“Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb

“Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb

AR Mədəniyyət nazirliyi , Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyə dəstəyi ilə “Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb. Peşkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik, print, kino jurnalıdır. Jurnalın daimi müəllifəri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var. Jurnalın redaksiyasından bildiriblər ki, müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynovun da daxil olmasından məmnundurlar və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması kinomuz qarşısında duran ümdə vəzifələrdəndir. “Fokus” kino jurnalı bu məqsəd üçün uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının “kinoyazar.az” saytı bu məqsədlə yaradılmış layihələrdəndir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, jurnalın baş redaktoru Əli İsa Cabbarov saytımıza bildirib ki, jurnalın bu nömrəsinin də məqalələri ana mövzusu ətrafında formalaşıb. Jurnalın ana mövzusu “kino və poeziya”, poetik kinodur. Əli İsa Cabbarov bildirib ki, “Azərbaycan ədəbiyyatı, xüsusi ilə poeziyası çox zəngindir və kinomuza parlaq vizual obrazlar, kino dili bəxş edə bilər. Poeziyamız kinomuza dünyayaçıxmağa kömək edə biləcək özünəməxsusluq verə bilər.”

Jurnalın bu sayında Georgi Ovaşvili, Dərviz Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlar ilə eksklüziv müsahibələr var. Bundan başqa Şəhanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tof Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oqtay Mirqasımovun yaradıcılığını, Lamiyyə Abbas Tengiz Abuladzanin yaradıcılığını analiz edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun Beynəlxaq Kino Festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” filmini Aliyə Dadaşov analiz edib.

Qeyd edək ki, jurnal iyul ayının 10-dan Libraff kitab mağazaları şəbəkəsində yayımlanacaq. Kinematoqrafçı tələbələr Kinematoqrafçılar İttifaqının ofisindən pulsuz əldə edə bilərlər.

Share: