Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 5-dən başlayaraq 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
“Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Eyni zamanda, mövsümlə əlaqədar insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.