“Ferentsvaroş”un oyunu təxirə salındı

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Budapeşt təmsilçisi “Qarabağ”la matça daha yaxşı hazırlaşmaq üçün Macarıstan Futbol Assosiasiyasına müraciət edib və müsbət cavab alınıb. Matçın yeni vaxtı daha sonra açıqlanacaq.

Yeri gəlmişkən, “Ferentsvaroş” bu gün yerli çempionatda mövsümün ilk oyununa çıxacaq. Komanda ilk turda “Puşkas Akademiya”sını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-da Budapeştdə keçirəcək.


Share: