Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qurumdan verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobili ilə “Mercedes-Benz” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində köməksiz vəziyyətdə qalmış bir nəfər xilas edilib.
Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda DAF markalı yük avtomobilinin vətəndaşı vurması nəticəsində avtomobilin altında qalmış bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.