qanunları ilə belə, tənzimləmək olmur.
xxx
Tarix həmişə sübut edib ki, zora pənah aparan hər kəs özü zorlunun amansızlığı ilə üz-üzə qalanda mərhəmət gözləyir, ədalət umur. Özünüqoruma məqamında mənəviyyat yada düşür, əzilməmək üçün zorludan mənəviyyat gözlənilir. Bu ümid ən qəddar adamı belə, heç vaxt tərk etmir.
xxx
Hər kəs güclü olmaq istəyir. Ancaq bu gücün bilinməsi, yaşaması üçün başqalarının əzilməsi gərəkdir. Əslində hər bir güclü olmaq istəyən kəs həmin başqalarından biridir. Yaşadığımız kapitalizm mühiti bu prinsipə əsaslanır: yəni nə qədər bacarırsan ayaqla, yüksəl.
xxx
Nitşenin “hakimiyyət əzmi”ndən belə çıxır ki, qadın ya erkəkləşməli, ya da məhv olmalıdır. Çünki güclülük ölçüsündə analıq mərhəmliyini yaşadan zəmin olmur. Belə halda övlad dana kimi böyüməlidir. Buynuzlamaq imkanı, istəyiylə toplumun içinə buraxılmalıdır. Bu buynuzlamanı kapitalizm qanunları “sivil” formaya salar ki, dağınıq şəkil almasın. Deməli, dövlət vəhşiliyin tənzimləyici qurğusu kimi fəaliyyət göstərməlidir.
xxx
Nitşe bir çox məsələlərdə gerçəkliyi yaxşı analiz edir. Ancaq gerçəkliyin anlamını bir qırağa qoyur sanki. Gerçəkliyi diriltmək əvəzinə onu öldürür. Başqa sözlə, həyatı var etmək üçün onu gözəlləşdirmir, gücləndirir. Güclü həyat özünə qarşı yönəlir.
xxx
Nitşe insan xarakterinin gerçək çirkinlikləri arasında dayanıb yol axtarır. Bu xarakterdən “o üzdə” daha möhtəşəm çirkinliklərin aşkarlanmasına çalışır. Yəni güclülüyün doğuracağı xudbin münasibətlərin mövcud olması üçün “fəlsəfi” zəmin hazırlayır.
xxx
Soyuq, amansız güc zəiflik adlanan çirkinlikləri (?) öldürmür, qovur. Ancaq hara qovur?! Bu qovma toplumun münasibətlərində çirkinlik dairəsi cızır. Nəzərə alsaq ki, doğuluş əbədi prosesdir, insan da daim güclülük prinsipi ilə qovacaq, onda tərəqqidən danışmaq hansı məntiqə sığır, bunu anlamaq asan deyil.
xxx
Nitşe xudbinliyi böyüdür, yaşadır, onun “fəlsəfəsini” yaradır. Xudbin olmadan yaşamağın sürülük olduğunu vurğulayır. Bizə görə hakimiyyətə vurulmaq yalnız xudbin ürəklərin həvəsidir. Hakimiyyətə vurulan milli keyfiyyətləri itirir. Hər şey onun üçün hakimiyyətin kölgəsi kimi dərk olunur.
xxx
Nitşe güclü xarakterləri gözəl, məğrur, gümrah sayır. Qalib əhvalnan yaşamayan zəifi günahkar bilir. Bəs onda uşaqlar, qadınlar, qocalar, xəstələr necə olsun?! Nitşenin “güclüsü” mərhəmət duyğusunu itirir axı. Nitşedə quldar bacarıqlıdır, güclüdür, məharətlidir, ona görə də gözəldir. Nitşenin güclü insanı özünə deyil, başqalarına qalib gələn insandır.
xxx
Nitşe İsa peyğəmbərin azğınlığı islah eləmək çağırışına ikrah edir. Çünki müqəddəslik tanımır.
xxx
Nitşe güclü zəka ilə qurulan tordur. Çağdaşlaşmanın zahiri yenilik çağırışında inkişaf axtaranlar bu tora tez düşürlər.
Bu cür kosmopolit tələlərə düşmək milliliyi itirməkdir. Hesab edirik ki, milli təfəkkür yiyələri milli şüurumuza tor quran nəzəriyyələri dağıtmalıdır.