Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib.
FHN-dən -ya verilən xəbərə görə, müraciətdə deyilir:
“Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir.
Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək, tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir”.