“Feodal təfəkkürlü Ramiz Mehdiyevin heç bir…” – Deputatdan sərt açıqlama 

“Əli İnsanovun son müsahibəsində bu fikirlər diqqətimi çəkdi: “Yeni gələn kadrlara mən fikir verirəm, heç bir təcrübəsi olmayan, öz sahələrindən belə başı çıxmayan, heç bir şey edə bilməyəcəkləri də bəri başdan bəlli olan bir yeni qruppadır.” Əli İnsanov nəslinin kadrları ölkəyə korrupsiya, dövlətin qanunlarına saymamazlıq, yekəxanalıq, mədəniyyətsizlik gətiriblər”.

Müstəqil.Az xəbər verir ki, bunları tanınmış təhsil eksperti, deputat Etibar Əliyev sabiq səhiyyə naziri Əli İnsanovun son müsahibəsinə münasibət bildirərkən yazıb.

Deputat özünün “Feysbuk” səhifəsində paylaşdığı yazısında daha sonra qeyd edir: “Əli İnsanovun 12 il rəhbərlik etdiyi səhiyyə sistemi korrupsiya, yerlibazlıq, istedadlı kadrların vurulması ilə bataqlığa yuvarlandı. Feodal təfəkkürlü Ramiz Mehdiyevin heç bir elmə və standarta söykənməyən kadr siyasəti, əlləm-qəlləm işləri ölkədə savadlı insanların əlini işdən soyutdu. Həbs olunan icra başçılarının himayədarı idi. Savadsız kadrlar onun gözünün işığı idi. Onun himayə etdiyi, lakin işdən azad olunmuş icra başçıları indi də toplaşıb dövlətin əleyinə iş aparırlar. Əli İnsanov nəslinin şanlı kadrlarından biri Azərbaycan təhsil sistemini yerlə-yeksan etdi. Məktəb direktoru, maarif müdiri vəzifələrinin qiymətini 11-ci sinif şagirdləri də bilirdi. Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universiteti gözəl tostlar deyən birinin rəhbərliyi ilə kollec səviyyəsinə endirildi. Biri Pedaqoji Universitetdə artıq türk tələbələrdən rüşvət tələb edəndə Türkiyə səfirinin işə qarışmasından sonra vəzifədən kənarlaşdırıldı. “Narxoz”, AZİ korrupsiya yuvasına çevrilmişdi. Vergi cəlladı Fazil Məmmədovun əlindən ölkədə sahibkar qalmadı. Az qala Əli Həsənovu unutmuşdum. Adam savadsızlığı və ambisiyası ilə ölkə mətbuatını 100 il geri atdı. Bunlarımımı deyirsiniz?! Mən ölkəni yağmalayan, onun inkişafına mane olanların hələ bir neçəsinin adını çəkdim”.

E.Əliyev yazısını hazırkı komanda haqda fikirlərini qeyd etməklə yekunlaşdırır: “İndiki kadrlar birmənalı şəkildə rüşvətxorluqdan uzaq, yüksək təhsil görmüş, sizlər kimi yalançı sədaqətdən danışmayan insanlardır. Postsovet məkanına diqqət edin: yalnız bizdə keçmiş korrupsionerlər islahatlara müqavimət göstərirlər. Qalan respublikalarda belə insanlar tamailə siyasi səhnədən siliniblər…”

Müstəqil.Az

Share: