Fikrini xoşlamadıqları şəkildə insanlara çatdıran satirik şair DƏDƏKİŞİ SOLĞUNUN aqibıti

Satiranın bir ucu siyasətlə bağlıdır. Satirikin qəbuledilməz sayıldığı instansiyalar var.

Dədəkişi Solğun (Musayev) 1952-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. Orta ixtisas təhsili alıb. Şair yaşadığımız yüzilliyin əvvəllərində eşqdən-məhəbbətdən şeir qaralayıb başını girələyirdi. Daha çox qəzəl, qoşma və gəraylıları mətbuata ayaq açırdı. O zaman “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olan İbrahim Quliyev bu adamın qeyri-adi istedadını üzə çıxardı. Sən demə, Dədəkişi Solğunda satirik şeirlər daha təsirli alınırmış. “Oyan, mənim məzlum xalqım” deyən şairin hər misrası onun həyatını təhlükə altında qoyur:

 

Yetər artıq bu dözümlük, çax ey şimşək, əs ey külək,

Bir loxmalıq çörək üçün zibil eşir min ağbirçək.

Bu nə gündür? Nə ruzgardır?- Gözün çıxsın sənin, fələk,

Dəyişibmi, de, zamana, yun döşəkdə yatır eşşək?

Möcüzənə milyon şükür, gətirmirəm işinə şəkk,

Zülüm qalır yer üzündə qucaq-qucaq, ətək-ətək.

Zəncir, bıçaq, zindan ilə alınıbdır gur səsimiz,

Elə bir dərdə düşmüşük, gedir-gəlmir nəfəsimiz.

 

Dədəkişi oxucusundan soruşur: Tufan niyə qalxmadı? Bu qədər kəskin, ironik, sarkaik misralar Baba Pünhanda da var:

 

Ey badi-səba, əs yenə tufanları qaldır,

Yatmaqda olan millətə sən surunu çaldır.

Qorxuyla qoy əssin neçə dizlər, neçə baldır,

Yatmaqla azadlıq diləmək müftə xəyaldır.

Susma, nə olur, əs yekə bir vəlvələ saldır,

Hürriyyət varsa da yolu – cəngi-cidaldır,

Tufan niyə bəs qalxmadı sübhün işığında?

Çeynənmədə ömrüm yenə zülmün qaşığında.

Bu qəzəb, bu nifrət nə üçündür? Şair iqtisadi cəhətdən dün­ya­nın ən inkişaf etmiş ölkəsində nədən narazıdır? Bilirsinizmi, Dədəkişi Solğun hansı peşənin sahibidir? Müəllimdir? Yox! Məmurdur? Yox! İş adamıdır? Yox! Fəhlədir? Yox! Bəs kimdir? Diplomunu evində mirgə yeyən Dədəkişi Musayev Bakıda dəmir yolu vağzalında yük daşıyır! Bax, budur istedadın faciəsi! Şairin faciəsi şair xalqın faciəsidir. Dədəkişi Solğun bir satirik şeirində yazır:

 

Hər ikimiz qoşa gəldik vağzala,

Vağzal… zibillərdən qurmuşdu qala.

Yollar partlaq-partlaq olmuşdu çala,

Hər baxan vağzala edirdi nifrət,

Burda olunmurdu bir kəsə hörmət.

 

Burda abır, burda həya, ismət yanırdı,

Başsızlıq günbəgün cilalanırdı.

Çünki çoxlarının payları vardı,

Tamam yox olmuşdu burda nəzarət,

Burda olunmurdu bir kəsə hörmət.

 

 

Əgər alim gündəlik bazarlığını “nisyə edib borc içində boğu­lursa”, “müəllimin gözündə ürfan evi dağılırsa”, demək, “elmin başına düşən daş başına tən deyil”. Gör oxuyan nə edir, “dərsdə yatan neyləyib!” Elə buna görə də şeirin-sözün qədri-qiyməti azalıb.

Dədkişi Solğun yaradıcılığında ənənəvi şeirə də rast gəlmək mümkündür. Şairin 2003-cü ildə işıq üzü görmüş “Asın türk bayrağını Dan ulduzundan” adlı poetik toplusunda belə şeirlər çoxdur:

 

Gəl bu qədər bel bağlama dünyaya,

Verdiyi hər şeyi alandı dünya.

Qaldırar, ucaldar kimi istəsə,

Yenə keçmişinə salandı dünya.

 

Beş günlük ömrün nə mənası var?

Zaman işin görür, ömür biqərar.

Kişidə lazımdı ilqar, etibar,

Onsuz da boşalıb dolandı dünya.

 

Dədəkişi Solğunun şeirləri ömrünü ədəbiyyata, sənətə sərf edib, maddiyyatından qalanlara, dünyanın naz-nemətindən olanlara ünvanlanıb. Nahaq yerə demirlər ki, şairin, yazıçının “ciblərini axtarsan, pul yerinə söz çıxar”. Doğrudan da, əyalətdə şeirin-sənətin oduna alışıb, sözün hər mənasında “külü” qalanlar çoxdur. İqtisadi problem­lərini çətinliklə həll edən Dədəkişi Solğunun qeybət haqqında fikirləri maraqlıdır: “Allahın Rəsulu “Qeybət nədir?” sualına cavab verir ki, bu, qardaşınızın xoşuna gəlmədiyi bir şeyi söyləməkdir. Soruşurlar ki, söylənilən sifətlər onda varsa, yenə qeybət sayılır? Allahın Rəsulu bildirir ki, bəli, bu, qeybətdir. Demək, qeybət nöqsa­nın, eybin, qüsurun xoşlamadıqları şəkildə insanlara çatdırılmasıdır”. Nəticə budur ki, satiranın və satirikin cəmiyyətin bütün təbəqələri tərəfindən qəbulu və sevilməsi absurddur.

Dədəkişi Solğunun satirik şeirlərinin çoxu ünvanlıdır, o ünvan sahibləri isə əli hər yerə çatanlardır. Bu qədər cəsarətli olmaq, sözü üzə demək hər şairin işi deyil. Həqiqəti deyənin isə həmişə başı bəlada olur. Məmurların dili ilə desəm, Dədəkişi Solğun dinc oturmayan şairdir.

Dədəkişi Solğunun uşaqları da Bakıya ayaq açdılar. Bölgədə işsizlik problemi olduğundan Bakı insanlara dolanışıq mənbəyi kimi görünür. Bu da olmadıqda Rusiyaya üz tuturlar. Şair Dədəkişinin oğlu Rövşən Musayev də ailəsi ilə birlikdə Bakıya gedib, burada işləmək məcburiyyətində qalmışdı. Rövşən sağlam bədənli, sağlam düşüncəli bir oğlan idi. Dostları, tanışları onun xətrini çox istəyirdilər. Amma günlərin bir günü onun faciəli ölümü haqqında xəbər yayıldı. Kim öldürüb? Niyə öldürüb? Bilinmir. Dədəkişi ölümün səbəbini başqa cür görür və o cür sağlam bədənli oğlunu bir neçə adamın köməkləşib öldürdüyünü iddia edir. Dədəkişi Solğun (Musayev) satirik şeirləri ilə çoxlarının xoşuna gəlmirdi. Onun cırrnadıcı, dalayıcı, qıcıqlandırıcı şeirləri mətbuatda çap olunur, saytlarda yer alırdı. Özünün Facebook səhifəsi də belə kəskin tənqidi ilə seçilən şeirləri ilə zəngindir. Dədəkişi Solğun yazır:

Haqqımı mən dilədim, başımı qan eylədilər,
Sonra kəsib başımı, guya, tufan eylədilər,
Etməmişdir yaranış kimsəyə böylə zülmü,
Bu quru canda nə var idi? Talan eylədilər
Zülmü ərşə dirənib, qız-gəlinin millətimin,
Dinəni həbs eləyib,tərki cahan eylədilər.
Nə qədər zülmü zəlalət görəcəkdir başımız?
Əydilər başımızı, əski, palan eylədilər.
Kim ədalət yolunda söylədisə bircə kəlam,
Düz sözü əyri qələmlərlə yalan eylədilər,
Çox gəzənlər dedilər, Solğuna mən Həqq gəzirəm,
Aparıb ağzını zor ilə filan eylədilər.

Bəlkə həqiqət elə bu misralarda gizlənib? Bəlkə onun yazdıqları kimisə daha çox narahat edirmiş?! Dədəkişi öz taleyinə özü yaxşı bələddir. Onu nə gözlədiyini də bilirmiş:

 

Solğunam, cavankən dolmuşam yaşa,
Çıxartdin əqlimi, sən çırpdin daşa,
Bu gün möhtac oldun yenə qardaşa,
İndi öl deyirəm, ay ölən ürək.

 

Kimə deyir? Nə üçün deyir? Bunun arxasında yaşantıları dayanıb:

 

Həqq yazıb, həqq söylədim, həqq tapmadım eldən belə,
Düz nədir, səhra nədir, dərya gəzdim, göldən belə.
Çox peşimanam bu gün dünya məni var eyləmiş,
Zalimin zülmüylə bax, min dərdə düçar eyləmiş…

 

Böyük oğlunun Bakı şəhərində kirayədə qaldığı evdə müəmmalı şəkildə qətlə yetirilməsi onu əqidəsindən döndərə bilmədi. Bu sinə dağını unuda bilməyən şair bir neçə günün içində əlli yaş qocaldı. Haqq sözü dediyinə görə “cəzasını” alan insanların aqibəti acınacaqlı olur, ən azından, inamı, iradəsi qırılır. Amma Dədəkişi Solğun sınmadı, qələmini də sındırmadı, ətalətdən, boyunduruqdan, biganəlikdən, itaətkarlıqdan qisasını sözlə almaq qərarına gəldi:

 

İlahi, Yusifimi Yusifi Kənan elə sən,

Əhli Beytlərinə əhli növcavan elə sən.

 

Dilindən car eləsin Əllahü Əkbər sözünü,

Başdan dırnaqə qədər əhli müsəlman elə sən.

 

Eşqində əhli vəfa, sadiqi can olasan,

Qibleyi-ruzigara sahibi zaman elə sən!

 

Yaxud:

Çalınmamış parçalandı, külə döndü könül sazı,

Kim bilərdi kor bəxtimə Fələk yazar belə yazı?!

 

Yox, Fələyin nə günahı, bunu etmiş ancaq insan,

Susamışdır qan içməyə qalbində paslı vicdan.

 

O vicdan ki, bir ox kimi dəlir hər gün ürəkləri,

Şüşə təki əzib tökür bütün arzu-diləkləri.

 

Qürur və mənlik insanı əbədiyaşar edir. Dediyin söz səndən sonrakı nəsillərə qalırsa, demək, o nəsillər üçün yaşayırsan. Haqq yolun yolçusu olan sözün sən dünyada olmayanda da insanları ədalətə, həqiqətə səsləyir.

Dədəkişi Solğunun vəziyyətində olanlara söz təsəllisi tapmaq çətindir. Ən yaxşı sözü elə Dədəkişi Solğun özü deyir, ən yaxşı təsəllini də özü özünə verir:

 

Mən Solğun Nəsimiyəm, həqqimdən həqq istərəm,

Həqqi duymayan şəxsdən mən necə əl-haqq istərəm.

 Amma Dədəkişi Solğun satirik şeirlərlə yanaşı, gözəl lirik şeirlər də yazır. Belə şeirlərindən birini mərhum sənətkarımız Sabir Mirzəyəevə ünvanlayıb:

Öz şövqü ilə yandırır dünyanı Cahargah,
Verməz özü varkən kəsə meydanı Cahargah.
Şur istədi gizli eləsin rasta şikayət,
Gördü bürüyüb büsbütün hər yanı Cahargah.
Zəbur oxunanda dayanıb göydə mələklər,
Yerdə eləyib seyyidi, məst xanı Cahargah.
Bir nərəyə ağuş elədi mindənə ahu,
Əsir eləyib gör neçə ceyranı Cahargah.
Sabir elə ifa elədi zildə ərağı,
Zənguləsi lal eylədi Qurbanı Cahargah.
Əhsən sənə torpağ yetirib bülbülü şeyda,
Bağbansız bağa döndərdi O Şuşanı Cahargah.
Solğun vurulub dəsti möhür bu muğam üstə,
Sabir köç edib, xalq soruşur hanı Cahargah?

Dədəkişi Solğunun yaradıcılıq kredosu düzlük üzərində qurulub, sözün düzünü demək onun alnına yazılıb:

Nə baxırsan gözlərimə, taleyim,

Bəxş edib bu elə təbiət məni.

Anadan olanda mərd doğulmuşam,

Əyəmməz bic baxış, bic sifət məni.

Allah sənə səbr versin, Dədəkişi Solğun! Dili dinc durmayanlara övlad dağı çəkmək Şərq despotlarının köhnə adətidir. “Qəlbi səhralarada güclü tufan olan” Dədəkişi Solğun zamanın şairidir, elə bir zamanın ki, hər alına mübarizlik damğası vurmur.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: