FALÇI YANINA GEDƏN MƏMURLAR…- KULTUROLOQ SƏRT DANIŞDI

Aydın Xan Əbilov: “Falçılar həmişə deyirlər ki, yanımıza vəzifəli şəxslər gəlir. Fikrimcə, hansısa məmur falçıya müraciət edirsə, həmin dəqiqə vəzifəsindən azad edilməli, həbs olunmalıdır”

“Dövlət məmurlara səlahiyyətlər verir, vəzifə tapşırır, onlar isə falçı yanına getməklə məşğul olurlar. Bu cür mənfi tendensiyalar pislənməlidir

“Həm dünyada, həm də Azərbaycanda fırıldaqçıların insanları müxtəlif vasitələrlə aldatması, pul qopartması prosesi geniş yayılıb”.
Müstəqil.Az bildirir ki, bunu “Sherg.az”a cəmiyyətdə və eləcə də televiziya məkanlarında meydanları genişlənən falçı və ekstrasenslər haqqında danışarkən kulturoloq Aydın Xan Əbilov deyib. O diqqətə çatdırıb ki, dələduzlar sosial şəbəkələr, internet vasitəsilə və ya müxtəlif “biznes” strukturları yaratmaqla insanları aldadırlar:
“Falçılıq isə son vaxtlar yaranmış neobiznes sahəsidir. Qeyri-adi güclərinin olduğunu iddia edən belə şəxslər ali məktəb bir yana, orta məktəbi belə doğru-düzgün oxumayıblar. Həmin şəxslərin əksəriyyəti uşaq yaşlarında travma alıb, psixoloji sarsıntılar keçiriblər. Onlarda müxtəlif qarabasmalar baş qaldırdıqda özlərini vergili insanlar sanıblar.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində əks olunan hadisələri xatırlatmaq istəyirəm. Sanki Mirzə Cəlilin o zaman “ölü cəmiyyət” adlandırdığı cəmiyyət hələ də dəyişməyib. O zamanlarda Şeyx Nəsrullahlara nə qədər inanırdılarsa, indi falçılara da o qədər inanırlar. Cəmiyyət elmə-təhsilə meyl etdiyi qədər, falçılara da meyl edir. Bu tendensiyanı zəiflədib, sıradan çıxarmaq lazımdır. Falçıya inam zərərli haldır və cəmiyyəti məhvə aparır”.
Bir müddət əvvəl aparıcı Rövşanə Ağasəfqızının verilişində ekstrasens Bayram Nurlu yaşadığı qalmaqalı xatırladan A.Əbilovun fikrincə, ilk baxışdan kütlənin falçılara meyl etdiyi görünür:
“Halbuki, cəmiyyətin intellektual təbəqəsi verilişin mənfi qəhrəmanını qınamaqla, bizlərə dəstəyini ifadə etməklə falçılara “yox” demiş oldu. Bundan sonra da belə təbliğatı davam etdirmək lazımdır. Məni yenə də hansısa falçı ilə verilişə dəvət etsələr, məmnuniyyətlə gedəcəyəm. Ən əsası ona görə ki, həmin ekstrasensləri ifşa edim”.
Verilişdə aparıcı R.Ağasəfqızının Bayram Nurlunu müdafiə etməsinə də toxunan kulturoloq bildirib ki, əslində həmin məqamda ironik yanaşma vardı:
“Rövşanə xanım falçının aqressiv vəziyyətdə olduğunu gördü və əsəb keçirməsindən ehtiyat etdi. Ona görə, aparıcı falçını sakitləşdirməyə çalışırdı. Əgər o şəxs ekstrasensdirsə, verilişdə kulturoloqun onu ifşa edəcəyini əvvəlcədən bilməli idi. Mən verilişdə sual verdim ki, o necə qeyri-adi qüvvələrə sahibdir ki, başına gələcəkləri bilmir, amma başqasına cadu edir, bəxt açır, gələcəyini söyləyir?
Ümumilikdə, falçıların televiziya qəhrəmanına çevrilməsi çox mənfi tendensiyadır. Bu vəziyyət böhran səviyyəsinə gəlib çıxır. Falçılar verilişdə həmişə deyirlər ki, yanımıza məmurlar, vəzifəli şəxslər gəlir. Fikrimcə, hansısa məmur falçıya müraciət edirsə, həmin dəqiqə vəzifəsindən azad edilməli, həbs olunmalıdır. Dövlət məmurlara səlahiyyətlər verir, vəzifə tapşırır, onlar isə falçı yanına getməklə məşğul olurlar. Bu cür mənfi tendensiyalar pislənməlidir”.
Aysel Aslan

 

Share: