Faciəvi şəkildə ölən şəhid oğlu və qazinin meyiti tapıldı — Yeniləndi

Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb.

“Qafqazinfo” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri  – 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda aşkar edilib. Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla birgə dənizdə batan Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Onların ikisi də Qaradağ rayon Lökbatan qəsəbə sakini olub.

***

Lökbatanda ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbətən qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Share: