Dəniz- özündə hüzuru, rahatlığı və təhlükəni, ölümü eyni anda ehtiva edən, insana qorxu ilə yanaşı, sonsuz sevgi bəxş edən möcüzə…
Mavi Xəzərin qoynunda yerləşən Bakının taleyidir həm də dəniz. Elə bir tale ki, nə özünü ona sonsuz güvənlə etibar edə bilirsən, nə də qaçıb canını qurtara. Heç qaçmaq ağlının ucundan da keçmir. Axı bu sənin şəhərinin qədəridir…
Bir də taleyini dəniz, dənizçiliyə bağlayanlar var. Onlar hər cür təhlükəni göz önünə alıb illərlə dənizin keşiyində duran, sulara könül verən qəhrəmanlardır.
Dəniz demişkən, Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 10-cu sessiyasının qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il sentyabrın 25-də Dünya Dənizçilik Günü qeyd olunur. Həmin günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini dəniz nəqliyyatının təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin əhəmiyyətli aspektlərinə yönəltməkdir.
Biz də bu günün şərəfinə üzümüzü təcrübəli dənizçi, şair-publisist Faiq Balabəyliyə tutduq. Onunla dalğaların qulağını cingildətdik azacıq:
– Faiq bəy, Beynəlxalq Dənizçilik Gününüzü təbrik edirik. Neçə ildir dənizdəsiniz?
– Təşəkkür edirəm. Bu gün münasibəti ilə təbrikinizi təkcə özümə yox, bütün dənizçi dostlarıma, həmkarlarıma ünvanlayıram. Onlara da dənizçilik fəaliyyətlərində uğurlar arzu edirəm.
Mənim dənizlə ünsiyyətim elə orta məktəbi bitirəndən sonra başlayıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dəniz Yolları Məktəbində (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası- Ş.M) təhsil almışam. Tələbəlik illərimi də nəzərə alsaq, artıq 44 ilə yaxındır ki, dənizlə həmsöhbətəm.
– Dəniz sizin iş yeriniz, dənizçilik peşənizdir. Bəs şair Faiq Balabəyli üçün dəniz nədir?
– Bəli, dəniz mənim iş yerimdir. Eyni zamanda mən jurnalistika ilə də məşğul oluram, bu sahədə də təhsil almışam, baş redaktor işləmişəm, hazırda bir sayt rəhbəri, “Ədəbiyyat qəzeti”nin əməkdaşıyam. Amma yenə də mən hər zaman özümü dənizçi saymışam, bu gün də gəmi kapitanı olaraq əmək fəaliyyətim davam edir. Şair Faiq Balabəyli üçün dəniz darıxmağı öyrənmək, darıxmağa dözməkdir. Ailəmi dolandırdığım yerdir. Mən özümü dənizsiz təsəvvür etmirəm. Gəzdiyim ölkələr, şəhərlər, limanlar mənə dünyanın, insanların necəliyini öyrədib. Dənizi özümə həm də yaxın dost bilirəm. Tənha zamanlarımın sirdaşı dəniz olub. Ürəyimdəki sözümü dənizə demişəm, ona danışmışam, deyirəm və bu həqiqətən də belədir. Yaradıcılığımda dəniz mövzusu əsas yerlərdən birini tutur. Dənizə aid çox sayda nəsr və nəzm nümunələrim var.
– “Dənizçinin yuxusuna torpaq ətri girər hər gün”-deyirsiniz. Torpaq dənizçinin arzusudur, ya yuvası?
– Dənizçi sahildə olanda dəniz üçün, dənizdə olanda sahil üçün darıxır. Torpağın ətri üçün, torpağın özü üçün burnunun ucu göynəyir. Dənizçi matrosun “torpağı görürəm” sevinci ilə yaşayır. Torpaq dənizçinin həm arzusu, həm də sığınacağıdır. Dənizin ortasında olan torpaqlar-adalar insana daha doğma gəlir. Həmin adalar dənizçinin yuvasıdır. Bir də qağayılar.
Kəsilib “gülüşü” qağayıların
nə bilim, yazdığı yuxudur, bəlkə
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudur, bəlkə.
Dəniz dostluğun, ayrılığın vüsalın simvoludur mənim üçün.
– Dənizçilikdən bezdiyiniz, ya da yorulduğunuz olub?
– Olub, əlbəttə. Bəzən doğmalarımın xeyrinə, şərinə gəlib çata bilməyəndə bezirsən, usanırsan ki, bu necə yaşayışdır?! Amma dənizçilərin bir-birinə sədaqətini, insanlığa rəğbətini görəndə “yaxşı ki, bu sahəni seçmişəm”- deyirəm. Dənizdən yorulmağım olmur. Çünki dəniz həm də mənim istirahət yerim, ilham mənbəyimdir.
– Dənizə şeir yazmaq asandır, yoxsa dənizdə şeir yazmaq?
– Bəlkə başqaları üçün çətindir, amma mənim üçün dənizə şeir yazmaq çətin deyil. Çünki mən yaşadıqlarımı, gördüklərimi, keçirdiyim hisslərimi yazıram. Dənizə yazdığım bütün şeirlər həyatımdan keçən şeirlərdir, müşahidələrimdir, yaşantılarımdır. Köhnə gəmilərin, sahibsiz limanların taleyi bir insan taleyi kimi mənim gözümün önündən keçir, mənə fərqli duyğular yaşadır.
O ki qaldı, dənizdə şeir yazmağa, yaradıcılığımın 90 faizi dənizdə yazılıb. “Kəsilməyən həyəcan fiti”, “Yaşıl yuxulu dəniz”, “Bakı buxtası – 20 yanvar”, “Dəryada gəmim qaldı” kitablarım sırf dənizlə bağlı kitablardır. Digər şeir kitablarımda da yer alan nümunələrin çoxu dənizdə yazılıb. Dənizdə işləmək, dənizdə şeir yazmaq çox asan və rahatdır mənim üçün.
– Gələcəkdə Dənizçilik Gününün ölkəmizdə necə keçirilməsini istərdiniz?
– 2014-cü ildə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü olandan bəri bu gün ölkəmizdə təmtəraqla keçirilir. Xüsusilə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra rəhbərliyin təşəbbüsü ilə Azərbaycanda Dənizçilər Günü və Dənizçilik Günü çox yüksək səviyyədə təşkil olunur. Televiziyalar, mətbuat hər zaman bu mövzuya yer verir, dənizçilərə dövlət mükafatları, orden, medallar, Prezidentin fərdi təqaüdü verilir. Bilirəm ki, bu gün Azərbaycanda bundan da yaxşı keçirilə bilər və keçiriləcək də…
Şahanə MÜŞFİQ
“Yeni Azərbaycan”
25.09.2024