Fantastika yoxsa allahlıq iddiası? – Şəfiqə Şəfa yazır

Müstəqil.Az Şəfiqə Şəfanın “Alimlərin və yazıçıların ortaq marağı: fantastika yoxsa allahlıq iddiası?” adlı məqaləsini təqdim edir:
Alimlərin ən maraqlı və vaz keçə bilmədiyi təcrübələrindən biri hibrid yaratmaqdır. Bu günə kimi gerçək-xəyali olaraq heyvanlar, bitkilər, hətta insanlar üzərində qarışıq növləşdirmə prosesi aparıblar. Bu cür qarışıq canlının əldə olunması bəlkə də insan şüurunun alt yapısından irəli gəlir. Çünki ağlımız kəsəndən yarıinsan-yarıheyvan və ya yarıtanrılar haqqında sirli, qorxulu nağılları çox dinlədiyimizdəndir ki,  bəzi alimlər də uşaqlıq xəyallarını reallaşdırmağa çalışırlar. Amma hibrid yaratma meyli təkcə elmdə deyil, ədəbiyyatda da özünə yer edə bilib ki, bu təxəyyülün sayəsində dünya ədəbiyyatına antik dövrlərdən bu yana çoxsaylı fantastik əsərlər daxil olub.
 Hibrid haqqında bizə ilk məlumat elə antik yunan ədəbiyyatında verilir. Tanrılar və insanların izdivacından yaranmış yarıtanrılar – Herakl, Promotey, Atlant, eləcə də heyvanlarla insanın qarışığından əmələ gələn kentavrlar (yarı at, yarı insan) və s. Yeri gəlmişkən, Hibrid latın sözü olub, əslində, bir millətin digəri ilə qarışığına deyilir (bizdə metis anlayışı kimi). Daha doğrusu, o dövrün ən elit xalqı sayılan romalının qeyri-romalı ilə nikahından yaranmış uşaq nəzərdə tutulur.  Bənzər mövzuya Qədim Misir ədəbiyyatında da rast gəlmək mümkündür. Amma yunanlardan fərqli olaraq misirlilər tanrılarını daha toxunulmaz hesab edir və onların insanlarla izdivacını təsvir etmirdilər. Güman ki, bu Qədim Misir elitasının adi insanı saymazdan gəlmələri ilə bağlıdır. Onlar daha çox tanrılarının heyvanlarla izdivac qurub yeni və güclü nəslin formalaşmasının tərəfdarı idilər ki, bizə gəlib çatan təsvirlərində də başı şir, pişik, əjdaha, bədəni isə insan olan tanrıların təsvirləri, fiqurları mövcuddur.
 Nəzərə alsaq ki, nağıl və dastanlar keçmiş və ya gələcəkdən bəhs edən bədii xəbərdarlıqdır, deməli qeyd etdiyimiz hibridlərin bir zamanlar həqiqətən də mövcud olduğunu ehtimal etmək olar. Hər halda alimlərin bugünkü çabası da elə bu cür qarışıq növlərin əldə olunmasıdır. Çılğın alim təxəyyülü sonunu düşünmədən, yaratdıqları məxluqatların bəşəriyyətə fəsadının olub-olmayacağını hesaba almadan elm uğrunda bu təcrübəyə yox deyə bilmirlər. Məsələn, bu günlərdə daha bir hibridin yaradılması haqqında məlumat yayıldı. Cek Horner adlı alim və onun komandası hələ 2015-ci ildə toyuq və kərtənkələ hüceyrələrini birləşdirərək ilk kurozavr hibridini yaratmışdı. Sonrakı illərdə daha da təkmilləşdirərək başı kərtənkələ, bədəni toyuq olan yeni növ yarada bildilər. Həmin alimlər belə növün təbiətə bəxşiş olduğunu və 5 ildən sonra hər bir kəsin xüsusi mağazalardan bu cür toyuqlar alıb saxlaya biləcəyini deyirlər. Amma bir tərəfdən din xadimləri, digər tərəfdən də ağlı başında olan, gələcəyi təhlükəsiz görmək istəyənlər bu yeni növə qarşı etirazlarını bildirirlər.
 
 Təbii ki, alimlərin belə əcaib təcrübələri ədəbiyyata çoxsaylı süjet verir. Ədəbiyyatda mistik-fantastik janr geniş vüsət almağa başlayarkən əsas müraciət olunan mövzulardan biri də hibridlərdir. Hibridlərin ən uğurlu ədəbi nümunəsi isə ingilis yazıçısı Meri Şellinin “Frankenşteyn və ya müasir Promotey” romanıdır. Xanım yazar yuxuda gördüklərini sətirlərə köçürərək dünya ədəbiyyatı üçün fantastik şedevr yarada bilib.
 Romanın baş qəhrəmanı olan Viktor Frankenşteyn öz müəllimi Voldmanın təsiri ilə həyat və ölümün səbəblərini araşdırır. Bununla bağlı saysız-hesabsız təcrübələr həyata keçirir. Öz məqsədinə uğurla nail olan Frankenşteyn, o günə qədər toplamış olduğu insan cəsədlərinin hissələrini diriltməyi bacararaq nəhəng insan yaradır. Amma yaratdığı məxluqun simasını görəndə qorxusundan qaçıb uzaqlaşır. Bu hadisədən bir müddət sonra onun kiçik qardaşı öldürülür. Məhkəmə qətldə qulluqçunu günahkar bilib edam etsə də, Viktor bunu yaratdığı monastırın etdiyini anlayır. Bədheybət özü laboratoriyadan tapdığı gündəlik vasitəsilə Viktoru tapır. Ona danışmağı necə öyrəndiyini, insanların ona nifrət edib, qorxunc simasına görə hər yerdən qovduğunu deyir. Tələb edir ki, onun üçün qadın yaratsın. Viktor qorxusundan razılaşıb tənha adada qadını yaradır, amma bu dəfə elmi nailiyyətdən çox bəşəriyyətin gələcəyini düşünür. Çünki iki bədheybətin izdivacından yaranan yeni məxluqlar çoxalıb insanlara təhlükə yaradacaqdı. Odur ki, yaratdığı dişi məxluqu məhv edir, ancaq bununla da bədheybəti daha da qəzəbləndirir. Yaşadığı şəhərə qayıdan Viktor evlənir, amma toy gecəsindəcə bədheybət gəlini öldürməyə macal tapır. Oğlunun bədbəxtliyinə dözməyən atası da dünyasını dəyişir və beləcə gənc alim bütün ailə üzvlərini itirir. Bütün bunlardan dəhşətə gələn Viktor öz yaratdığı bədheybətdən qisas almağı düşünür. Bədheybəti axtara-axtara Şimal Qütbünə qədər gedib çıxır. Amma burda məxluqun fövqəlinsani gücü qarşısında aciz qalır. Həyati təhlükədə olan alim, gəmi kapitanı tərəfindən xilas olunur. Başına gələnləri kapitana nağıl edəndən sonra dünyasını dəyişir. Kapitan Viktorun meyitinin olduğu kayuta girəndə bədheybətin onun başının üstündə ağladığını görür. Bədheybət ona etdiyi əməllərdən peşman olduğunu və həyatına son qoyacağını deyərək oradan uzaqlaşır.
 Meri Şelliyə qədər müxtəlif fantastik əsərlər yaradılsa da bunların heç biri elmi nailiyyətlərə əsaslanmırdı. Şelli isə o dövrün ilk texnoloji icadlarından olan Qalvanizm cərəyanına əsasən obrazını canlandıra bilmişdi. Qalvanizm – İtaliyanın Baloniya Universitetinin fiziki Luici Qalvaninin təcrübəsi idi. Qalvani hesab edirdi ki, istənilən canlı əl və ayaqlarını hərəkət etdirmək üçün elektrik enerjisinə ehtiyac duyur. Başqa sözlə, hərəkətlərin kökündə elektrik enerjisi dayanır. Digər canlıların üzərində apardığı təcrübələrdən sonra, Qalvani ölmüş məhkumların üzərində də təcrübə aparıb. Ölü insanların bədənindən güclü elektrik cərəyanı keçirməklə möhtəşəm nəticələr əldə edib: ölünün gözləri açılıb bağlanıb, əli qalxıb. Cərəyan miqdarı artırıldıqda isə ölü qalxaraq oturub.
 Qalvaninin təcrübələri elmi-fantastik yazıçıların əksəriyyəti üçün ilham mənbəyi olmuşdu. Bunlardan amerikalı Edqar Allan Po, britaniyalı Herbert Uellsi misal göstərmək olar.  Sonuncunun “Doktor Moronun adası” əsərində yenidən hibrid mövzusu qabardılır. Bu dəfə həkim Moro kimsəsiz adaya gələrək elmi təcrübələrini həyata keçirir. Müxtəlif heyvanları bir-birinə “calaq” edir və şir bədənli-dovşan başlı, tülkü bədənli-ceyran başlı və s. yeni növlər yaratmaqla təbiətin düzənini alt-üst edir. Heyvanlara insan kimi danışmağı öyrədən həkim onların insani davranışları üçün də qanunlar icad edir və öz adasının hakimi olur. Bu canlıların da müxtəlif duyğulara yiyələnmələrini istəyir. Amma düşündüyünün əksi olur. Yırtıcı heyvan-insanlar qısa müddətdə qanunları pozaraq bir-birini və öz yaradıcısını parçalayırlar.
 Beləliklə hibrid mövzusu alimlərlə yanaşı fantastların da ürəyincə olsa da, ikincilər bu məsələdə daha məntiqli davranırlar. Əslində, yazdıqları əsərlərlə alimlərə bu allahlıq “qabiliyyəti”nin natamam olduğunu eyham vururlar. Böyük xəyalları və iddiaları olan alimlər hibrid axtarışı üçün çox təcrübələrə əl ata bilər, amma onların saydığı ilə fələyin hesabı həmişə üst-üstə düşmür. Tanrı ona şərik olmaq istəyənlərə daim acizliklərini xatırladır.
(Artkaspi.az )
Share: