“Azərbaycanin çoxlu imkanlı adamları var. Milyonlar qazanan məmurundan tutmuş, yeni dövür iş adamına qədər hər şey formalaşıb. Amma bu adamlar Azərbaycan adına heç bir beynəlxalq mükafatın təsis olunmasına təşəbbüs göstərmirlər. Sənətin, sənət adamının stimullaşdırılması, mədəni elitanın formalaşması üçün heç bir iş görmürlər. Bunların bir milyonu yoxdur ki, Azərbaycan adına “Nobel mükafatı” kimi hər hansı alternativ mükafat təsis etsinlər?”
Müstəqil. Az bildirir ki, b sözləri Bizim.Media-ya verdiyi açıqlamada tanınmış ədəbiyyat adamı, ictimai xadim Firuz Mustafa səsləndirib.
Firuz Mustafanın dediklərinə görə, əslində bu cür imkana malik adamlar ölkəmizdə kifayət qədərdir:
“Söhbət dünyanın mədəni camiyəsinin diqqətini Azərbaycana cəlb etməkdən gedir. Bu mükafat həmçinin Azərbaycandan kənarda olan əcnəbi elm, ədəbiyyat və mədəniyyət sahəsində ciddi uğurları olan insanlara verilməlidir. Biz mübahisəli bir yerdə yaşayırıq, həmçinin bizi sevən və sevməyən ölkələr var. Bu tipli adekvat və ədalətli şəkildə verilən mükafatlarla dünyanın diqqətini Azərbaycana cəlb edə bilərik. Məsələn Fransa Prezidenti Azərbaycan əleyhinə hər hansı bir addım atanda, burada bir-iki milyon dəyərində, real şəkildə mükafat almış fransız yazıçı Azərbaycanı müdafiə edəcək. Azərbaycanın tolerant bir ölkə kimi tanınmasında bu tipli mükafatların da rolu ola bilər”.
Yazıçı açıqlaması zamanı belə mükafatların ancaq Qərbdə yarana biləcəyini deyənlərə də eyham vurub:
“Qərb ölkələrində az qala bütün elm və sənət sahələri üzrə çox üstün, məşhur, qiymətli, gərəkli mükafatlar mövcuddur. Məsələn, elə götürək ədəbiyyat üzrə mükafatları: “Nobel”, “Qonkur”, “Pulitser”, “Buker” və digər mükafatlar. İncəsənət üzrə “Oskar”, “Abel”, “Türinq”, “Terner” mükafatları, riyaziyyat üzrə “Fild”, fizika üzrə “Milner” və digər mükafatlar mövcuddur.
Əlbəttə, bu siyahını bir xeyli uzatmaq da olar. Yeri gəlmişkən, hətta Nobel mükafatına parodiya olaraq Şnobel mükafatı da təsis edilib ki, bunu da tanınmış simaların ən zəif əsərinə verirlər. Bütün bunları deməkdə məqsədim nədir? Adətən, bizim insanlar (adamlar, camaat, xalq, millət) şikayət edib deyir ki, həmin mükafatlar Qərbdə yaranıb və “Qərb (və yaxud yəhudi) klubunun” üzvlərinə verilir. Əcəb edirlər. Düz edirlər. Sən yarat, sənə də versinlər. Hərçənd ki, mən bu sözləri hirslənib deyirəm, çünki adları sadalanan mükafatları alanlar sırasında Şərq insanları da var”.
Yazıçı indi imkanlı şəxslərimizin heç də keçən əsrin əvvəllərində yaşamış milyonerlərimizdən az olmadığını və imkanlarının da kifayət qədər yetərli olduğunu vurğuladı:
“Hesab edirəm ki, bu təklifə ötən əsrin əvvəllərində yaşamış Tağıyev, Nağıyev, Əsədullayev kimi insanlar dəstək verərdilər. İndiki milyonçularımızın çoxu öz mahiyyəti ilə dilənçidir.
Min cür dələduzluğla, alçaqlıqla, fırıldaqla, əxlaqsızlıqla, yaltaqlıqla… pul toplayan “milyonçudan” böyük ideallar bir yana, ən kiçik məqsədlər üçün də dəstək gözləmək əslində tülkü genindən pələng almaq kimi mürəkkəb bir işdir. Amma bir daha təkrarlayıram, yalançı vətənpərvərlik eləməyə ehtiyac yoxdur, Azərbaycan adına iş görmək istəyirsənsə, bu ölkəyə uzunmüddətli xidmət göstərmək fikrin varsa, onda elmə, sənətə pul xərcləməyi də bacarmalısan”.