Tanınmış ssenarist və prodüser Hüseyn Mehdiyev Maliyyə naziri Samir Şərifova açıq məktub ünvanlayıb.
Müstəqil.Az xəbər verir ki, məktubda Milli Məclis komitələrinin birgə iclasında nazir Samir Şərifovun son iki ildə kino sahəsinə vəsaitin ayrılmasının milli kinomuzun inkişafı naminə azaldılması və “bunun artıq öz müsbət nəticələrini verməsi” haqda fikrinə toxunulur:
“Dediyiniz kimi, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Siz yəqin ki, “gözəl kino” deyəndə Şəmi ilə Şoşunu nəzərdə tutursunuz…”
Rejissor qeyd edib ki, bu “filmlər” sənət adamlarını yaradıcı imkanlardan məhrumetməyə bəhanə ola bilməz.
H.Mehdiyev müraciətində infrastrukturun olmamasını xüsusi vurğulayıb:
“Dünyada hər 1 milyon əhaliyə orta hesabla 50-60 kinozal norma sayıldığı halda, 10 milyonluq əhaliyə cəmi 60-70 kinozalı olan (hamısı da, demək olar, mərkəzdə) bizim ölkədə kino biznesindən danışmaq ən azı sadəlövhlükdür… Söz gəlmişkən, vaxtilə bütün ölkəni bürüyən, yüzlərlə zalı olan qış və yay kinoteatrlar məhz kinomuzun inkişafı naminə özəlləşdirilmişdi… Bəs hanı o kinoteatrlar?”
Son illər milli filmlərimizin 60-dan çox ölkədə nümayiş olunaraq, 167 beynəlxalq festivalda iştirak etdiyini və 50-dən artıq mükafata layiq görüldüyünü xatırladan rejissor qeyd edib ki, ölkəmizdə belə göstəriciləri olan sahə çox deyil və bu uğurlar, filmlərimizin real qiymətinin ayrılan vəsaitdən qat-qat artıq olması bahasınadır ki, bu da sənətkarlarımızın min əziyyəti, böyük məhrumiyyətləri ilə kompensasiya olunur:
“Bütün dünya ölkələrində milli kinematoqraf üç təməl üzərində inkişaf edir: Siyasət (ideologiya və təbliğat), iqtisadiyyat (sənaye və biznes) və incəsənət (yaradıcılıq və mənəviyyat)… Bu əsas amillərin hər biri milli kinonun tərkib hissəsidir və onun inkişafı üçün vacibdir. Və ancaq onların arasında düzgün qurulan mütənasiblik onun davamlı və normal inkişafını təmin edə bilər. Məhz ona görə də bütün dünyada kinematoqrafa dövlət himayəsi mövcuddur və məhz dövlət bu mütanasibliyin pozulmasına imkan vermir və milli kinonun inkişafına məsuliyyətlə yanaşaraq, onun taleyini hansısa şəxsi qurumlardan asılı vəziyyətə salmırlar. Bütün bunlara əsaslanaraq, dünyada kinematoqrafın bir neçə inkişaf modeli mövcuddur… və bu modellərin hamısında dövlət məhz sənətə dayaq durur və onu maliyyələşdirir…”
Rejissor həmçinin qeyd edib ki, ölkədə aparılan böyük islahatlar dalğasında kinematoqrafiya ilə bağlı agentliyin yaradılması yaxşı olardı:
“Milli kinomuzda mövcud pərakəndəliyin və səriştəsizliyin qarşısını almaq məqsədi ilə dünya ölkələrinin təcrübəsindən çıxış edən və vahid konsepsiyaya söykənən, məqsədyönlü və ardıcıl fəaliyyət, infrastrukturun bərpasına və yuxarıda dediyimiz kimi siyasi, iqtisadi və yaradıcı münasibətlərin formalaşması ilə məşğul olmalı idi…”
Sonda rejissor həmkarları adından nazirə çağırış edib:
“Çox spesifik sahə olan milli kinomuzun taleyüklü məsələlərinin həllində ümumi iqtisadi qanunlardan yox, kinematoqrafın təbiətindən və xarakterindən doğan qanunlardan çıxış etməyə çağırırıq…”
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov kinoya ayrılan vəsaitin artırılmasını istəyib. Parlamentdə büdcə müzakirələri zamanı çıxış edən R.Hüseynov bildirib ki, 2016-cı ildə kino sahəsinə 65 milyon manat ayrılmışdı:
“Bunun nəticəsində onlarla qısametrajlı filmlər çəkilib. Xatırladınm ki, Qazaxıstan “Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayırmışdı. Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikrimcə, bu vəsait artırılmalıdır. Cənab Prezident Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”.
Müstəqil.Az